AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abel Məhərrəmov haqda daha bir ilginc iddia... - Belə deyirlər...

  • + A
  • - A
  • 10-01-2019, 11:45

    Abel Məhərrəmov haqda daha bir ilginc iddia... - Belə deyirlər...

















    Əvvəlki yazımda da qeyd etdiyim kimi, mənim BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı heç bir qərəzçiliyim yoxdur və buna heç zaman əsas da olmayıb. Çünki qərəzçiliklə ədalətlilik bir araya sığmaz. Daha doğrusu, qərəzçidə ədalətlilik, ədalətlilikdə qərəzçilik aramağa dəyməz. Qərəzçi adam həm də başqasının haqqını tapdalayan olar. Başqa sözlə, qərəzçilikdə şeytan xislətlilik var. Yazılarımı oxuyanlar da orada heç bir qərəzçiliyin olmadığını bildirirlər. Bu duyma mənim üçün xoşdur.

    Mən 30 aprel 1998-ci ildə A.Məhərrəmov öz dekanlığı müddətində yol vermiş olduğu ziyanlı iş üsulunu tənqid edərək onun ikinci müddətə seçilməsinin yolverilməz olduğunu bildirmiş, çıxışımın eynilə protokola yazılmasını tələb etmişdim. Həmin çıxışımı yığıncağın katibi, xalqımızın ləyaqətli qızlarından biri xahişimi nəzərə alaraq eynilə protokola yazmışdı. 1999-cu ildə A.Məhərrəmov rektor təyin edildi. Dekanlığı müddətində yol verdiyi xətaları rektorluğu zamanı daha geniş səlahiyətlə, daha geniş şəkildə davam elətdirdi. Rektorluğu zamanı baş vurduğu ziyanlı əməlləri haqqında 2003-cü idən başlayaraq, bəziləri BDU-da işlədiyim zamanda olmaqla, “BDU-nun Elmi İşlər Prorektoruna” (“Hürriyyət” qəz,, 13.09.2003), “Abel Məhərrəmovun Avtoritarizmi” (“Hürriyyət” qəz., 17.09.2003), “Bakı Devlət Universitetində Məhkəmə” (“Hürriyyət” qəz., 31.10.2003), “Heydər Əliyevdən sonra prezidentliyə ən layiqli namizəd” (“Hürriyət” qəz., 17.02.2004), “Bakı Devlət Universitetində 37-ci il Repressiyası” (“Yeni Müsavat” qəz., 18 və 19.06.2004), “BDU Abel Məhərrəmovun şəxsi təsərrüfatı?” (“Azadlıq” qəz., 21.09.04), “Abel Məhərrəmovun biblioqrafiyası” (“Hürriyət” qəz., 27 və 30.01, 06 və 10.02 2012) adlı 20-dən aşırı bir-birindən fərqli konuda tənqid yazıları dərc elətdirdim, faktlar açıqladım...

    BDU-nun keçmiş rektoru A.Məhərrəmov ictimai fikircə “kasıb-küləndə” bir adamdır. Bu adamın başqa bir “sirli” işi barədə burada bir haşiyə çıxmağı lazım bildim. A.Məhərrəmov Ümummilli Lider Heydər Əliyev Kremldə işləyərkən azərbaycanlılardan oraya tonlarla şikayət məktubları göndərildiyini televiziya ekranından emisional durumda, sevinə-sevinə, mühüm bir “tapıntı”sı kimi bəyan etdi. O zamanlar bu fikri başqa söyləyənlər də ortaya çıxdı. İnamla demişəm və indi də deyirəm: Azərbaycanlılar arasında SSRİ rəhbərləri sırasında yüksək mövqeyə yüksəlmiş soydaşları haqqında belə bir iş tutmaq fikrində olan adam tapılmazdı. Faktlara söykənərək o zaman A.Məhərrəmovun bu fikrinin məntiqsiz, əsassız və ziyanlı olduğu qənaətinə gəldim və bunu mətbuatda bildirdim.

    Onda dediyimə indi bir az geniş şərh verəcəyəm. Məncə, tonlarca şikayət məktublarının yazılmasını, adreslərinə çatdırılmasını və başqa bilmədiyimiz işlərini təşkil etmək üçün “tonlarca” para lazım olmamış deyildi. Bu paralar bu işdə maraqlı olan bir xalq kimi yalnız ermənilərdə ola bilərdi. Çünki 70-ci illərdədən bu yana hamının ermənilər öz soydaşlarının harada yaşamasından asılı olmayaraq gözləri qarşısında onlardan hər ay para yığırdılar. Elə, bizim universitetin santexniki işləyən Kolya (sonradan, özünün “Krunk” təşkilatının üzvü olduğu və müharibə zamanı bizə qarşı döyüşdüyü üzə çıxdı) hər ay onun özündən də para yığıldığını deyirdi. Bu erməni paralarının adı çəkilən məsələnin təşkili işlərinə sərf etmələri hansısa şübhə doğura bilməz. Ermənilərin özlərinə azərbaycanlılar arasında ən qəddar düşmən saydıqları iki dövlət xadimindən biri olan Heydər Əliyev haqqında öz xalqı adından tonlarca şikayət məktubu göndərməkdə ən böyük məqsədlərindən biri Heydər Əliyevin ləkələnərək SSRİ rəhbərliyindən uzaqlaşdırılması idi. İkinci ən böyük məqsədləri öz xalqı ilə onun arasında etimadsızlıq, inamsızlıq və düşmənçilik yaradılması idi. Belə deyilmi? A.Məhərrəmov isə, bilərəkdən, ya bilməyərəkdən, həmin tonlarca şikayət məktublarını azərbaycanlıların yazmış olduqlarını iddia etməklə erməni “dəyirmanına su tökür”dü.

    A.Məhərrəmov özünün çoxsaylı neqativ əməllərinə görə cəzalandırıldı. Respublika prezidenti noyabrın 15-də özəl sərəncamla onu tutduğu vəzifədən qovaladı (“qovdu”, “çıxartdı” da demək olardı. Burada “qovaladı” sözü daha çox yerinə düşür). Güman edirəm, prezidentin bu sərəncamı verməsində gec də olsa, mənim klassik yazılarımın, 30 aprel 1998-ci ildəki çıxışımın rolu olmamış deyil. Ancaq A.Məhərrəmovun özbaşınalıqları ilə bağlı dərc olunan bu və ya digər yazılara zamanında reaksiya verilsəydi, onun özbaşınalıqları belə böyük vüsət almaz, həddini aşmazdı.

    Keçmiş rektor hazırda özünün “Madrid olayları”nı inkar etmək, Qafqaz Müsəlmanları İidarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu olayları “bir Hacı olaraq” yasalamaqla məşğuldur. Doğrudur, “Şeyxülislam, Hacı və yasalama” başqa bir yazının konusudur. Ancaq AR Baş Nazirinin Birinci Yardımçısı, Abel müəllimin qudası Yaqub bəy Eyyubov prezidentin sözünün, adı çəkilən sərəncamının təsirini azaltmağa, qudası A.Məhərrəmovu “sudan quru çıxartmağ”a çalışır. Onun belə çalışmaları, dövlətin, onun rəhbərinin nüfuzuna təsir göstərə bilməyəcəyinə kim zəmanət verə bilər? Dövlət başçısı bir sözü bir yol deyər, bir sərəncamı bir yol verər. Ancaq adları vurğulanan səlahiyyətli şəxslərin bu işləri Abelimizin (deyim tərzi Hacıbala müəllimə məxsusdur) “Madrid olayları və başqa əməlləri” barədə dövlət başçısının sözünü, sərəncamını ikiləşdirməyə xidmət edir.

    Yağub Eyyubov-Abel Məhərrəmov qudaçılığı və “sudan quru çıxartmağa” çalışma söhbətinin ortaya gətirilməsinin yazarı mən deyiləm. Bu, el arasında gəzən, hamının bildiyi, söylədiyi söhbətdir. “Elin sözü əzəl-axır düz olar” deyiblər. Bu yöndə çalışmağı ürəyindən keçirənin belə, Vətən və millətsevərliyinə, ölkə prezidentinə sadiqliyinə mənim zərrəcə inamım qalmaz. Çünki öncə bu hərəkət ölkə prezidentinin sərəncamını qüvvədən salmağa xidmət edir. Eləcə də prezidentin xalq arasındakı nüfuzuna mənfi təsir göstərməyə bilməz. Bir vətəndaş olaraq mən himayəçilik halına kəskin etirazımı bildirirəm. Yadda saxlamalı: nə qədər məmurlarımız, hacılarımız... ölkə prezidentinin fikirlərini, sərəncamlarını, fərmanlarını gücləndirmək yerinə zəiflətmək yolunu tutacaqlar, o qədər də ölkədə “ala qarğa bala çıxara” bilməyəcək...

    Ölkədə hamının yaxşı bildiyi kimi, hakimiyətimizdə hamı-hamıya quda, hamı-hamıya simsar, hamı-hamıya yerli, hamı-hamıya doğmadır! Odur, bunlar bir-birinin qudalarına, simsarlarına, yerlilərinə, doğmalarına himayəçilik edirlər, bir-birinin nöqsanlarını, sapıntılarını, cinayətlərini ört-basdır edir, yasalayırlar. Bununla, ziyanlı, cinayətyönlü əməllərin təkrarlanmasına şərait yaranmış olur.

    Himayəçiliyin verdiyi fəsadları tənqid eləmək bunların aradan qaldırılması üçün heç zaman yetərli olmur. Düşünürəm, himayəçilik kimi dövlət, Vətən və xalq üçün ziyanlı hallarda inzibati cəza tətbiq olunmalıdır. Bunun aşağı həddi işdən azad etmək olmalıdır. Belə olarsa, himayəçilik edənlər də qanun qarşısında məsuliyyət daşıdıqlarını duyarlar.

    Qəribədir, bir çoxları görəv tutanda xalqdan, ona ədalətli xidmətdən danışanlar xalqı özününkülərə və özgələrə ayırırlar. Özününkülərə himayəçilik edərək cəzadan yayındırırlar, “özgələr”ə isə, qənim kəsilirlər?! Bu, bizdə artıq, adi hala çevrilib. Ölkədə hər kəs öz səlahiyyətlərindən yararlanaraq “özününkülər”i tutduğu əməllərinə görə olan qınaqdan, ittihamdan, cəzadan qurtaracaqsa, bu ölkənin gələcəyi necə olar? Həbsxanalarda cinayətkarlara aid olan yerləri cinayətsiz arxasızların, yazıq-yuzuqların balaları tutar?..

    Cənab Eyyubov xalqı belə-belə əməlləri ilə nə zamansa kükrətsə, arxasında qudası A.Məhərrəmov dura bilməyəcək. Yaqub bəyə Abel Məhərrəmov kimi ləkəli adamlardan uzaq durmaq, yalnız xala bel bağlamaq, onun xeyirinə olan işlərlə məşğul olmaq gərəklidir.

    A.Məhərrəmovu ölkə başçısı noyabrın 15-də neqativ əməllərinə görə tutduğu (tutduğu!) rektorluq görəvindən qovalayıb. O isə, bundan sonra, qılıncının dalı-qabağı kəsdiyi dönəmdə ehtiyat üçün qanunsuz zəbt elədiyi Üzvi Kimya kafedrasının müdirliyi görəvini Yaqub bəy kimi “quda”larına güvənərək öz əlində saxlayır və üstəlik də, qanunsuz “kafedrası” üçün qanunsuz tualet də tikdirir. İndi özümüz düşünək. Tutalım, BDU-da 100 kafedra var, onda, əlavə olaraq 100 də tualet olmalıdır. Belə olarsa, bu, universitet yox, tualetlər birliyi olar! Ona görə də Abel Məhərrəmovun tualetini “qanunsuz” tualet adlandırıram.

    Soruşula bilər: keçmiş rektorun bu özbaşınalıqlarına səbəb nədir? Səbəb odur, o, çox şişirdilmişdi. Hələ, iki yol: 2005-2010-cu və 2010-2015-ci illərdə Milli Məclisin deputatı edilmişdi. O qədər şişirdilmişdi, özünü rektor yox, ölkə başçısı sayırdı. Onun bu cəhətini yuxarıda vurğuladığım çıxışımda (30 aprel 1998-ci il), “Heydər Əliyevdən sonra prezidentliyə ən layiqli namizəd” (Hürriyət qəz., 17.02.2004) adlı yazımda və bir sıra digər yazılarımda bildirmişəm. O, anlamırdı, ölkə başçısının da Ana Yasada təsbit olunmuş hüquqları var. Yaxşı, prezident seçilsəydi, ölkəni BDU-nu elədiyi kimi öz şəxsi təsərrüfatına çevirməyəcəkdi? O, nə üçün anlamır, tutduğu görəvdən asılı olmadan, heç kəs ölkənin Ana Yasasının verdiyi səlahiyətlərdən yana çıxa bilməz! Axı, dövlətin Ana Yasası ilə yanaşı, hər kəsin öz vicdan yasası da olmalıdır! Bu gün Ana Yasadan yan çıxanı sabah mütləq iflas gözləyir. Bunu tarix göstərir, hər kəs öz müşahidələrində özü görür. Hər kəs açıq gözlə baxanda görür, bugünkü hərislik, tamahgirlik, özbaşınalıq sabahkı faciənin özülünü qoyur. Ailə başçısının belə, ailənin qanunlarından yana çıxmaq səlahiyyəti yoxdur.

    Abel müəllim “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm” deyəndə nəyə və kimə güvənir?

    Sözsüzdür, o, bu sözləri deyən beynində də həmişə elə bir hədələyici fikiri gəzdirib. Başqa cür ola bilməz! Yanlış deyirəmsə, qoy məni qınasınlar, dediyimə düzəliş versinlər. Abel Məhərrəmovun dediklərinin bir fərd olaraq mənə aidliyi yoxdur. Amma, bu xalqın övladı, bu Vətənin vətəndaşı olaraq mənə çox ciddi şəkildə aidliyi var. Mən heç zaman istəməmişəm, indi də istəmirəm, Abel Məhərrəmov kimilər dövlətimizi hədələmək səlahiyyətinin yiyəsinə çevrilə bilsinlər.

    Kimliyi yaxşı aydın olmayan, nəyə xidmət etdiyi bilinməyən A.Məhərrəmov 11 yanvar 1999-cu ildə BDU-ya rektor təyin edildi. Bu, bilinəndir. Axı, neqativ əməlləri ilə bağlı mətbuatda yüzlərlə tənqidi yazı çıxmış Abel Məhərrəmov həm də iki yol Milli Məclisimizin deputatı olub! Xalqa, Vətənə, Dövlətə hansı sədaqətinə, hansı fövqəladə xidmətlərinə görədir, ona xalqımızın, devlətimizin gələcəyini müəyyənləşdirən elm, mədəniyyət, mənəviyyat ocağında rüşvəti, korrupsiyanı, qohumçuluğu, yerliçiliyi, qudaçılığı bir sıra başqa neqativ halları qanun halına salan bir adama bu qədər etimad göstərilib? O, üstəlik, mükafatlandırılıb da. Ona, sayılması belə, çətin olan ictimai görəvlər də etibar edilib?

    Sözsüz, çoxsaylı belə sorunlar Azərbaycan toplumunu düşündürməmiş deyil.
    Bəhmən SULTANLI \\hurriyyet.org\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR