Noyabrın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, parlamentin sədri görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə haqqında məlumat verib.
O bildirib ki, bu qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub:
“Qonaqların rəhbərlik etdiyi qurumlar bu gün türk dünyası ölkələri arasında əlaqələrin möhkəmlənməsi işinə böyük töhfələr verir. TÜRKPA bu istiqamətdə parlament əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hazırda bu təşkilata sədrliyi Azərbaycan Milli Məclisi həyata keçirir. Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik. Çünki bu qurum təşkilata üzv ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsində böyük rola malikdir”.
Görüşdə Sədr Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, fəaliyyətindən söz açıb.
Görüşdə çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Türk Akademiyasının prezidenti Darhan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Məclisin Sədrini, Azərbaycan xalqını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ediblər.
Sonra qonaqlar təmsil etdikləri təşkilatların fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, gələcəkdə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında, o cümlədən, Şuşada beynəlxalq səviyyəli tədbirlər keçirmək niyyətində olduqlarını söyləyərək, bu məsələ ilə əlaqədar fikirlərini bölüşüblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.