Zəngəzur dəhlizinin Azərbaycan hissəsi tamamlanır

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan paneldə çıxışı zamanı bildirib.
“Orta Dəhliz: Ticarət, sənaye və bağlantılılıq potensialının reallaşdırılması” mövzusunda keçirilən paneldə çıxış edən E.Məmmədov deyib ki, dəhlizin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb.
Onun sözlərinə görə, Ermənistan ərazisində dəhlizin 42 kilometrlik hissəsində işlərə başlanması ilə Asiyadan Avropaya yüklərin 12-15 gün ərzində daşınması mümkün olacaq.
Nazir müavini Zəngəzur dəhlizinin açılmasının iqtisadiyyatların inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
E.Məmmədov Azərbaycan-ABŞ iqtisadi əlaqələrindən də söz açıb. O bildirib ki, iyun ayında keçirilən ilk Azərbaycan-ABŞ iqtisadi dialoqu praktiki əməkdaşlığın genişləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı olub.
Nazir müavini qeyd edib ki, dialoq çərçivəsində Amerika şirkətləri ilə bir sıra mühüm razılaşmalar əldə olunub. Həmçinin kritik minerallar, rəqəmsal infrastruktur və mədəniyyət sahələrində əməkdaşlıq sənədləri hazırlanıb.
Onun sözlərinə görə, “Exxon” şirkəti ilə qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Eyni zamanda, kritik mineralların tədarükü, hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.