İki gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında birincinin təşəbbüsü ilə telefon danışığı olub. “Yeni Müsavat” erməni KİV-nə istinadən xəbər verir ki, Lukaşenko koronavirusa yoluxan Paşinyana və onun ailə üzvlərinə tezliklə sağalmağı arzu edib və ümid etdiyini bildirib ki, onunla tezliklə yenidən tet-a-tet görüşə biləcək.
1in.am portalı Lukaşenkonun son sözlərinə istinadla ehtimal edib ki, ola bilsin, Belarus lideri 24 iyun tarixində Moskvada keçiriləcək paradı nəzərdə tutur. “Fakt budur ki, Putin 9 mayda təxirə salınmış paradın gününü təyin edib və MDB ölkələri rəhbərlərini də tədbirə dəvət edib. Bəlkə Lukaşenkonun fikrincə, bu, qazın qiymətini bir daha Rusiya qarşısında qaldırmaq üçün əlverişli fürsət olsun. Bu, ola bilsin, son vaxtlar Ermənistan və Belarusu birləşdirən və iki ölkə arasında tez-tez baş tutan ünsiyyətin əsas səbəblərindən biridir”.
*****
Qeyd edək ki, İrəvan son vaxtlar cidd-cəhdlə Rusiyadan alınan təbii qazın qiymətində endirim edilməsinə çalışır. Rəsmi Moskva isə bunu yalnız Ermənistanın Avrasiya İqtisadi Birliyi daxilində daha güclü inteqrasiya gedəcəyi təqdirdə mümkün sayır. Yəni işğalçı ölkəyə təklif olunur ki, olan-qalan suverenliyindən də imtina eləsin.
Hətta rusiyalı ermənipərəst politoloq, Kremlə yaxın “Regnum” agentliyinin eksperti Stanislav Tarasov da hesab edir ki, qazın qiyməti məsələsində Moskvanın mövqeyi qəti və prinsipialdır. “Qiymət yalnız dərin inteqrasiya olacağı təqdirdə dəyişə bilər. Milli orqanlar üstü strukturlar və ortaq bazar yaradılmayınca ayrı-ayrı tərəfdaş ölkələrə güzəştlər etmək yersizdir. Əgər bu ölkələr hesab edirsə ki, onlara əlahiddə üstünlük tanınmalıdır, o zaman Avrasiya İqtisadi Birliyinə daha dərin inteqrasiya etməlidirlər”, - deyə Tarasov adıçəkilən portala müsahibəsində bildirib.
Sözünə davam edən politoloq deyib: “Batka, yəni Lukasenko hesab edir ki, Belarus Rusiya üçün çox mühüm geosiyasi əhəmiyyətə malikdir və Moskvanı Qərb istiqamətində qoruyur. Ermənistanda deyirlər ki, bu ölkə müstəsna geosiyasi mövqeyə sahibdir və Rusiyanın Ermənistana daha çox ehtiyacı var, nəinki Ermənistanın Rusiyaya. Buna görə Rusiya Ermənistana ödəniş etməlidir. Di gəl, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanı Türkiyənin təcavüzündən qorumaq üçün yaradılıb. Ancaq indi bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Azərbaycanla da elə. Biz bölgədə ”erməni kartı" ilə oynamırıq. Yəni əməkdaşlığa görə İrəvana pul ödəmək kimi səslənən arqumentlər çox ucuzdur və işə yaramaz. Moskva da qüsursuz deyil, amma siyasi aktyorlar teatrı (Paşinyan və Lukaşenko nəzərdə tutulur - “YM”) bu gün çox populyardır", - deyə politoloq, üstəlik, Paşinyanı klouna bənzədib.
*****
Kremlə yaxın rusiyalı ekspertin söylədikləri əslində elə Ermənistana, Nikol Paşinyan hökumətinə qarşı rəsmi Moskvanın mövqeyini ifadə edir. İstənilən halda Tarasov bir məsələdə xüsusilə haqlıdır: Rusiya Ermənistana daha çox lazımdır, nəinki Ermənistan Rusiyaya. Politoloq Kremlin adından açıq mətnlə bildirir, daha doğrusu, nankor ermənilərə xatırladır ki, Rusiya olmasaydı, Ermənistan adlı dövlət xəritədə belə mövcud olmazdı.
Necə deyərlər, özü yıxılan ağlamaz. Bununla belə, Rusiya və onun büdcəsi üçün 29 ildir “qulpsuz çamadan”a çevrilmiş Ermənistanda Moskvaya qarşı əsassız etirazlar səngimir. Məsələn, Ermənistanın sabiq baş bankiri, iqtisadçı Baqrat Asatryan hesab edir ki, Ermənistanın Rusiyaya borcu yoxdur.
“Nəhayət, biz qərar verməliyik ki, Rusiya qazına görə ödəniş edək, yoxsa ərəb dünyasında və ya İranda alternativ mınbələr axtaraq?”
Baqrat Asatryan bunu 1in.am-a açıqlamasında deyib və qeyd edib ki, Ermənistan 2013-cü ildə “Qazprom”la imzaladığı rüsvayçı razılaşmaya yenidən baxmalıdır. Asatryana görə, “Qazprom” Ermənistanın hesabına parazitlik edir.
“Biz özümüzə, ölkəmizə qarşı imzaladığımız anlamanın girovuna çevrilmişik. ”Qazprom Ermənistan" ikitərəfli maraqları qorumaqda, səmərəli effektiv işdə maraqlı deyil. İnkişaf barədə düşünmür, yalnız öz qazancı barədə düşünür və əsla marağında deyil ki, Ermənistanın ödəmə qabiliyyəti var, ya yox. Əgər biz Ermənistanda bu razılaşmanın həyata keçirilməsinə yönəltdiyimiz resursları alternativ enerji mənbələrinin istifadəsi və inkişafı üçün xərcləsəydik, bu gün əhəmiyyətli nəticələr əldə edərdik və “Qazprom” önündə əyilməzdik", - deyə erməni iqtisadçı iddia edib.
Söhbətin sonunda Ermənistan Mərkəzi Bankının keçmiş direktoru bildirib ki, ölkəsi Rusiya ilə 2013-cü ildə imzalanmış utancverici müqaviləyə yenidən baxmalı, “Qazprom Ermənistan”da audit keçirməli və bu şirkətin Ermənistanla hüquqi münasibətlərinə yenidən baxmalıdır. “Rusiya qazın qiymətini qaldıra bilər, ancaq biz özümüz üçün qətiləşdirməliyik: bu qədər pul ödəməyə dəyərmi və ya alternativ enerji mənbələri axtarmaq barədə qərar verməliyik. Başqa sözlə, iş çoxdur və biz özümüz alternativlər yaratmalıyıq, əks təqdirdə, bundan sonra da qaz borusu ilə başımıza döyəcəyik” - Asatryan əlavə edib.
*****
Əlbəttə ki, bu iddia və təkliflər daldan atılan daşlar kimidir. Ən azı ona görə ki, Ermənistanla Rusiya arasında 2047-ci ilədək qüvvədə olan “köləlik sazişi” var. Asatryan öncə həmin sazişə təzədən baxılması məsələsini qaldırsın, görək, qaldıra biləcəkmi? Yeri gəlmişkən, görəsən Rusiya Gümrüdən öz hərbi bazasını çıxarsa, Ermənistan adlı formal dövlətdən nə qalar?..
“Yeni Müsavat”