AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarğaların etiraz aksiyası və ya BMT-yə ibrət dərsi (Olmuş əhvalat)

  • + A
  • - A
  • 10-03-2021, 14:30



    Nurəddin Ədiloğlu yazır.

    Bu qəribə və olmuş əhvalatı mənə Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zahid adlı bir tanışım nəql elədi. Yaşı əllini ötmüş Zahid əslən Ağdamdandır. Bakıda yaşayır. Xətai rayonunda gündüzlər ərazisində əsaslı təmir işləri gedən parkın gecələr qorovulunu çəkir. Ötən əsrin yetmişinci illərində hündür təpənin üzərində salınmış park yaşıl meşəni xatırladır. Təbiətin bu gözəl güşəsindən dənizə möhtəşəm mənzərə açılır və şəhərin panoramı çox aydın görünür. Zahid deyir ki, İkinci Qarabağ müharibəsi təzə başlamışdı. Mənfur düşmən ordusu döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Beyləqan və başqa şəhərlərimizi tez-tez raket atəşinə tuturdu. Hamı kimi mən də aralarında neçə-neçə azyaşlı uşaqlar olan mülki vətəndaşlarımızın qətlə yetrilməsindən çox hiddətlənmişdim. Ürəyimdə səhər-axşam düşmənin qadağan olumuş silahlarla insanlıq əleyhinə törətdiyi cinayətlərə göz yuman beynəlxalq təşkilatların qarasınca deyinirdim... Onu da yaxşı bilirdim ki, erməni faşistləri bu təxribatları törətməklə ordumuzun əks-hücum əməliyyatına mane olmağa cəhd edirlər. Düzünə qalsa, adamı ən çox əsəbləşdirən Birləşmiş MillətlərTəşkilatının susqunluğu idi. Günahsız insanlara qarşı törədilən qanlı terror aktlarına bu təşkilatın məhəl qoymaması çox təəccüb doğururdu.

    Həmin günlərin birində sübh çağı gecə növbəsindən çıxıb ürəyimdə BMT-nin ünvanına lənət yağdıra-yağdıra evə gedirdim. Qarovolçu köşkündən parkın çıxışına gedən yolda özümdən asılı olmadan birdən ucadan dedim: “Erməni faşistlərinin cinayətinə göz yuman BMT-nin başçısına Allah lənət eləsin!..” Bu zaman bir qara qarğa gəlib düz yolumun üstünə qondu. Yeni salınan göyənəkdə, enişli-yoxuşlu dar velosiped çığırlarının kənarında eşələnən qarğalar parkda abadlıq işləri görən fəhlələrin yaxınlığında saymazyana gəzib –dolaşardılar, bəzən uzaqdan kənar adam görəndə havaya qalxıb zeytun və şam ağaclarının sıx budaqlarına qonurdular. Mənim qarşıma çıxan qarğa isə iki ayağı üstündə hoppana-hoppana “qarr” deyib qarıldadı. Mat-mətəəl qalmışdım, bir an elə sandım ki, qarğa quş dilində mənə nəsə demək istəyir. Bilmirəm, bəlkə də bu qarğa mənim ucadan BMT-nin başçısına lənət eləməyimə etiraz edirdi?!. Ətrafıma boylandım, parkda ala və qara qarağalardan, çöl göyərçinlərdən və tək-tük qırğıdan başqa bir ins-cins gözə dəymirdi. Bu dəfə qarğanın acığına lap hündürdən BMT-nin, üstəlik

    ATƏT-in həmsədrlərinin də ünvanına qiyabi şəkildə üçqat söyüş dedim. Axı onlar da BMT kimi, 30 ilə yaxın idi ki, Azərbayana qarşı ədalətsizlik edirdilər.

    Əlqərəz, yavaş-yavaş qarğaya yaxınlaşandım: “Hə, noolub, yoxsa sən də o terrorçu, faşist ermənilərin vəzir-vəkilisən?” Qarğa bu dəfə fikrimə etiraz edirmiş kimi yenə quş dilində qarıldıyıb lap yaxınıma gəldi. Əyilib ehmallıca onu əllərimin arasına aldım. Quş atın nalına vurulan mıxı xatırladan dimdiyini dik tutub qapaqara parlaq gözləriylə mənə baxırdı. Qanadlarını çırparaq çabalayanda dedim: “Yaxşı, yaxşı, sakit ol! Anladım, sən ağıllı quşsan axı, heç vaxt erməni kimi faşistlə həmrəy olmazsan?..” Qara qarğa əllərimin arasında təzəcə sakitləşmişdi ki, parkın giriş qapısı cırıltıyla açıldı. Etibar adlı pəhlivan cüssəli bağban içəri daxil oldu. O, parkdakı yaşıllığa qulluq edirdi. Həmişə səhər erkəndən gəlib gah ağacları, gah da təzə salınan göyənəkliyi suvarırdı. Özü də adəti üzrə işə başlamamış bizim qarovolçu köşkünə gedib yaxşı çay dəmləyərdi. İndi köşkə sarı bir-iki addım atmışdı ki, məni görcək birdən duruxdu: “Alə, səsini çıxart də, yaxşı ki, qapını arxamca bağlamadım...”-dedi. Dedim: “Onsuz da hələ evə getmirəm.” Sonra Etibar əlimdəki qarğaya baxıb soruşdu: “Buna noolub, yaralıdır?”

    -Yox, yaralı-zad deyil, amma...

    Etibar mənim sözümü yarımçıq qoydu.

    -Amma nə? Bilmirsən ki, bu çox yırtıcı quşdur. Bizim qonşumuz Eyyub kişi bir dəfə poçdan qayıdanda qarabaqara izinə düşən bir qarğa qəfildən üstünə qırğı kimı şığıyıb başını-gözünü qanatmışdı...

    Zarafatla dedim ki, yəqin o Eyyub kişinin də bir eyibi-zadı olub... Axı mən də bayaq ayıb-ayıb BMT-ni, ATƏT-i söyüşlə topa tutddum, ona görə bu qarğa da gəlib Ərəbzəngi kimi yolumu kəsdi...

    Etibar BMT-nin də, ATƏT-in adını eşitcək özündən çıxdı. Bakı ləchəsiylə məndən də beşqat qəliz söyüşlər söydü, üstəlik rus dilində xoruz səsi eşitməmiş biədəb sözlər də dedi... Əlimdəki qarğa sanki rus dilini bilirmiş kimi, bərkdən qarıldadı. Bu zaman ağaclarda, yolda-kolda olan bütün qarğalar hərəkətə gəldi.

    Etibar dedi: -Zahid, səni and verirəm Allaha, burax getsin o quşu. Xarici film var. Qəzəbli qarğalar adamlara hücum edirlər...

    -Hə, o filmə mən də baxmışam, amma orda qarğalar deyil, qağayılar, quzğunlar, hətta sərçələr adamlara hucum edirlər....

    -Əşi,nə fərqi var, quş quşdur dəə... Dimdikləri də mismar kimidir...

    Qarğa yenə əllərimin arasında fasiləsiz qarıldadı... Səsə gələn qarğa dəstəsi ətrafımızda yerə qonub, bizi mühasirəyə aldılar.

    -Sən öl, Etibar, yəqin bu qarğaların BMT-nin, ATƏT-in başında duran adamlara qohumluqları çatır...

    Etibar dedi: - Ay Zahid, burax getsin də o şoqəribi, indi bu qarğalar bizi Eyyub kişinin gününə salacaqlar.

    Mən “yaxşı” deyib üzümü qarğaya tutdum:

    -Allah siz qarğaların birliyini BMT-yə versin!..

    Əllərimi açan kimi qarğa uçub yaxınlıqdakı uca Eladar şamının budağına qondu. Köməyinə gələn o bir qarğalar da sakitləşib, daha qarıldaşmırdılar. Çox da uçub ağaclara qonmuşdu.

    Etibara dedim, hə, indi gəl gedək sənin o pürrəngi çayından adama bir fincan içək!..

    Birdən Etibar nə düşündüsə ayaq saxladı:

    -Rəhmətliyin oğlu, -dedi,- nə çay, bu qarğa başımızı o qədər qatdı ki, yadımdan çıxdı sənə deyəm. Gözlərin aydın olsun, gecə biimkilər Şuşanı da aldılar.

    Mən sevincimdən karantin qaydalarını pozub uşaq kimi Etibarın üstünə atıldım.

    -Şad xəbər olasan, doğrudan da çay nədir, bu xəbəri əməlli-başlı qeyd etmək lazımdır...

    Sonra hər ikimiz üzərində üçrəngli milli bayrağımız dalğalanan qarovulçu köşkünə sarı addımladıq.

    ...O gün xəyalım quş kimi uşaq çağlarında nağıllar aləminə düşdüyüm Şuşada qanad açmışdı...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR