AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müxalifət necə tələyə düşdü - informasiya müharibəsində ağır qəza

  • + A
  • - A
  • 5-09-2019, 16:13

    Müxalifət necə tələyə düşdü - informasiya müharibəsində ağır qəza

    Bir neçə gün idi ki, bəzi müxalifət partiyalarının funksionerləri sosial şəbəkələrdə statuslar yazıb, canlı yayımlar edib prezidentin son bir həftədə ölkədə olmadığını, hətta bəziləri onun səhhətində problem yarandığını iddia edirdilər. Bu fikirləri xaricdə yaşayan mühacir müxalifəti də paylaşıb, ölkə ictimaiyyətində çaşqınlıq yaratmaq istəyirdi.

    Prezident İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Yüksək səviyyədə görüş keçirildi və bu görüş ölkə mediasında da yayımlandı. Bununla da məlum kampaniyanı aparanlar əlverişsiz vəziyyətə düşdülər.

    Əli Kərimli Sevinc Osmanqızı ilə canlı yayın etmək istəyən ərəfədə ölkə başçısının xarici qonaqla görüşü haqda xəbərin yayılması onları gülməli bəhanələr uydurmağa məcbur etdi. Adını da “Sevinc xanımın kompüterinə müdaxilə oldu” qoydular. Bunun texniki baxımdan mümkün olmadığı hər kəsə aydındı. Amerikada yaşayan bir jurnalistin kompüterinə müdaxilə Bakıdan necə həyata keçirilə bilər ki...

    Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirib ki, xaricdə yaşayan və özünü mühacir müxalifət elan edənlər, ən müxtəlif məsələlərdən istifadə edərək, Azərbaycan dövlətçiliyinə qarşı ciddi cəbhə açıblar:

    “Onlar bir tərəfdən də xalqla hakimiyyət arasında etimadsızlıq toxumunu səpməyə çalışırlar. Bunun üçün ayrı-ayrı məmurları, tanınmış siyasətçiləri, dövlət başçısını və onun ailəsini hədəfə alırlar. Onların ünvanına böhtanlar, qərəzli fikirlər, tərbiyəsiz sözlər işlətməkdən belə çəkinmirlər. Başqa bir qanad isə Azərbaycanı inqilaba səsləyir. İnqilab vasitəsilə Azərbaycanda hakimiyyət dəyişikliyini önə çəkir. Beləliklə də, ölkədə xaos, anarxiya yaradaraq, Azərbaycanı vətəndaş müharibəsinin girdabına salmağa çalışır. Əldə etdiyimiz bütün uğurların üzərindən xətt çəkməyə cəhdlər göstərirlər. Eyni zamanda həm də ölkə prezidentinin səhhəti ilə bağlı həqiqətə uyğun gəlməyən şayiələr yaydılar. Bu cür şayiələrlə Azərbaycanda xaotik psixoloji durum yaratmağa cəhd göstərdilər. Nəticə etibarilə demək olar ki, bu adamlar Ermənistanın maraqlarına xidmət göstərirlər. Bunların içərisində xüsusi yer alanlar Əli Kərimli və onun dəstəsidir. Əli Kərimli bütün imkanları ilə Azərbaycan dövlətçiliyinə qarşı ən eybəcər, qəbul edilməyən fikirlərdən, üsullardan istifadə edir. Guya siyasi mübarizə aparır. Bu, müxalifətçilik deyil, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətdir. Bu cür müxalifətçilik dünyanın heç bir yerində yoxdur. Başqa ölkələrdə buna bənzər müxalifətin öz ölkələrinə gətirmiş olduqları faciələr göz önündədir. Onlar Azərbaycanı məhz xaosa, anarxiyaya çevirib, tökülən qanlar üzərindən hakimiyyətə gəlməyə çalışırlar”.

    F.Ağamalı bildirib ki, bütün bunlar anti-konstitusion halları ilə müşahidə olunur: “Sonuncu fakt da onların yalanını, qərəzli mövqelərini konkret olaraq nümayiş etdirdi. İfşa olunmaqlarını ört-basdır etmək üçün ”kompüterimizə müdaxilə oldu", “texniki səbəblərə görə canlı yayımımız dayandı” kimi gülünc bir bəhanələrlə özlərinin mahiyyətlərini ortaya qoydular. Azərbaycanın bütün sağlam qüvvələri bu gün onlara qarşıdır. Biz bu yaxınlarda dəyirmi masa keçirəcəyik. Bu dəyirmi masaya bütün sağlam siyasi, milli qüvvələri dəvət etmişik və bəri başdan da dəvət edirik. Həmin dəyirmi masa sentyabrın 11-də “Park İnn” otelində baş tutacaq. Bu cür qərəzli fikirlərə, şərə və ayrı-ayrı şəxslərin əxlaqsız davranışlarına təmsil etmiş olduğumuz partiyanın, seçicilərin iradəsini ortaya qoyacağıq. Biz onlarla bu gün qarşı-qarşıya gəlməkdən qətiyyət çəkinmirik. Çünki biz haqqa söykənirik, Azərbaycanın istiqlalının, müstəqilliyinin, dövlətçiliyinin yanındayıq. Onlar isə tamamilə bunun əksini edirlər. Əminəm ki, onlar məğlubiyyətə məhkumdurlar. Çünki bu adamlar anti-Azərbaycan qüvvələrinin maliyyəsinə söykənirlər. Bizim söykənmiş olduğumuz dayaq isə Azərbaycan xalqıdır. Onları tarix özü mühakimə edəcək və bu adamlar Azərbaycanın tarixinə xalqa xəyanət edən insanlar kimi daxil olacaq".

    Ağamalı bildirib ki, xaricdən inqilabla bağlı fikirlər səsləndirənlərə qətiyyətli cavab verilməlidir:

    “İnqilaba çağırış anti-konstitusion davranışlardır. Bu, Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsinə yönələn cəhdlər, çağırışlardır. Bütün bunlar isə, heç şübhəsiz, cinayətlərdir. Hüquq-mühafizə orqanları bu baxımdan hərəkətə keçməli, ciddi mövqelərini və hərəkətlərini nümayiş etdirməlidirlər. Bununla bərabər, təbii ki, Azərbaycanın milli maraqlarına xidmət edən sağlam siyasi qüvvələrin mövqeləri ortada olmalıdır. Dəyirmi masa keçirərək milli qüvvələrin, tanınmış qeyri-hökumət təşkilatlarının, ekspertlərin iştirakı ilə məsələni müzakirə edəcəyik. Biz iradəmizi ortaya qoyacağıq. Təbii ki, inqilaba çağırış edənlərə də tutarlı arqumentlərimiz və onlardan fərqli olaraq əxlaqlı mövqeyimiz olacaq. Ancaq eyni zamanda çox arzulayardıq ki, hüquq-mühafizə orqanları da Azərbaycanda anti-konstitusion çağırışlara cəhd edənlərlə bağlı özünün sərhədləri çərçivəsində tədbirlərini görsün”.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR