XXI əsr Azərbaycanın qədim torpaqlarında yaradılmış Ermənistan dövlətinin sonu ola bilər. Bu gün İrəvanın mərkəzində baş verən qarşıdurmalar, xaos, hakimiyyətsizlik bu fikrin reallaşacağından soraq verir
Qarabağın mənəvi paytaxtı Şuşanın işğaldan azad olunduğu gün sevinc duyğuları içində nədənsə antihumanist erməni xislətinin ən tipik canlı obrazı Zori Balayanı xatırladım. O Zori Balayanı ki, Qarabağ münaqişəsində fəallığına görə 2006-cı ildə "Arsaxın qəhrəmanı" fəxri adı veriləndə ona Şuşa şəhərində təmtəraqlı təltif mərasimi keçirilmişdi...
Xatırladaq ki, fitnəkar Z. Balayan Şuşaya dəfələrlə gəlmişdi, hətta bir dəfə çiyinlərini güclə darta-darta oynamışdı da. Bu ilin fevral ayında isə Şuşada qondarma “dqr”in prezidenti onu 85 illiyi münasibətilə təbrik edib, “şərəfinə” ziyafət vermişdi.
Sentyabrın 27-də Milli Ordumuz zəfər yürüşünə başlayanda adı erməni siyasi tarixinə "Qarabağ hərəkatının qəhrəmanı və lideri" kimi düşən daşnak tör-töküntüsü, qoca faşist cəlladı Zori barədə sosial şəbəkələrin birində belə post paylaşılmışdı: “Bu şərəfsiz ölmədən bu günü görməli idi. Bişərəf... Zori Balayan, Allah sənə bir az ömür versin ki, bu əzabları doyunca cəkəsən...” Deyir əzəldən Oğuz elinin alqışı alqış, qarğışı da qarğış olub. Elə duadan çox qarğış kimi səslənən bu fikirlərin gerçəkləşməsi çox çəkmədi. Sən demə, 85 yaşlı uşaq qatili öz nəvəsi ilə elə sentyabr ayının sonlarında Şuşaya, erməni ordusuna ideoloji təlim və mənəvi dəstək verməyə gəlibmiş. Lakin “Kür-Araz deyəndə kəkələyən, xırda budaqların üstə oturub, böyük budaqları silkələyən” zavallı və saxta "qəhrəman" rəşadətli Azərbaycan əsgərlərinin ilk qələbələrindən qorxuya düşüb və küçüyünü də götürüb, özgə qapılarda sülənən köpək kimi Şuşadan birbaşa İrəvana qaçıb.
Bəli, 30 il əvvəl Qarabağ işğalının və müharibəsinin əsl səbəbkarı, xalqımızın siyasi və ideoloji düşməni Zori Balayanın kim olduğunu Azərbaycanın yaşlı nəslinin nümayəndələri yaxşı bilirlər. Bu gün Qarabağımız işğaldan azad olsa da, qoy müasir gənclərimiz və gələcək nəsillər Azərbaycan haqqında həmişə təhqiramiz, iftiralarla dolu kitablar, məqalələr yazan, mayası daşnak toxumundan yoğrulan belə erməni qələm sahiblərini tanısınlar və əlləri minlərlə soydaşımızın qanına bulaşan zori balayanları, silva kaputikyanları, robert koçaryanları, serj sarkisyanları, nikol paşinyanları, araik arutyunları və başqa “yan”ları dünyaya tanıtmaqdan bir an da olsun əl çəkməsinlər, yorulmasınlar keçməsinlər.
Zori Balayanın ötən əsrin 80 –ci illərinin əvvəllərində erməni dilində nəşr olunan "Ocaq" kitabı 1984-cü ildən Moskvada rus dilində təkrar-təkrar nəşr edildi. Kitabda Qarabağın, Naxçıvanın, Gəncənin guya tarixən ermənilərə məxsus olduğunu, bu ərazilərdə tarixi abidələrə, yerlərə, mədəniyyətə malik olduqlarını uydurur, öz qeydlərində erməni və rus tarixçilərinin cəfəng fikirlərinə istinad edirdi. Bu kitabı ilə beynini zəhərlədiyi erməni gənclərini vandalizmlə silahlandıran Z. Balayan türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni adlandırırdı. Söz yox ki, Azərbaycanın başının üstündə qara buludlar oynadığı o dövrlərdə bir çox elm adamları Zori Balayana açıq məktublar yazıb, onun milli ədavəti qızışdıran fikirlərinə etirazlarını bildirirdilər.
Lakin həmin illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışan şair-tərcüməçi Eldar Baxışın “Ocaq” kitabının müəllifinə ünvanladığı şeiri dillər əzbəri oldu:
O nədir yazmısan, Zori Balayan,
“Bala” da bizimdir, “zor” da bizimdir.
Ölmək istəyirsən gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.
Qubadlıda dünyaya göz açan və 48 il ömür sürən mərhum Eldar Baxışın “İrəvan dilində xoruzlanan, Moskva dilində zarıyan oğlan” deyə xitab etdiyi Zori Balayanın “Ocaq” kitabının təkrar nəşrlərini maliyyələşdirən imkanlı erməni daşnakları 1988 –ci ildən başlayaraq Ermənistanda yaşayan minlərlə Azərbaycan ailəsinin dədə-baba ocağını söndürdülər, 1992 –ci ilin fevralında XX əsrin dəhşətli qırğınını -Xocalı soyqırımını törətdilər...
Zori Balayanın faşist, qaniçən təbiəti özünü 1996-cı ildə Moskvada nəşr olunan "Ruhumuzun oyanışı" ("Ojivlenie naşeqo duxa") kitabında da bütün açıqlığı ilə büruzə verir. Kitabın Xocalı faciəsindən bəhs olunan hissəsi müəllif tərəfindən sevinc və ermənilərə xas olan milli qürur hissi ilə qələmə alınır. Z. Balayan xalqımıza qarşı törədilən dəhşətli soyqırımda iştirakı və "qəhrəman" əməlləri barədə belə yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərənin çərçivəsinə mıxlayırdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi... Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini balta ilə hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə qürur duyacaq..."
İxtisasca həkim olsa da amma azərbaycanlı uşaqla etdiklərinə görə məmnun qalan Zori Balayan həmin tükürpədici səhnənin ardınca yazır: “Ertəsi gün biz kilsəyə dua etməyə getdik ki, ruhumuz və 1915-ci ildə öldürülənlərin ruhu dünən gördüyümüz çirkabdan təmizlənsin. Lakin biz Xocalını vətənimizi işğal edən 30 min insandan təmizləmişdik."
Zori Balayan özünün ideya müəllifi və “memarı” olduğu Dağlıq Qarabağ münaqişəsinə sonuncu sovet imperatoru M. Qorbaçov başda olmaqla həmişə Rusiyanın hərbi-siyasi rəhbərlərinin diqqətini cəlb etməyə çalışmışdı. Onlardan biri də 2002-ci ildə 52 yaşında vertalyot qəzasında ölən, amma sağlığında həmişə Dağlıq Qarabağdakı erməni işğalçılarına mənəvi dəstək verən generel Aleksandr Lebed idi. 90-cı illərdə içki düşkünü Boris Yeltsinin Rusiyanın dövlət başçısı kimi zəifliyindən sui-istifadə edərək, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən rus generalının əsas əlaltılarından biri də Zori Balayan idi. O, hərbçi generallarla və siyasi partiyalarla separat danışıqlar aparır, A.Lebedin prezident olması üçün onlardan dəstək istəyir, onlara şirnikləşdirici vədlər verirdi. Həmin danışıqlara cəlb edilən və 1995-1998-ci illərdə Rusiyanın Daxili İşlər naziri işləmiş A.Kulikov sonralar bu barədə açıq etiraflarını yazmışdı. Yəni, əgər A.Lebed hakimiyyətə gəlsəydi, Rusiyanı idarə edənlərdən biri də Zori Balayan olmalı imiş...
Ermənistanı yenidən Rusiyanın müstəmləkəsinə çevirmək üçün dəridən-qabıqdan çıxan Zori Balayan V. Putinə ünvanladığı 34 səhifəlik açıq məktubunda gah müxtəlif ifadələrlə Putinə yaltaqlanaraq Azərbaycandan, Türkiyədən, Gürcüstandan Ermənistan üçün torpaq qopartmaqdan ötrü onu dilə tutur, gah Qarabağ probleminin həlli barədə yekə-yekə məsləhətlər verir, gah da aşkarcasına onu hədələyirdi: "Əgər Siz gələcək haqqında kəsərli düşünmürsünüzsə, onda o, Sizin olmayacaq..." Bir sözlə, Zori Balayan uzun-uzadı sicilləməsində yenə də Qarabağın tarixini erməniləşdirir, V.Putini erməni tarixçilərinin uydurmalarına, Qarabağın saxtalaşdırılmış tarixinə inandırmaq istəyirdi. Əsas məqsədi isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya tərəfindən Qarabağ münaqişəsinin "ədalətli həlli" və Azərbaycan ərazilərinin birdəfəlik ermənilərə verilməsi idi. Çox təəssüflər olsun ki, Zori Balayanın səpdiyi “ermənilik” toxumu ilə “cücərən” Ermənistanın bugünkü hərbi – siyasi rəhbərliyinin yalvarışları öz bəhrəsini noyabrın 10- da verdi. Rusiya sülhməramlıları yenə də Gəncədə, Bərdədə, Tərtərdə və başqa yaşayış məntəqələrində dinc əhalini qətlə yetirən erməni - faşist cəlladların “imdadına” yetişdilər. Rusiyanın “Tam əlaqə” verilişinin efirində ermənipərəst mövqeyi ilə seçilən qalmaqallı teleaparıcı Vladimir Solovyov bildirdi ki, Rusiya 321-ci briqadası bir az da gec gəlsəydi, Azərbaycan Ordusu Xankəndiyə girib, orada heç bir erməni əsgərini saxlamazdı: “Nəticə etibarilə Əliyev Paşinyanı məğlub etdi. Paşinyan 30 il davam edən razılaşmaları yerinə yetirmək əvəzinə,
Şuşada rəqs edərək, Azərbaycana qarşı təxribat etdi, andiçmə mərasimi keçirdi. İndi isə Paşinyan öz xalqından gizlənir. Əgər insanlar Paşınyanı tapsaydı, onu parçalayacaqdılar.” Bəli, Solovyov demişkən, Rusiya Xankəndidəki olan-qalan erməni əsgərlərini xilas etdi.
Amma əməlləri Zori Balayan, Nikol Paşinyan kimi uşaq qatillərini cəhənnəmdə cayır-cayır yanmaqdan xilas etməyəcək. Azərbaycanın Qarabağ zəfəri isə qoca və əbləh Zorini ağlar günlər qoyub. Şübhəsiz ki, Qarabağda məhv edilən erməni əsgərlərinin anaları övladlarının ölümünə görə əsas təqsirkarlardan olan Zori Balayan kimi mənfur, qaniçən millətçi daşnakdan da hesab soracaqlar...
Mən isə yazıma jurnalist Ariz Abduləliyevin “Nuhçıxan" İnformasiya Agentliyində dərc olunmuş "Arsax qəhrəmanı" Zori Balayan da Qarabağdan qaçdı!” məqaləsindəki bu fikirlərlə yekun vururam: “Hara qaçsan da, divara mismarlayıb dərisini soyduğun və parçalayıb itlərə yem kimi atdığın o uşaqların ah-naləsindən, onların günahsız ruhunun divanından, şəhid oğullarımızın haqq qisasından heç yerə qaça bilməyəcəksən. Sən və sənin kimilərin özünü də, məxsus olduğu xalqı da, ölkəni də bütün tarixdə şərəfsizliyə, qeyri-insanlığa, haqqazidd əməllərə, işğala, günahlara, qeyri-sivil yaşayışa, müharibələrə, xalqlararası münaqişələrə və nəhayət, qaçılmaz məhvə məhkum ediblər.”
Nurəddin Muğanlı