AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir, sabiq məmurun hədəfində! - Bayramov Əsədovdan kimin qisasını alır?

  • + A
  • - A
  • 12-05-2017, 10:19

    Nazir, sabiq məmurun hədəfində! - Bayramov Əsədovdan kimin qisasını alır?

















    “Bu gün Kənd Təsərrüfatı Nazirliyində güclü mütəxəssislər qalmayıb… Onların yerində qeyri-peşəkarlar və maliyyəçilər gəlib oturublar … Təəssüf ki, kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıb… Azərbaycanda taxıl və digər bitkilər ekstensiv üsullarla əkib-becərilir… Bizdə torpağa yanaşma şüursuz qaydada olduğu üçün münbit torpaqlar məhv olur… Xızıda, Şamaxıda, Lerikdə dağların başında nə taxıl bitəcək? O zaman dövlətin pulları niyə boş-boşuna xərclənsin?” və sair

    Elə təsəvvür yaranır ki, bu cümlələrin sahibi ölkəmizin doğrudan da ağır duruma düşən kənd təsərrüfatının halına acıyır, onun dirçəlməsi üçün can yandırır. Hətta ilk baxışdan bu məntiqli və həqiqəti əks etdirən fikirlər hansısa müxalif mövqeli, yaxud müstəqil bir ekspertin dilindən səslənmiş kimi görünə bilər. Ancaq yox, bu cümlələr uzun müddət “yağlı” vəzifələrdə – 1 saylı Şərab Emalı Zavodunun direktoru, “Aqrolizinq ASC”-nin sədri kimi postlar tutmuş Əli Bayramovun müsahibəsindən götürülüb!

    Bəli, həmin Əli Bayramovun ki, uzun müddət (2014-cü ilə qədər) kənd təsərrüfatının inkişafında mühüm rol oynayan, hətta strateji sayıla biləcək “Aqrolizinq ASC”-nin sədri kimi vəzifə daşıyıb. O “Aqrolizinq ASC”-nin ki, hələ 2010-cu ildə Prezident Administrasiyası nəzdindəki Dövlət Nəzarəti Şöbəsi fəaliyyətini araşdıraraq, ciddi korrupsiya faktları üzə çıxarmışdı. Həmin şöbənin rəsmi hesabatında göstərilirdi ki, ASC tərəfindən dövlət vəsaiti hesabına alınmış texnikanın yalnız 38,9 faizi lizinqə verilib. 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb. 13,6 faizi (1293 ədəd) bazalarda istifadəsiz qalıb. Şöbənin araşdırması müəyyən edib ki, ASC alınmış texnikanı lizinqə vermək əvəzinə “Aqroservis” müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə vermiş, həmin şəxslər isə texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər.

    Nəzarət şöbəsi yazırdı: “2008-ci il avqustun 26-da “Xəzər Sənaye Quraşdırma” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə (!) təmir edib”. Həmin hesabatda göstərilir ki, “Aqrolizinq” 4 ildə Azərbaycana 100,1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirir. Lakin Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir. Yəni ASC rəsmi élan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib(!). “Aqrolizinq” ümumilikdə 5 ildə ölkəyə 207,6 milyon manatlıq mal gətirdiyini bildirir. Amma Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174,5 milyon manat olub. Beləliklə, ortada 33,1 milyon manat(!) fərq yaranır.

    Daha sonra, 2008-ci ildə alınmış gübrənin böyük hissəsi hələ satılmadığı halda, birinci müqavilədən təxminən iki ay sonra möcüzəli şəkildə “gübrəyə təcili tələbat yaranması” əsas gətirilib. Bu əsasla da tonu 550 manata (əvvəlki müqavilədən 123 manat baha) 18 162 ton gübrə alınması haqqında eyni şirkətlə birbaşa müqavilə bağlanıb, şirkətin hesabına 10 milyon manat köçürülüb. Beləliklə, dövlətin kəndliyə güzəştlə gübrə verilməsi üçün ayırdığı puldan kəndli deyil, hansısa xarici şirkət qazanc götürüb.

    Yenə həmin hesabatdan: “2008-ci ildə 1000 baş cins inək alınmasına dair Böyük Britaniyanın “Rista Alliance” şirkəti ilə 3 milyon manatlıq müqavilə imzalanıb. Amma ölkəyə 770 baş inək gəlib çıxıb. ASC 2005-2010-cu illərdə 127.7 milyon manat məbləğində 91 tendersiz müqavilə imzalayıb. Satınalmalar üzrə 140 milyon manat məbləğində 66 müqaviləni isə birbaşa texnika, avadanlıq, damazlıq mal-qara, gübrə, toxum istehsalçıları ilə yox, Marşal, Virciniya adaları, Panama, Beliz, Yeni Zelandiya, Dominikan və başqa ölkələrdə qeydiyyatda olan vasitəçi firmalarla bağlayıb. Təkcə Virciniya adalarında qeydiyyatda olan “Aqroinvest Sl” şirkətindən 61,7 milyon manatlıq gübrə alınması üçün 7 müqavilə imzalanıb”.

    Beləliklə, Dövlət Nəzarət Şöbəsinin “Aqrolizinq”də üzə çıxardığı çoxsaylı ciddi korrupsiya faktlarına dair arayışın Prezident Administrasiyasına təqdim olunduğu bildirilsə də, bu hesabatın sonrakı taleyi qaranlıq qalmışdı.

    Bundan bir neçə il sonra, yəni 2014-cü ildə Hesablama Palatası “Aqrolizinq”də ciddi korrupsiya faktları aşkar edərək Baş Prokurorluğa göndərdi. Və bu faktların Baş Prokurorluğa göndərilməsindən cəmi bir neçə gün əvvəl Əli Bayramovun səhhətində yaranmış problemləri əsas gətirərək öz ərizəsi ilə işdən, həm də ölkədən getdiyi bildirildi…

    Ə.Bayramovun vəzifədən getdikdən sonra aşkar olunan külli miqdarda korrupsiya hallarına görə həbs olunacağına dair məlumatlar yayıldı. Doğrudan da həbslər oldu, ASC-nin bir çox yüksək vəzifəli məmurları həbs olundu – Əli Bayramovdan başqa. Belə çıxdı ki, baş verənlərdən sədrin xəbəri olmayıb. Hansı ki, “Aqrolizinq” ASC-nin sədri kimi, Əli Bayramov filialların və digər struktur bölmələrin fəaliyyətinə birbaşa cavabdeh idi. Məhz onun əmri ilə filiallar hər il auditə cəlb olunub, yekun akt yazılıb. Həmin aktlar Əli Bayramova təqdim olunub, o isə müvafiq qərarlar verib. Yəni, baş verən qanunsuzluqlardan onun xəbərsiz olması, yumşaq desək, gülməli görünür.

    O vaxt çoxları “Aqrolizinq” ətrafında baş verənləri yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun İsmət Abbasova zərbəsi kimi dəyərləndirdi. Doğrudan da yoxlamanın nəticələrini prokurorluğa göndərən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov əvvəlki “bossu” Heydər Əsədovun kadrı kimi tanınır. Bu materiallar da məhz H.Əsədov nazir gələndən bir neçə ay sonra prokurorluğa təqdim olundu. Doğrudur, indinin özündə də Kənd Təsərrüfatı Nazirliyi işinin öhdəsindən gələ bilən nümunəvi qurum sayıla bilməz. Hətta əksinə, nöqsanların sayı-hesabı yoxdur və Ə.Bayramovun nazirliyin fəaliyyətilə bağlı dediklərində həqiqət çoxdur. Ancaq bunları söyləməyə haqqı olanların sırasında hörmətli Ə.Bayramov neçənci sırada dura bilər? Ümumiyyətlə, bu sırada durmağa haqqı varmı?

    Kənd təsərrüfatının bugünkü bataqlığa düşməsində onun və himayədarlarının “zəhməti” azmı olub? Nəhayət, hörmətli Əli müəllimin niyə məhz indi, yəni Heydər Əsədovun hakimiyyətdəki ən vacib dayağı sayılan və yaxın qohumu olan Ziya Məmmədovun “vurulmasından” sonra kənd təsərrüfatına bu qədər canı yanmağa başlayıb? Yeri gəlmişkən, Azərbaycan biznesinin yeni simasına çevrilməkdə olan hörmətli Ə.Bayramov jurnalistin “Bəs İsmət Abbasov Baş nazirinin müavini kimi bu sahəyə yenə də nəzarət etmir?” sualına belə cavab verir: “Bilirsiniz, kuratorun işi çox olur. Ona düzgün təkliflər verilməlidir. O isə ölçüb-biçib həmin təklifləri yuxarı instansiyalar qarşısında qaldırmalıdı…” Belə çıxır ki, nazirlik və onun indiki rəhbərliyi günahkardır, sabiq nazir və bu sahənin hazırkı kuratoru, həm də baş nazirin müavini isə yox… Artıq şərhə ehtiyac varmı?

    “Aqrolizinq”in sabiq sədri və indiki istedadlı iş adamı deyir ki, “Aqrolizinq” ASC-dən gedəndən sonra – 2014-cü ildə kənd təsərrüfatı sahəsini sevən bir şəxs kimi(!) “Agro Business Group” adlı şirkət təsis edib: “Həmin ildən kənd təsərrüfatı işləri ilə məşğul oluruq. İstiqamətimiz bağçılıqdır. Əsasən tərəvəzçiliklə məşğul oluruq. Kartof, soğan, kələm, kök, qarpız, yemiş əkirik. Əsas diqqəti isə meyvəçiliyə yönəltmişik. Alma, gilas, nar məhsulları yetişdiririk. Bağlarımız artıq məhsul verir”.

    Allah məhsulunuzu bol eləsin. Ancaq istər-istəməz sual yaranır – bütün bu işləri görmək üçün ilkin kapital hardandır? Axı Ə.Bayramovun “kalibrini” nəzərə alsaq, böyük ehtimalla 3-5 hektarı əkməklə kifayətlənməz. Onun sadaladığı işləri görmək üçün isə külli miqdarda vəsaitə ehtiyac var – hardandır bu vəsait? Bəlkə o da sabiq metropoliten rəisi Tağı Əhmədovun yolunu gedib? Xatırlayırsınızsa, Tağı müəllim MTN işindəki ifadəsində Çovdarova verdiyi 3 milyonun mənbəyi barədə suala “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab vermişdi… (azpolitika.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR