Ölkə üzrə bir aya yaxındır, davam edən sərt karantin rejimi yanvarın 18-i başa çatır. Koronavirusa yoluxma isə ötən müddətdə əhəmiyyətli dərəcədə azalıb. Maraqlıdır, yoluxma statistikasının az olduğunu nəzərə alsaq, ilkin mərhələrdə hansı yumşalmalara getmək daha məqsədəuyğun olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev qarşıdakı həftədə yoluxmada artımın olmayacağı halda kiçik kafe və restoranların açılmasını təklif edib:
"Məlum olduğu kimi, dekabrın əvvəllərində koronavirusa yoluxma 5000-i keçirdi. Sərt karantin rejimindən sonra isə bu göstərici təxminən 7-8 dəfə azalıb. Elə gün olur ki, 500-600 arası yoluxmaya şahidlik edirik. Hələ sərt karantin rejimin sonlanmasına bir həftə qalıb. Əgər bu tendensiya yanvarın 18-dək davam edərsə, o zaman müəyyən yumşalmalara getmək lazımdır”.
Deputat hesab edir ki, yumşalmadan sonra təhlükəsizlik tədbirləri unudulmamaqla müəyyən sahələrin fəaliyyətinə icazə verilməlidir: "Yumşalmadan sonra sosial məsafənin qorunması və insanların bu məsələdə məsuliyyət hisini tam dərk etməsi lazımdır. Kiçik kafe və restoranları sosial məsafənin qorunması və digər önləyici təbdirlər ciddi nəzarət etmək şərti ilə açmaq olar. Satış mərkəzləri və marketlərdə spirtdən istifadə mütləqdir. Kiçik və orta sahibkarlar isə xüsusilə diqqətli olmalıdır".
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev isə qapalı məkanlarda ultrabənövşəyi lampaların istifadəsi ilə yumşalmanın təhlükəsiz olacağını qeyd edərək, ilk növbədə "SMS icazə"-nin ləğvindən söz açıb:
"Birdən-birə sərt karantin rejimini ləğv etmək olmaz, yumşalıma müəyyən mərhələrlə olmalıdır. Düşünürəm ki, ilkin olaraq "SMS icazə" ləğv olunmalıdır. Çünki insanların evdə həddindən çox zaman keçirməsi psixoloji gərinlik yaradır. Bundan başqa rüşvət yolu ilə portaldan icazə kimi neqativ hallar da artır. "SMS icazə"-dən sonra kişi və qadın gözəlllik salonlarının açılması da lazımdır. Yumşalmada prinsip belə olur ki, 2 həftə sonra yoluxma artırsa demək ki, saya təsir göstərən obyektlər məhz yumşalma olan obyektlərdir.
Restoran-kafelərin açılması da sosial məsafənin gözlənilməsi, bir də ultrabənövşəyi lampalardan istifadə ilə mümkündür. Ultrabənövşəyi şüalar buraxan lampaların istifadəsinə dair biz təklif vermişik. Çünki bu şüalar xəstə insandan havaya yayılan virusu bir neçə saniyədə öldürür".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.