AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhalinin siyahıyaalınması gələcəyin planlaşdırılması üçün strateji addımdır

  • + A
  • - A
  • Bu gün, 10:47

    Əhalinin siyahıyaalınması gələcəyin planlaşdırılması üçün strateji addımdır


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" imzaladığı Fərman ölkənin sosial-iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd növbəti siyahıyaalınmanın tarixini müəyyənləşdirməklə yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunduqdan sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək ümummilli statistika prosesinin hüquqi əsasını yaradır.

    Əhalinin siyahıyaalınması hər bir dövlət üçün strateji məlumat mənbəyidir. Məhz bu məlumatlar əsasında əhalinin sayı, yaş tərkibi, məşğulluq vəziyyəti, təhsil səviyyəsi, miqrasiya meyilləri, yaşayış şəraiti və digər sosial-demoqrafik göstəricilər dəqiqləşdirilir. Nəticədə dövlət proqramlarının hazırlanması, sosial siyasətin formalaşdırılması, büdcə vəsaitlərinin səmərəli bölüşdürülməsi və uzunmüddətli inkişaf planlarının hazırlanması daha dəqiq məlumatlara əsaslanır.

    Fərmanda xüsusi diqqət çəkən məqamlardan biri siyahıyaalınmanın 2029-cu il oktyabrın 1-dən 31-dək keçirilməsinin müəyyən edilməsi, bütün hazırlıq, təşkilati işlər, nəticələrin işlənilməsi və ictimaiyyətə təqdim edilməsinin Dövlət Statistika Komitəsinə həvalə olunmasıdır. Bu, prosesin vahid mərkəzdən koordinasiya edilməsini və beynəlxalq statistik standartlara uyğun həyata keçirilməsini təmin edəcək.

    Əhalinin siyahıyaalınması Azərbaycanda sonuncu dəfə 2019-cu ildə keçirilib. Lakin həmin dövrdə işğal altında olan ərazilərdə siyahıyaalma aparmaq mümkün olmamışdı. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman isə dövlət suverenliyinin tam bərpasından sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edən siyahıyaalınmanın keçirilməsini nəzərdə tutur. Bu, həm demoqrafik vəziyyətin tam və obyektiv qiymətləndirilməsi, həm də gələcək dövlət proqramlarının daha dəqiq planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

    Sənəd Nazirlər Kabineti qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. İki ay müddətində tədbirlər planının təsdiqlənməsi, dövlət orqanlarının informasiya sistemlərində mövcud məlumatların Dövlət Statistika Komitəsinin bazasına inteqrasiyasının təmin edilməsi və fərmandan irəli gələn digər məsələlərin həlli siyahıyaalınmanın müasir rəqəmsal yanaşmalar əsasında həyata keçirilməsinə imkan verəcək. Bu yanaşma məlumatların dəqiqliyini artırmaqla yanaşı, prosesin operativliyini və səmərəliliyini də yüksəldəcək.

    Xüsusilə vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərin də ilk dəfə tam şəkildə siyahıyaalınmaya daxil edilməsi həmin bölgələrdə məskunlaşma, "Böyük Qayıdış" proqramının nəticələri, sosial infrastrukturun planlaşdırılması və gələcək investisiya qərarlarının qəbulunda etibarlı statistik bazanın formalaşmasına xidmət edəcək.

    Bu fərman dövlət idarəçiliyində elmi əsaslı qərarvermənin gücləndirilməsi baxımından mühüm addımdır. Dəqiq statistika olmadan nə sosial siyasəti düzgün qurmaq, nə də iqtisadi inkişafı effektiv planlaşdırmaq mümkündür. Məhz buna görə də 2029-cu il əhalinin siyahıyaalınması Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, insan kapitalının qiymətləndirilməsi və dövlət siyasətinin daha səmərəli həyata keçirilməsi üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu prosesin uğurlu təşkili isə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, müasir texnologiyaların tətbiqi və vətəndaşların fəal iştirakı ilə mümkün olacaq. Ölkə rəhbərinin sözü ilə desək, biz birlidə güclüyük.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR