“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi üç startapa aktivlər təqdim edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
EnterpriseAzerbaijan.com portalına daxil edilən üç innovativ startapa Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
İnnovativ startapların dəstəklənməsi barədə razılıq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq çərçivəsində əldə olunub.
Layihələrdən birincisi “HealWith” startapıdır. Bu startap süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. Layihə hazırda prototip halındadır və 4 xəstəlik tanıyır. Yaxın zamanda sistemə 32 xəstəlik əlavə ediləcək və bazada yerləşdiriləcək.
Dəstək alan digər startap “İnterno” platforması tələbə və yeni məzun olan gənclərə ixtisaslarına uyğun təcrübə proqramlarını təqdim edən layihədir. Şirkətlər platformada özlərinə hesab açaraq elan etmək istədikləri təcrübə proqramlarını yerləşdirirlər. Tələbə və məzunlar portal vasitəsilə təcrübə proqramlarına müraciət edirlər. Gələcəkdə müsahibələr platforma üzərindən online formatda da həyata keçiriləcək.
Üçüncü innovativ layihə “Bonpini” starapıdır. Dünya təcrübəsində bir çox insan yaşadığı və ya işlədiyi əmlakı digərləri ilə bölüşərək aylıq kirayə haqqına qənaət edir. “Bonpini” bu xidməti onlayn şəkildə göstərir.
Qeyd edək ki, “EnterpriseAzerbaijan.com” portalının missiyası investisiya layihələr, startaplar və aktivlər, habelə, təbii resurslar və investisiya imkanları haqqında məlumatları xarici və yerli investorlara təqdim etmək və startapların inkişafına töhfə verməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.