Ukrayna PUA-ları Rusiyanın bir neçə regionunda neft emalı və sənaye obyektlərini vurub

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) gecə saatlarında Rusiyanın Perm və Rostov vilayətlərindəki neft emalı zavodlarına, Ulyanovskdakı müdafiə sənayesi müəssisəsinə və Voronejdə Ozon şirkətinin anbarına zərbələr endirib.
Permdə Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “Lukoyl-Permnefteorgsintez” zavodu hücuma məruz qalıb. Zavodun illik neft emalı gücü 13 milyon tondan çoxdur. İlkin məlumata görə, müəssisədə AVT-5 qurğusunda yanğın baş verib. Perm qubernatoru Dmitri Maxonin bölgəyə kütləvi PUA hücumu olduğunu və sənaye obyektinin zərər gördüyünü təsdiqləyib.
Ulyanovskda isə “Zavod İskra” müəssisəsi hədəfə alınıb. “Almaz-Antey” konserninə daxil olan zavod yarımkeçirici cihazlar, mikrodalğalı komponentlər və raketlər üçün mikroelektronika istehsal edir. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix hücum nəticəsində 8 nəfərin, o cümlədən bir uşağın yaralandığını bildirib. Sənaye və mülki infrastruktura ziyan dəydiyi qeyd olunur.
Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu da PUA hücumuna məruz qalıb. Qubernator Yuri Slyusarın sözlərinə görə, zavod zədələnib və fəaliyyətini dayandırıb. Müəssisənin illik istehsal gücü 5,6 milyon tondur və burada benzin, mazut, dizel və digər yanacaq növləri istehsal olunur.
Voronej vilayətində isə hücumların Ozon şirkətinin anbarına yönəldiyi bildirilir. Məlumata görə, yanğın söndürülüb, lakin səhər saatlarında yeni PUA hücumlarına cəhdlər davam edib.
Həmçinin Voronejdə “Voronejsintezkauçuk” müəssisəsinin də hücuma məruz qaldığı bildirilib. Şirkət sintetik kauçuk və termoplastik elastomerlər istehsal edir.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev gecə ərzində şəhər və vilayətin altı rayonunun üzərində 88 PUA-nın ələ keçirildiyini açıqlayıb. İlkin məlumata görə, Voronejdə 4 nəfər yaralanıb, yaşayış evlərinə, avtomobillərə və sənaye obyektlərinə ziyan dəyib, bir neçə yanğın baş verib.
Rusiya rəsmilərinin açıqlamalarında hadisələrin Ukrayna PUA-larının hücumu nəticəsində baş verdiyi bildirilir. Hücumların miqyası və obyektlərə dəymiş ziyanın yekun həcmi barədə müstəqil məlumatlar hələ tam təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.