Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox zərər dəyib.
Bunu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tətqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
O, işğaldan azad edilən rayonlarda kənd təsərrüfatının bərpası ilə bağlı görüləcək işlər barədə məlumat verib.
“Ümumi torpaqlar işğaldan azad oldduqdan sonra 155 min hektar sahə yenidən bizim əkin dövriyyəmizə cəlb olunacaq. Burada təqribən 400 mindən yuxarı iribuynuzlu heyvanlardan ibarət sürü, 1,5 milyondan çox xırda heyvan sürüsündən ibarət bir təsərrüfat formalaşacaq. Nəticə etibarilə, böyük həcmdə ət və süd məhsulları istehsal ediləcək.
Eyni zamanda, bu ərazilərdə üzüm sahələrinin əkini bərpa ediləcək, tərəvəz və tütün istrehsalı imkanları genişlənəcək. Aparılan qiymətləndirmələr onu göstərir ki, bu regionda yaradılacaq istehsalın dəyəri indiki kənd təsərrüfatı istehsalı göstəricilərinə nisbətdə 8 faizdən yuxarı olacaq. İşğal müddəti ərzində biz hər il sanki öz kənd təsərrüfatı üzrə mövcud potensialımızın 8 faizini itirmişik” - deyə, o vurğulayıb.
Onun sözlərinə görə, hər il bu ərazilərdə 45 min ton ət istehsalı gözlənilir və bu, indiki 30-35 min ton həcmindəki idxaldan belə daha böyükdür. Həmçinin, 200 min tondan yuxarı süd istehsalı gözlənilir ki, bu da ümumi süd istehsalının 10 faizə qədəridir. Bununla da, ölkəmizə heyvandarlıq məhsulları üzrə 200 milyon dollardan yuxarı idxalı əvəz etmək imkanları yaranacaq.