“Dərhal hərəkətə keçin!” — Deputatdan Vidadi İsgəndərli ilə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ
“Hüquq-mühafizə orqanları Vidadi İsgəndərlinin tərbiyəsiz hərəkətlərinin qarşısını almaq üçün lazımı addımlar atmalıdır”.
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
Deputat hüquq-mühafizə orqanlarını Vidadi İsgəndərlinin təcili cəzalandırılması ilə bağlı lazımı addımlar atmağa çağırıb:
“Azərbaycan vətəndaşlarının, o cümlədən ölkə prezidentinin və onun ailə üzvlərinin, Milli Məclis deputatlarının təhlükəsizliyi və hüquqları Azərbaycan Konstitusiyası ilə qorunur. Ona görə də Vidadi İsgəndərli kimi adamlar əslində mənəvi terrorla məşğul olur. Bunun başqa adı yoxdur. Bir var ki, güllə ilə insanları məhv edəsən, bir də var ki, söyüşlərlə, əxlaqsız hərəkətlərlə insanları mənəvi terrora məruz qoyasan və onu ölüm həddinə gətirib çıxarasan. Fiziki terrorla mənəvi terrorun heç bir fərqi yoxdur. Bu baxımdan da mən hüquq-mühafizə orqanlarını Vidadi İsgəndərlinin hərəkətlərinə qarşı tezliklə lazımı addımlar atmağa çağırıram. Milli Məclisin deputatı kimi də nə tələb olunursa, qanun çərçivəsində atmağa hazırıq!”.
F.Ağamalı deyib ki, Vidadi İsgəndərli atasının məzarı ilə bağlı hadisələrə doğru olmayan yanaşma sərgiləyir:
“O, buna görə hər kəsə təhqirlər yağdırdığı dövrdə mən “Yeni Müsavat” qəzetində xüsusi yazı ilə çıxış etmişəm. Həmin yazıda mən Vidadi İsgəndərlini söyüş və təhqir dolu ifadələr işlətməkdən çəkinməyə dəvət etmişəm, söyüşün, təhqirin və bu cür əxlaqsızlığın Azərbaycan ictimai rəyinə gətirlməsinin əleyhinə olduğumu söyləmişəm. Mən bu gündə o fikirdəyəm ki, Vidadi İsgəndərli kimi adamlar tərbiyəsizliyini və əxlaqsızlığını öz dünya görüşündə ortaya qoyur. Ona görə də bunun qarşısı mütləq alınmalıdır. Bu cür halların qarşısının alınması üçün Azərbaycanın hüquq-mühafizə orqanları qəti olaraq hərəkətə keçməlidir. Bu istiqamətdə tələb olunan bütün hüquqi prosedur qaydaları da öz həllini tapmalıdır”.