AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siqaretə ilk qullab: Uşaqlıqdan başlayan təhlükəli asılılıq

  • + A
  • - A
  • Bu gün, 13:56

    Siqaretə ilk qullab: Uşaqlıqdan başlayan təhlükəli asılılıq


    “Bir qullab çəkim, sonra çəkmərəm” düşüncəsi ilə başlayan sınaq sonradan illərlə davam edən nikotin asılılığına çevrilə bilər


    Uşaqlar və yeniyetmələr arasında siqaret və nikotin tərkibli məhsullardan istifadənin yayılması təkcə sağlamlıq deyil, həm də ciddi sosial problemə çevrilir. Yeniyetməlik dövründə başlayan tütün istifadəsi inkişaf etməkdə olan orqanizmə mənfi təsir göstərməklə yanaşı, nikotin asılılığının yaranması riskini də artırır. Bəzən “bir qullab çəkim, sonra çəkmərəm” düşüncəsi ilə başlayan bu sınaq sonradan zərərli vərdişə, hətta illərlə davam edən asılılığa çevrilə bilər.

    Bəs uşaqları siqaretə və digər nikotin məhsullarına cəlb edən səbəblər nələrdir və bu təhlükənin qarşısını necə almaq olar?

    “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində bu mövzuda mediada maarifləndirici məqalələrlə çıxış edir.


    Rəsmi statistika nə deyir?

    Dövlət Statistika Komitəsinin
    2025-ci il üzrə “Ev təsərrüfatları tədqiqatının yekunları” statistik məcmuəsində tütün istifadəsi ilə bağlı diqqətçəkən məlumatlar yer alıb.

    Məcmuənin “Tütün məmulatlarından istifadə” adlı 218-ci cədvəlinə əsasən, 15 yaşdan yuxarı əhalinin 15,4 faizi siqaret çəkir. Siqaret çəkənlərin 96,1 faizi hər gün, 3,9 faizi isə arabir siqaret çəkir.

    15–19 yaş qrupunda isə siqaret çəkənlərin payı 0,3 faiz təşkil edir. Bu yaş qrupunda siqaret çəkənlərin 76,4 faizi hər gün, 23,6 faizi isə arabir siqaret çəkir. Eyni zamanda, həmin yaş qrupunda siqaret çəkənlərin siqaretə başlama yaşı orta hesabla 16,7 yaş göstərilir.

    Rəsmi statistika yalnız 15 yaş və yuxarı əhalini əhatə edir. Bu səbəbdən 15 yaşdan aşağı uşaqlar arasında mümkün tütün istifadəsi halları həmin göstəricilərdə əks olunmur. Halbuki daha erkən yaşda tütünlə tanışlıq inkişaf etməkdə olan orqanizm üçün ciddi təhlükə yarada bilər.

    Nikotin uşağın orqanizminə nə edir?

    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) aldığımız məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tütün istifadəsini qarşısı alına bilən əsas ölüm səbəblərindən biri kimi qiymətləndirir.

    Tütünçəkmə ağciyər xərçəngi, xroniki tənəffüs yolları xəstəlikləri və ürək-damar xəstəlikləri də daxil olmaqla bir sıra ağır xəstəliklərin yaranma riskini artırır. Yanan siqaretin tüstüsündə 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən xərçəngə səbəb olan çoxsaylı maddələr mövcuddur.

    Uzunmüddətli siqaretçəkmə qan damarlarının zədələnməsinə və daralmasına, aterosklerozun sürətlənməsinə, nəticədə isə infarkt və insult riskinin artmasına səbəb ola bilər. Tütün istifadəsi ağciyər, ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, mədə, böyrək, mədəaltı vəzi və digər orqanların xərçəngi riskini də artırır.

    Tütün istifadəsi vərəmlə də əlaqələndirilir. Tütün çəkən insanlarda vərəmin yaranması və xəstəliyin ağırlaşması riski artır.

    Təhlükə yalnız adi siqaret deyil

    Son illərdə yeniyetmə və gənclər arasında elektron siqaretlərə marağın artması da ciddi narahatlıq doğurur. Elektron siqaretlərin tərkibində nikotin olduqda onlar yüksək dərəcədə asılılıq yarada bilər.

    İSİM-dən verilən məlumata görə, vapinq edən insanların sonradan adi siqaret və digər tütün məhsullarını sınamaq ehtimalı daha yüksəkdir. Bu isə xüsusilə yeniyetmələr üçün əlavə risk yaradır.

    Azərbaycanda 2026-cı il aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, həmçinin istifadəsi qadağan edilib. Bununla bağlı qanunvericilikdə məsuliyyət tədbirləri də müəyyənləşdirilib.

    Qanunvericiliyə əsasən, tütün məmulatlarının istifadəsi təhsil və tərbiyə müəssisələrində də qadağandır. Təhsil müəssisələrinin ətrafında tütün məmulatlarının satışına da məhdudiyyət qoyulub. Azyaşlılara tütün məmulatlarının satılması da qanunvericiliklə məsuliyyət yaradır.

    “Artıq gecdir” düşüncəsi yanlışdır

    Bəzən insanlar uzun müddət siqaret çəkdikdən sonra tütündən imtina etməyin artıq faydasız olduğunu düşünür. Halbuki siqaretdən imtina etmək sağlamlıq baxımından istənilən yaşda fayda verə bilər.

    İSİM ekspertlərinin məlumatına görə, sonuncu siqaretdən sonra orqanizmdə müsbət dəyişikliklər başlayır. Vaxt keçdikcə ürək-damar və tənəffüs sistemi ilə bağlı risklər azalır, ağciyərlərin fəaliyyəti yaxşılaşır və bir sıra xəstəliklərin yaranma ehtimalı aşağı düşür.

    Yəni “ziyanın yarısından da qayıtmaqda fayda var”. Ən yaxşısı isə uşağın həmin ilk “qullab”ı heç vaxt çəkməməsidir.

    Amerikalı model Ueyn Maklaren – bir vaxtlar tütün şirkətinin reklam simalarından biri olmuş şəxs – 52 yaşında ağciyər xərçəngindən vəfat etməzdən əvvəl siqaretin insan həyatına vurduğu zərəri belə ifadə etmişdi:

    “Məni məhv edən tütün insanların bütün gözəl və xeyir əməllərini külə döndərir”.

    Uşaqları tütündən qorumaq yalnız valideynlərin və ya məktəbin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Çünki bir uşağın “sadəcə bir qullab” kimi gördüyü sınaq gələcəkdə nikotin asılılığına çevrilə bilər.

    Bu məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində hazırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR