AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Razim Məmmədov səksəkə içində – hər an həbs oluna bilər

  • + A
  • - A
  • 1-02-2019, 09:38

    Razim Məmmədov səksəkə içində – hər an həbs oluna bilər















    Xətainin sabiq icra başçısı qorxu içində qandallanacağı günü gözləyir

    Xətai Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədov səksəkə içindədir və hər an həbs oluna biləcəyini ətrafından gizlətmir. Sabiq başçının qandallanmaq qorxusu qardaşı Mübariz Məmmədov işdən azad olunandan sonra bir qədər də artıb. Belə məlumatlar da var ki, Razim Məmmədov hətta telefon zənglərinə belə cavab verməyə qorxur, düşünür ki, növbəti dəfə istintaqa çağırılması onun azadlıqda son günü ola bilər.

    Razim Məmmədovun qardaşı Mübariz Məmmədov Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi vəzifəsini tuturdu. R.Məmmədov ötən il dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra M.Məmmədovun da kreslosu laxlamışdı. Razim Məmmədovun vəzifəsindən çıxarılmazdan bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində onun əmisi oğlu, uzun illər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlanmışdı. Bu məhkəmə işinin Razim Məmmədovun sonunu gətirəcəyi də əvvəldən məlum idi. Çünki Razim Məmmədovun Xətai rayonunda söküntü-tikinti, alver işlərinə əmisi oğlu Xalid Məmmədovun baxdığı bilinirdi. Xalid Məmmədov Razim Məmmədovun “qara kassir”i hesab edilirdi. İttihama görə, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Hazırda Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    Razim Məmmədov səksəkə içində – hər an həbs oluna bilər


    Bakının ən böyük rayonlarından birinə rəhbərlik etmiş sabiq başçının tikinti maxinasiyaları istintaq obyektidir. Abutalıbov Bakı meri vəzifəsindən uzaqlaşdırılandan sonra belə xəbərlər yayılmışdı ki, Razim Məmmədov ən yüksək dairələrə minnətçi düşüb və həmin posta özünün, bu mümkün olmadıqda isə ona yaxın digər başçının təyinat almasına çalışıb. O da məlumdur ki, R.Məmmədov Eldar Əzizovla kəskin münasibətlərdə olub. Mətbuatda hazırkı Bakı merinə qarşı neqativ məlumatların yayılmasında onun da xidmətlərinin olması iddiası olub. Bu baxımdan Razim Məmmədovun əmisi oğlu Xalid Məmmədovun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsini təsadüfi hesab etmək olmaz.

    Razim Məmmədov oliqarxlaşmış məmurlardan idi. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərində avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. Razim Məmmədova qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrlə, həm də 1 sotun qiymətinə satırdı. Bu “biznesi” Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi.

    Qeyd edək ki, Xalid Məmmədov Xətai rayonu ərazisində tikintilərə nəzarət edib. Ona bu vəzifəni qeyri-rəsmi olaraq Razim Məmmədov tapşırıb. 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC-lərin qeyri-rəsmi başçısı məhz Razim Məmmədov olub. Razim Məmmədovun həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn, 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilib.

    Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşirdi. Uşaq bağçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının “Samir Ağdülü” MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. “Samir Ağdülü” Xətai rayonunda bağça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib. 2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri – çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərini də məhz həmin MMC satın alıb.

    Razim Məmmədov səksəkə içində – hər an həbs oluna bilər


    Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC icra hakimiyyətinin mənzil fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 min 998 manat qazanıb. Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC icra hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb. Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat. Ötən il mətbuat bu məsələni araşdırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı.

    Razim Məmmədov səksəkə içində – hər an həbs oluna bilər


    Xətai rayonunu az qala qarış-qarış söküb-tikən “Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda “Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəssisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır. “Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Onun vəzifədən azad edilməsindən 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR