Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Nazirlik bu addımın ciddi narahatlıq doğurduğunu vurğulayaraq, tarixi hadisələrin siyasi qərar predmetinə çevrilməsinin qəbuledilməz olduğunu bəyan edib.
XİN-in açıqlamasında qeyd olunur ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsi, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə qiymətləndirilməsi doğru yanaşma deyil.
Bəyanatda vurğulanır ki, bu cür qərarlar xalqlar arasında barışıq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə deyil, əksinə, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir. Eyni zamanda, belə addımların regionda davamlı sülh və barışıq istiqamətində aparılan səylərə mənfi təsir göstərdiyi bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Açıqlamada həmçinin qeyd edilir ki, Azərbaycan bundan sonra da tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.