AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri

  • + A
  • - A
  • 19-03-2019, 18:51

    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləriƏn ağır iqtisadi böhran keçirən dövlətlər belə, qısa müddət ərzində bəzi islahatlar aparmaqla vəziyyətdən çıxa bilirlər. Torpağının önəmli qismi işğal olunan ölkələrin də mövcudluğunu qorumaq, iqtisadi yüksəlişlə dünyanın aparıcı gücünə çevrilmək, daha sonra isə hərbi sahədə uduzduqlarını iqtisadi uğurlarıyla geri qaytarmaq şansları var. Bunun ən bariz nümunəsi II Dünya müharibəsindəki məğlubiyyətilə iki yerə bölünmüş Almaniyanın 50 ildən sonra bir güllə atmadan özünü bərpa edə bilməsidir. Bu gün Yaponiya da eyni siyasətlə Kuril adalarını Rusiyadan geri almağa çalışır.

    Dövlətlərin tamamən yoxoluşu isə hüquq sistemdəki tənəzzüllə başlar. Hüquq sistemini düzgün qura bilməyən dövlətlər iqtisadiyyatdan tutmuş mədəniyyətə, sosial həyatdan hərbi sistemə qədər dövləti dövlət edən bütün mexanizmlərini itirməyə məhkumdurlar. Nədən ki, dövlət ilk növbədə iqtisadi, mədəni, sosial və s. sahələrdəki münasibətləri tənzimləyən mexanizm deməkdir və bu mexanizmin mühərrikini qanunlar toplusu təşkil edir. Adına hüquq deyilən bu mühərrik yoxdursa, dövlətin özü də yoxdur. Bəlkə də Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk “Mülkün təməli Ədalətdir” deyərkən, məhz bu həqiqəti nəzərdə tuturdu.

    Nə yazıq ki, yuxarıdakı misallarda qeyd etdiyimiz kimi, torpağının 20%-ni itirmiş, yanlış iqtisadi siyasətlərlə ağır böhran vəziyyətinə düşmüş Azərbaycanda dövlətin təməli sayılan ədalət sistemi də yarıtmaz vəziyyətdədir. Bu da dövlətinin taleyini düşünən hər kəsi, o cümlədən ölkə rəhbərliyini narahat etməli, ədalətin bərpası, Konstitusiyamızla təsbit olunan hüquqi dövlətçiliyimizin bərqərar olması uğrunda mübarizəyə səsləməlidir. Çünki bu sahədə vəziyyət düzəlmədikcə, nə iqtisadi dirçəlişə, nə vətəndaşların insan kimi yaşamasına, nə də itirdiyimiz torpaqları geri qaytarmağa ümid edə bilərik.

    Azərbaycanın hüquq sistemindəki problemlər qanunların mahiyyətindən çox, onu həyata keçirən insanlarımızın öz işinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Hakimlərin ədalətsiz qərarları Avropa İttifaqının təşviqilə qəbul edilən qanunlarımızı işləməz hala gətirir, dərəbəylik ənənələrini formalaşdırır, nəticədə dövlətimizin təməlləri sarsılır, vətəndaşlarımız narazı salınır, iqtisadiyyatımızın inkişafı əngəllənir, bütün yerli və əcnəbi iş adamlarını Azərbaycana investisiya qoymağa çağıran ölkə başçısının siyasətini heçə endirir. Bu mənada Azərbaycan məhkəmələrində çıxarılan hər ədalətsiz qərar təkcə hansısa iş adamına deyil, həm də dövlətimizə, onun liderinə xəyanətdir.
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    “Hürriyyət” qəzetinin əldə etdiyi bəzi sənədlər Azərbaycan məhkəmələri tərəfindən iqtisadiyyatımıza, dövlətçilik ənənələrimizə vurulmuş zərbənin kiçik bir hissəsini tam çılpaqlığı ilə oraya qoyur. Atalar demişkən, bir dənizin duzlu və ya duzsuz olduğunu anlamaq üçün onun bütün suyunu deyil, sadəcə bir qətrəsini içmək kifayət etdiyi kimi, hüquq sistemimizin necə çalışdığına qərar vermək üçün də bu sənədlərlə tanış olmaq yetərlidir. Gəlin, növbəti araşdırma silsiləmizin ilk yazısında hüquq sistemimizin iç üzünü gözlər önünə sərən bu sənədlərlə qısaca tanış olaq.

    Redaksiyamıza müraciət edən bir iş adamının bildirdiyinə görə, o, 2004-cü ilin 11 noyabrında “Mərmər” ASC-nın 4.7 hektar ərazisini satın alır. Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən bu qeyri-yaşayış ərazisi Bakı “Mərmər” ASC-nin səhmdarlarının qərarı ilə ona satılmışdır. Şikayətçinin iddialarını təsdiqləyən sənədlər də mövcuddur. Mərmər ASC ilə iş adamı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satılan həmin əraziyə 46814.3 kv.m. torpaq sahəsi, 33.9 kv. m. “A” tikintisi, 17.8 kv. m. “B” tikintisi, 5.6 kv. m. “C” tikintisi, 328.8 p.m. dəmir yolu xətti, 1 ədəd dəmir darvaza, 99175 p.m. daş hasar, 1 ədəd daşdoğruyan qurğu daxildir. Mülkün yeni sahibi ilə 21 may 2007-ci il tarixində bağlanmış təhvil-təslim aktında da eyni sözlər təkrarlanır.
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Rafiq Cəlilov - dövlətdən 10 dəfə çox qazanan dövlət məmuru

    Sənədlərdən aydın olur ki, Zayıdov familyalı iş adamı həmin mülkiyyəti öz balansına keçirmək üçün qanunun tələb etdiyi bütün mərhələlərdən keçmiş, hətta Azərbaycan Respublikası Bakı İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən öz adına poçt ünvanı belə almışdır. Qısası, bütün hüquqi prosedurları tamamlayan Zayıdovun mülkiyyət haqqının tanınması Dövlət Əmlak Komitəsinin əngəlinə ilişir. 29.04.2014-ci il tarixində özəlləşdirmə üçün şəxsən Komitə sədri Kərəm Həsənova göndərilən məktuba müsbət cavab verilmir.

    Şikayətçi bunun səbəbini belə izah edir:

    “Dövlət Komitəsinin bizdən istədiyi məbləğ xeyli yüksək olduğuna görə mülkün özəlləşdirilməsinə imkanım çatmadı. Söhbət burada dövlət rüsumundan getmir. Biz tələb olunan dövlət rüsumunu ödəməyə razı idik. Bizdən isə astoromik miqyasda rüşvət tələb olunurdu. Bunu ödəyəcək gücümüz isə yox idi”.

    Şikayətçinin dediyinə görə, ondan tələb olunan rüşvət dövlət rüsumundan 10 dəfə çox imiş və bunu tələb edən isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov imiş. Dövlətin verdiyi yetkilərdən istifadə edərək, dövlətdən 10 dəfə çox qazanmaq istəyən Əmlak Komitəsinin rəhbərlərinin bu qanunsuz tələbləri ucbatından öz mülkiyyətini özəlləşdirə bilməyən şikayətçi əsl sürprizlərlə bir neçə ildən sonra qarşılaşacaq, “O olmasın, bu olsun” filmində deyildiyi kimi, “bir qızın iki adaxlısı” sindromu ilə üzləşəcəkdi. Daha konkret desək, Əmlak Komitəsi vətəndaşın satın aldığı və müxtəlif sənədlərlə mülkiyyət hüququnun təsdiqləndiyi həmin ərazini bir başqasına satacaqdı.

    İş adamı bu həqiqəti “Yeni Həyat” MMC yetkililərinin həmin əraziyə gəlib müəyyən işlər görmək istəməsindən sonra anlayır. Tərəflər arasında mübahisə məhkəmə çəkişməsiylə nəticələnir. Maraqlıdır ki, 2018-ci ilin iyulunda Xətai Rayon Məhkəməsinə mülkiyyət hüququnun bərpası ilə müraciət edən isə iş adamı yox, onun 4.7 hektar ərazisini ələ keçirən qarşı tərəf olur. Necə deyərlər, “yersiz gəldi, yerli qaç”.

    Mülkiyyətin yeni iddiaçısı kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edən isə “Yeni Həyat” MMC-nin sahibi Babək Babayev yox, internet üzərində axtarış verməyimizə baxmayaraq, haqqında təfsilatlı hər hansı məlumata rast gəlmədiyimiz “Bağçasaray” MTK-nın rəhbəri Baxşıyev Akif Barat oğlu olub. Elə bu faktın özü də həmin MTK-nin əslində qondarma bir şirkət olduğunu təsdiqləyir. Görünür, gələcək fəaliyyətində hüquqi məsuliyyətdən yayınmaq üçün Babək Babayevə bu cür “ilan tutan Seyid Əhməd əli” lazım imiş.



    Haşiyə

    Bizim bu şübhələrimizi gələcək yazılarımızda “Yeni Həyat” şirkətinin alıcılarına yaşatdığı problemlərdən bəhs edərkən üzərində duracağımız faktlar da təsdiqləyir. Araşdırmamızın bu hissəsində həmin faktlardan yalnız biri üzərində dayanmaq istərdik. İnternet resurslarından əldə etdiyimiz məlumatlara əsasən, 2016-ci ilin sentyabr ayında “Yeni Həyat” şirkəti özünü müflis etdirmək fikrinə düşüb. Azinforum.az məlumatına görə, sentyabr ayının 28-i saat 9-00-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə "Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb. Səbəb şirkətin vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna verilməli olduğu 420 min ABŞ dollarını ödəməkdən yayınmaq istəməsi imiş. Şirkət bu öhdəliyini yerinə yetirməmək üçün hətta özünü müflis elan etməkdən belə çəkinmirmiş. İddiaçının bildirdiyinə görə, “Yeni Həyat”ın sahibi Babək Babayev ona açıq şəkildə deyirmiş ki, “hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manat da verməyəcəm”.

    Hüquqi öhdəliklərindən bu cür “qətiyyətli metodlarla” yayınmaqdan çəkinməyən Babək Babayevin qondarma şirkətlərlə öz fəaliyyətini davam etdirməsi heç də təəccüblü görünmür.

    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Vətəndaş Zayıdovun “Yeni Həyat”la problemlərinə geri dönərsək, “Bağçasaray” MTK-nın qaldırdığı məhkəmə iddiasına Xətai Rayon Məhkəməsində baxılmış və 16.02.2018-ci il tarixli 2(011) – 1347/2018 saylı qətnamə ilə haqqında bəhs edilən torpaq sahəsi iddaçının mülkiyyətinə verilmişdir. Məhkəmə qətnaməsində sahəsi 4.7 ha olan ərazinin hüdudları daxilində yerləşən və DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən istifadə edilən avtodayanacağın da digər obyektlər kimi dərhal boşaldılmasına qərar verilmişdir. Məhkəmə qətnaməsindən gec xəbər tutan cavabdeh prosesdə iştirak etməməsinin səbəbini ona çağırış vərəqəsinin çatdırılmamasıyla əsaslandırır. Dediyinə görə, sənədlərdə yaşadığı məkan kimi ayrı yer göstərilsə də, əslində o, Bakıda məskunlaşıbmış. Məhkəmə isə çağırış məktublarını rəsmi ünvana göndərirmiş. O səbəbdən də həmin çağırışlar barədə məlumatı olmayıb. Dolayısıyla, Xətai Rayon Məhkəməsi prosesi cavabdehin iştirakı olmadan yürüdüb və məlum mübahisəli qətnaməni çıxarıb.

    Min bir əziyyətlə aldığı mülkiyyətinin əlindən çıxmasını görən Zayıdov dərhal Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Apellyasiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixli İş № 2(103)-10938/2018 saylı qətnaməsi də Zayıdovun əleyhinə olur. Hakim Mərdanova Xumar Afət qızının sədrliyi keçirilən prosesin yekun qərarında deyilir:

    “İddiaçı Zayıdov Sübhan Əflan oğlunun apellyasiya şikayəti təmin edilməsin.

    Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(011)-611/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın”.



    Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırıb:

    “Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

    Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur”.

    Azərbaycan məhkəmələri məmura rüşvət verməyən vətəndaşı cəzalandırır

    Halbuki, şikayətçinin əlində Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı “Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi № 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli, № 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi № 08-2/4075 saylı arayışı, alqı-satqı, təhvil-təslim aktları və s. kimi daşdan keçən sənədlər mövcuddur və şikayətçi bütün bu dəlillərini bütün məhkəmə instansiyalarına təqdim edib. Hakimlər isə həmin sənədləri əsaslı saymır. Niyə? Belə çıxır ki, Sübhan Zayidovun Dövlət Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilova zamanında dövlət rüsumundan 10 qat artıq rüşvət vermədiyi üçün.
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məhkəmə sənədləriylə tanışlığımız zamanı hakimlərin öz qərarlarını bir arqumentlə əsaslandırdıqlarını görürük – iş adamının 2004-cü ildə satın aldığı torpaq sahəsi əslində “Mərmər” ASC-yə aid deyilmiş. Halbuki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə görə, mülkiyyətin ASC-yə aid olduğunu təsdiqləyən xeyli sənədlər var: Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, Əmlakın İnventarlaşdırılması Bürosunun 26.08.2004-cü il tarixli Texnik Pasportu və s.

    10 illik “gəlin”in təzə adaxlısı

    “Yeni Həyat”ın törəmə şirkəti olan “Bağçasaray” isə bənzər sənədləri 2014-cü ildə, yəni həmin mülkiyyət Zayıdova satıldıqdan 10 il sonra əldə edib. Yəni faktiki olaraq, 10 illik bir mülkiyyətin üzərində oturub və onu özəlləşdirə bilib. Məhkəmə instansiyaları isə şirkətin bu “uğuru”nun əsl səbəbini, Dövlət Əmlak Komitəsinin “bir qızın iki adaxlısı” siyasətinin altında yatan hikməti araşdırmaqdansa, qərarı “köhnə adaxlı”nın əleyhinə çıxarıb (Məhkəmələrin qərar çıxarkən əsaslandıqları arqumentlər üzərində gələcək yazılarımızda ayrıca dayanacağıq).

    Zayıdovun bildirdiyinə görə, onların mülkiyyət çəkişməsi artıq Ali Məhkəmənin icraatındadır. Ən fundamental insan haqqı - mülkiyyət hüququ tapdalanan şikayətçi hələ də ümidini itirməyib, son məhkəmə instansiyasından ədalətli qərar gözləyir. Biz də şikayətçinin dövlətin ədalətinə itməyən ümidinə qatılır və ölkənin siyasi iradəsinin hansısa məmur acgözlüyünə qurban gedən dövlət imicimizin düzəldiləcəyinə inanırıq. Çünki bu dövlət hamımızındır və Azərbaycan iqtisadiyyatı yalnız xarici və daxili investisiyalar hesabına dirçələ, inkişaf edə bilər. Bu isə yalnız və yalnız mülkiyyət hüquqlarına hörmət edilən ölkələrdə mümkündür.
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Zənnimizcə, ölkə başçısı İlham Əliyev də bu fikirdədir, məhz bu səbəbdən də ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılmasına can atır. Prezidentin iqtisadi inkişafımızla bağlı bu hədəflərini dəfələrlə ən yüksək kürsülərdə səsləndirməsi də fikrimizi təsdiqləyir. Ölkə başçısının sözügedən mülkiyyət çəkişmələrinin yaşandığı illərə təsadüf edən çıxışlarının birində - regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafıına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dilə gətirdiyi bu sözlər də onun investisiya mühitinin yaxşılaşdırılması strategiyasına verdiyi önəmə işıq tutur:

    “İnvestisiyaların təşviqi sistemi artıq yaradılıb, tətbiq edilir. Müvafiq qərar qəbul edilmişdir. Biz xarici investisiyaları daha da çox cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.

    Bir mülkiyyətin “iki adaxlısı” olan ölkələrdə, sözsüz ki, ölkə başçımızın qeyd etdiyi “müsbət investisiya mühiti”ndən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan məhkəmələri Prezidentin sözlərinə kölgə salmaq istəyən səhvlərini düzəltməli və vətəndaşların ən fundamental insan haqlarından sayılan mülkiyyət hüququ barədə ədalətli qərar verməlidirlər. Əks halda, bu kimi hallar yalnız hansısa iş adamının insan hüquqlarına deyil, həm də ölkə rəhbərinin iqtisadi siyasətinə zərbə kimi qiymətləndirilə və xarici investorları ölkəmizdən qaçıra bilər.

    (ardı var)

    Heydər Oğuz

    P.S. əvəzi: Gələcək yazılarımızda: “Yeni Həyat” şirkətinin sahibinin arxasında kimlər dayanır və o, kimlərin adından istifadə edir?

    Məhkəmə instansiyalarının söykəndiyi arqumentlər nə dərəcədə əsaslıdır?

    “Yeni Həyat” alıcılarına necə həyat bəxş edib?

    Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.


    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri
    Məmur nəfsinə qurban edilmiş dövlət maraqları – “Yeni Həyat”ın yeni sərgüzəştləri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR