AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçının azad olunması ilə yeni dövr başlayır - ŞƏRH

  • + A
  • - A
  • 1-12-2020, 22:00

    Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən bir gün sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Laçının da bəzi kəndlərinin işğaldan azad olunduğunu açıqladı. Bunlar Qubadlıya yaxın olan Güləbird, Səfiyan və Türklər kəndləri idi.

    Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonumuzdan biridir. Ərazisinin böyüklüyünə görə, Kəlbəcərdən sonra ikinci böyük rayonumuzdur. Bu rayonun ərazisində 1 şəhər, 1 qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd olduğunu və Laçının qərbdən Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu torpaqların işğaldan azad olunması üçün kifayət qədər insan itkisi qaçılmaz olmayacaqdı.

    Bu üzdən Prezidentin dediyi kimi, bir güllə atılmadan, heç bir ölüm olmadan Laçın rayonu Azərbaycana təhvil verildi. Bu isə müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistanın kapitulyasiyası aktına imza atması nəticəsində baş verdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli oldu.

    Bəs Laçının işğaldan azad olunmasından sonra nə baş verdi və ya nə baş verəcək?

    1. 1992-ci ilin mayın 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş Laçın rayonunun Azərbaycana təhvil verilməsi bir çox məqamlara aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ilin aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamədə yer alan “Erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından” biri də məhz Laçın idi.

    2. Laçın yuxarıda da qeyd etdiyimiz kimi çox strateji nöqtədə yerləşən rayonlarımızdan biridir. Rayonun Dağlıq Qarabağı Ermənistanla birləşdirməsi həm ermənilər, həm də azərbaycanlılar üçün önəm kəsb edir. Məhz 1992-ci ildə bu rayonun işğalı Ermənistan silahlı qüvvələrinin işini asanlaşdırdı. Laçın işğal edildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yarandı, hərbi qüvvə və texnikanın gətirilməsi kütləviləşdi, nəticədə torpaqlarımızın işğal olunması prosesi sürətləndi. Laçının Azərbaycana geri qaytarılması ilə Ermənistanla sərhədlər (istər Kəlbəcər, istər Qubadlı, istərsə də Zəngilan tərəfdən) tamamilə Azərbaycan tərəfindən qapadıldı. İndi bu dörd rayonun keşiyində əsasən Azərbaycan sərhədçiləri rol dayanacaq.

    3. Laçın digər işğaldan azad olunmuş ərazilərimiz kimi zəngin təbii sərvətlərə malikdir (bu barədə ətraflı digər yazılarımızda tanış ola bilərsiniz). İşğaldan azad olunmuş ərazilərin təbii sərvəti, meşə, su fondu, zəngin mineralları, inkişaf üçün böyük iqtisadi, kənd təsərrüfatı, turizm potensialına malik olmasından kitablar yazmaq olar. Laçının işğaldan azad olunması ilə Azərbaycanın su ehtiyatları artacaq. Çünki uzunluğu 100 km-dən artıq olan və mənbəyi ölkəmizdə formalaşan 4 çaya nəzarət bərpa edildi ki, bu da yerli təsərrüfat, əkinçilik üçün böyük əhəmiyyətə malikdir.

    4. Laçın şəhərində Azərbaycan bayrağı dalğalandırıldı. Baxmayaraq ki, Azərbaycanın diktəsilə eni 5 km olmasına razılaşdırılmış Laçın dəhlizi ermənilərin Dağlıq Qarabağda məskunlaşması və gediş-gəlişinin təmin olunması üçün Rusiya sülhməramlılarının nəzarətində qalacaq. Dəhliz isə Laçın şəhərinin ərazisindən keçdiyindən, ən azı 3 il bu şəhərdə sülhməramlılar qulluq edəcək. Ancaq Prezident İlham Əliyevin bugünkü çıxışından da bəlli olduğu kimi, bu 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Yeni dəhlizin parametrləri müəyyən olunandan (Laçın şəhərindən kənar ərazidən keçəcək – S.M.) sonra Laçın şəhəri də tam Azərbaycanın nəzarətinə keçəcək. Hələlik isə Laçın şəhərində Azərbaycan bayrağı dalğalanacaq.

    Beləliklə, 10 noyabr Birgə Bəyanatına əsasən nəzərdə tutulmuş üç rayonun Azərbaycana təhvil verilməsi prosesi uğurla başa çatdırıldı. İndi Qarabağ bölgəsində Azərbaycan Ordusu, erməni əhalisinin yaşadığı Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıları, həmçinin Birgə Monitorinq Mərkəzində xidmət edəcək Türkiyə hərbçiləri qulluq edəcək.

    Azərbaycan Respublikasının isə bundan sonra digər öhdəlikləri yaranır. İşğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olmaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa edilməsi, orada yaşayan əhalinin rifahı üçün bütün addımların atılması və bunun həmin regionda yaşayan bütün insanlar, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər üçün təmin edilməsi belə öhdəliklərdən biridir. Azərbaycan hər zamankı kimi tolerant, müxtəlif xalqların azad yaşadığı ölkə olduğunu, 44 günlük müharibədə erməni milləti ilə yox, işğalçı hərbi-siyasi rejimlə mübarizə apardığını sübut etməlidir.

    Azərbaycanda artıq bugündən yeni dövr başlayır. Bu, quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrüdür. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərərək, dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR