İyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitinin əsas gündəm mövzularından biri nüvə çəkindirmə imkanlarına investisiyalar olacaq.
Bu barədə Polşanın Müdafiə Naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin son iclasında alyansın nüvə çəkindirmə potensialının gücləndirilməsi üçün investisiyaların artırılması barədə qərar qəbul edilib.
Nazir bildirib ki, bu qərar alyansın kollektiv təhlükəsizlik strategiyasının mühüm hissəsidir və Ankara sammitində bir daha təsdiqlənəcək.
Vladislav Kosinyak-Kamış qeyd edib ki, NATO nüvə çəkindirmə imkanlarının inkişafını təşkilatın müdafiə qabiliyyətinin vacib elementi hesab edir və üzv dövlətlər bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
Qeyd edək ki, iyulun 7–8-də Ankarada keçiriləcək sammit NATO dövlət və hökumət başçılarının Türkiyədə təşkil olunan ikinci zirvə görüşü olacaq. Alyansın bundan əvvəl Türkiyədə keçirilən sammiti 2004-cü ildə İstanbulda baş tutmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.