Yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Bir müddət əvvəl kafe-restoran və mağazalar açıldı. Ayın 1-dən isə balacalar çoxdan həsrətində olduğu məktəblərə qədəm qoydular. Gələn həftədən
uşaq baxçalarının, yuxarı sinif şagirdlərinin, ali və orta ixtisas məktəblərinin açılması qərara alınıb, hazırda müvafiq orqanlar bu işlər üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək üçün çalışırlar.
Yuxarıda sadaladığım bütün məsələlərin həlli ilə bağlı Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. Sahibə xanımın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə edilməsi idi.
İclasda “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirildi. Dinləmədə deputatlarla yanaşı Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri iştirak edirdilər.
Onlayn toplantını giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov koronavirus infeksiyasının dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat etdiyini bildirib qeyd etdi ki, COVİD-19 infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.
İclasda gündəlikdəki məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklərin həyata keçirildiyi diqqətə çatdırıldı.
Bu gün koronavirusla bağlı vəziyyət stabil olsa da, yoluxma ilə azalma arasında ciddi fərqin olmasa da, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.
Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib element olduğunu diqqətə çatdırdı. Deputatlar Azərbaycanda icbari tibbi siğortanın həyata keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumatlandırıldı. Qeyd edilib ki, ötən il 23 rayonda icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib.
İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışdı.
Onlayn dinləmədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək qurumun pandemiya dövründə gördüyü işlər, xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verərək bildirdi ki, pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana, çarpayı fondu 570 olan Yeni Klinika istifadəyə verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı ortaq layihələr həyata keçirilib.
Dinləmələrdə çıxış edən mən və həmkarlarım virusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirdik, bu tədbirlərin virusun qarşısının alınmasında böyük rol oynadığını bildirdik. Onu da xüsusi qeyd edim ki, hər bir çıxışda dövlət rəhbərliyinə minnətdarlıq ifadə edildi.
Bir daha qeyd edirəm ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır.
Hər birinizi məsuliyyətli olmağa çağırıram. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edib, öhdəsinə düşəni etsə, tezliklə virusdan xilas olub, arzusunda olduğumuz normal həyata davam edəcəyik.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR