AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən mühüm Xankəndi mesajı...

  • + A
  • - A
  • 18-11-2020, 21:18


    Bütün Azərbaycan o FOTOlara baxır...

    Hətta bütün dünya baxır...

    O qədər heyrətamiz, doğma və misilsizdir ki... Sanki həyatımızın, taleyimizin, şərəfimizin, qürurumuzun, dünənimizin, bu günümüzün, gələcəyimizin, ən önəmlisi, Qələbəmizin fotolarına baxırıq.

    Bəli, o fotolardan Vətən görünür. Vətənimiz... Prezident İlham Əliyev Bayraqdır, Dövlətdir, Millətdir o görüntülərdə.

    Sülh sazişi hələ bağlanmayıb. Yalnız atəşkəs elan olunub. Erməni silahlı dəstələri hələ torpaqlarımızı tərk etməyib. Hətta rusiyalı sülhməramlılarla erməni başıpozuq dəstələrinin atışmaları barədə sosial şəbəkələrdə xəbərlər dolaşır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənmə prosesinə başlanılmayıb. Belə bir riskli və təhlükəli şəraitdə Prezident Füzuli və Cəbrayıla – işğaldan azad olunmuş rayonlarımıza səfər edir.

    Daha da heyrətamizi: Tək deyil, həyat yoldaşı, həm də sözün bütöv mənasında silahdaşı, Birinci xanım, Birinci vitse-prezident da yanındadır.

    Təsəvvür edin, biz media rəhbərləri olaraq o bölgələrə səfərimizin təşkil olunması üçün cəmi 1 gün öncə müraciət etmişik. Bizə cavab verilib ki, hələ təhlükəlidir, gözləyin. Amma İlham Əliyev Mehriban xanımla birlikdə həmin o təhlükəli ərazilərdədir...

    O qədər əzəmətlidir ki...

    Prezident İlham Əliyevin əzmini, əzəmətini, cəsarətini və miqyasagəlməz qəhrəmanlığını gördükcə sevinc və fərəhdən adamın ayaqları yerdən üzülür. Bir insan Vətənini və Torpağını necə bu dərəcədə, bu səviyyədə, bu böyüklükdə sevə bilər?

    Bu nə sevgidir, bu nə inamdır, siz nə edirsiniz, Cənab Prezident! Dünənəcən qanlı döyüşlərin getdiyi ərazilərdir bura. Terrorçu mahiyyətli ölkəylə düşmənik...

    Hələ üstəlik, Mehriban xanım deyir ki, “maşını saxla, piyada gedək”...

    Mən əminəm ki, dövlət rəhbərliyinin təhlükəsizliyinə məsul olanlar da ən azı bizim qədər şokdadır...

    Hər şey spontandır. Görünən odur ki, heç nə, heç bir şey uzun-uzadı, öncədən planlaşdırılmayıb.

    Füzuli... Şəhidlərimizin qanıyla suvarılan torpaq. Prezidentin Füzuli müjdəsini verdiyi çıxışı yadınızdadır? Demişdi ki, Füzuli döyüşlərini dünya hərb elmi araşdıracaq, öyrənəcək.

    Bu, o Füzulidir. Ali Baş Komandan məhz orada maşını saxlayır, enir və sonsuz sevgiylə, ehtiramla, şövqlə onu alqışlayan insanları salamlayır. İnsanlara yaxınlaşır. Heç bir narahatlığı yoxdur. İnsanlara səmimiyyətlə, sevgiylə, inamla baxır...

    İnsanlar “İlham” qışqırmır, insanlar İlham Əliyevi görən kimi “Qarabağ” deyir, “Vətən” qışqırır.

    Bilirsinizmi bu nə deməkdir?

    Bu, İlham Əliyevin Yurd, Vətən, Qarabağ olması deməkdir!

    O səhnəyə dəfələrlə, təkrar-təkrar baxdım. Nə gördüm, nə hiss etdim, bilirsiz? Bir yazar üçün gördüklərini yazmaq çox asandır. Amma hiss etdiklərini qələmə almaq, sözə çevirmək o qədər çətindir ki...

    Ürfani Sevgi var İlham Əliyevə. Bu, alışdığımız, təsəvvür etdiyimiz və ya etməyə çalışdığımız o məlum duyğulardan daha fərqli, daha ötə və daha üstün Sevgidir. Yaxın-uzaq keçmişimizə, tariximizə nəzər salaq, xatırlamağa çalışaq. Kimə qarşı olub bu sevgi?

    Tariximizin ən şanlı səhifələrini yazan Nadir Şaha olmayıb. Dilimizin əzbəri deyil bu isim. Baxmayaraq ki, Hindistanı fəth etmişdi. Sələflərindən qalan dövlət ərazilərini ikiqat artırmışdı, böyütmüşdü. Milyon kvadratkilometrlərlə ölçülən torpaqlar qatmışdı torpağımıza. Böyük Sərkərdəmizə sayğı vardı, etimad vardı, sevgi də vardı. Ancaq... İlham Əliyevə olan Sevgi Selindən fərqli...

    İlham Əliyevə olan sevgini yalnız Şah İsmayıl Xətaiyə olan xalq məhəbbəti ilə müqayisə etmək olar. Şah İsmayıla ürfani sevgi vardı. Bu, bir şaha, fatehə, sərkərdəyə olan münasibət deyildi. Mistik idi. Göylərlə əlaqəliydi, İlahi qatları vardı. Ona görə də 500 ildir dəyişmir, unudulmur, itmir, o enerji qəlbimizdədir. Məhz qəlbimizdə...

    Qarabağda “yüksək”, “uca”, “yuxarı” sözlərini adətən belə ifadə edirlər: “qəlbi”. Yəni ən yuxarı, ən üstün, ən uca. Şah İsmayıl ürəyimizin, qəlbimizin ən uca yerində olub həmişə. Əsrlərdir belədir...

    İndi İlham Əliyev həmin o QƏLBİ yerə - qəlbimizin ən UCA yerinə taxt qurub. Ürfanla, mistika ilə real qəhrəmanlığın - yeri gəlmişkən, mənim düşüncəmdə İlham Əliyev yalnız Milli Qəhrəman deyil, bu rütbədən, bu addan, bu fəxarətdən daha yuxarıdadır – cəsarət və əzəmətin mücəssəməsi kimi...

    Biz onu Prezident, Ali Baş Komandan kimi yox, ən başlıcası, öz doğmamız, əzizimiz, ciyərparamız kimi sevirik! Və o da bunu hiss edir.

    Şuşanı niyə aldı? Niyə Xankəndini yox, məhz Şuşanı?! Çünki bilirdi ki, Şuşa mənəviyyat paytaxtımızdır. Şuşasız bu toplum yarımçıq olar, dolu olmaz, bütöv olmaz. Ən ağır, ən çətin, hətta ağlasığmaz döyüşlər gedib Şuşa uğrunda. Canımızla, qanımızla, qəlbimizlə, qolumuzun, dizimizin gücüylə, təpəriylə almışıq Şuşanı. Şuşa qələbəsi, Şuşa döyüşü fərqlidir, çox fərqlidir. Bu yerüstü döyüş deyil. Bu, Göy döyüşüdür. Heç təsadüf deyil ki, Ali Baş Komandan bu savaşı iki dövlət arasında gedən müharibə adlandırmır, “Xeyirlə Şərin mübarizəsi”, Xeyirin Şər üzərində Qələbəsi adlandırır...

    Təəccüblənməmək, heyrətlənməmək, sevməmək mümkün deyil. Ali Baş Komandanım xanımının əlindən tutaraq Xudafərinə doğru gedir. Çünki o bilir ki, Şuşa nə qədər ruhumuzun paytaxtıdırsa, Xudafərin də bir o qədər Ruhumuzun birliyidir. Milli birliyimizdir, milli qürurumuzdur, milli dirçəlişimizdir Xudafərin. Xudafərinin mesajları bütün Azərbaycan türklərinədir – 50 milyon insanımıza yönəlik çağırışdır, ismarışdır, sevgi və həmrəylik mesajıdır.

    Bütün bunlar təsadüfdür? Yox. 30 illik arzularımızın məhz indi reallaşması təsadüf ola bilərmi? Niyə 10 il öncə yox, 10 il sonra da yox, məhz indi? Çünki İlham Əliyev hesablamışdı bütün bunları. Dövlətin gücləndirilməsi, ordunun gücləndirilməsi, bütün resursların Qələbə üçün toparlanması və yönəldilməsi, dəqiq hesablamalar və Zəfər.

    Xarici ekspertlər deyir, “İlham Əliyev xəritəni düzgün oxumağı bacardı”. Yalnız xəritənimi? Harda başlayıb harada bitirməyi, dünyanın supergüclərini, ermənipərəstləri, düşmənin havadarlarını mat qoyaraq, hər kəsi və şeyi son dərəcə dəqiqliklə, əminliklə hesabladı və müharibəni uddu. İndi o Qalibdir, o diktə edir, o həll edir bundan sonra olacaqları...

    Xankəndiylə bağlı dediklərinə diqqət edin... Yollarla, yeni yollarla bağlı planlarına diqqət edin.

    “Hələlik...” deyir. “Hələ ki...”

    Ərazi bütövlüyümüz deyir.

    Ermənilərə heç bir statusun verilməyəcəyini deyir.

    Ermənistana təzminat davası açılacağını deyir...

    Yəni müharibə bitməyib Azərbaycan Prezidenti üçün. Müharibə başlayır. Ən çətin və ən ağır müstəvidə...

    İlham Əliyevlə Mehriban Əliyevanın – Prezidentlə Birinci vitse-prezidentin əyinlərindəki hərbi geyim həm də bunun işarətiydi. İşğaldan azad olunan bölgələrimizə - erməni vandalizminin həyat izlərini sildiyi o torpaqlara Can, Həyat və İşıq aparmaq missiyasıydı...

    Gözəl günlər yaşayırıq...

    Ağrılarımız keçəcək...

    Yaralarımızı sarıyıb sarmalayacaq, sağaldacağıq...

    Bütün savaşlarımızın sonu Qələbəylə bitəcək...

    Qələbə Azərbaycana o qədər yaraşır ki...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR