Prezident İlham Əliyev: Qarabağ Azərbaycandır!
Mən Qarabağam, Biz Qarabağıq!
Şimali Osetiya - Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində "Azərbaycanlılar Konqresi" bu gün mərkəzi ofisində erməni vəhşiliyinə qarşı "Mən Qarabağam, Biz Qarabağıq!" adlı etiraz aksiyası keçirdi. Tədbiri giriş nitqi ilə konqresin fəxri prezidenti Şahin Məmmədov açaraq Gəncə soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verdi:
- Sentyabrın 27-də səhər saat 6-da Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca, Azərbaycanın mülki əhalisinə və infrastrukturuna ciddi zərərlər yetirməklə təxribatlar törətmişdir.
Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu əks-hücuma keçərək məkrli düşmənin atəş nöqtələrini məhv edib, xüsusi əhəmiyyət kəsb edən bir çox yüksəklikləri azad etməklə qələbə zəfərinin başlanğıcını qoydu.
XXI əsr hərb sahəsində döyüş taktikası ilə tarix yazan rəşadətli Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən mənfur erməni ordusu həm canlı qüvvəsi, həm də döyüş taktikası tərəfindən külli miqdarda itkilərə qalmışdır. Məğlubiyyətdən yaxa qurtarmaq üçün, ikili standart siyasətləri ilə tanınan havadarlarına üz tutan erməni siyasi rəhbərliyi oktyabrın 12-də humanitar atəşkəs rejiminə nail olmaqla öz itkilərini ört-basdır etməyə çalışdı. Çox təəssüflər olsun ki, rejimin tətbiqindən bir saat keçməmiş atəşkəs rejimini pozan erməni hərbi birləşmələri layiqli cavablarını aldılar.
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
Ermənistan silahlı qüvvələrinin döyüş bölgəsinə daxil olmayan Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Erməni vandalizmi nəticəsində Gəncə qətliamı və döyüş bölgəsindən kənarda yerləşən şəhərlərin iriçaplı silahlardan və raketlərdən atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralanların sayı durmadan artır. Ölənlər arasında məsum uşaqların olması isə çox üzücüdür.
Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlığa atılan raket 4 nəfər mülki şəxslərin həlak olması heç bir hüquqa sığmır. Bütün bunlar erməni vandalizminin, vəhşiliyinin bariz nümunəsidir.
Ali baş komandanımız İlham Əliyevin "Qarabağ Azərbaycandır" devizi altında rəşadətli ordumuzun zəfər yürüşünə Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız kimi Şimali Osetiyada yaşayan Bizlər də öz həmrəyliyimizi bildiririk.
Mən Qarabağam! Biz Qarabağıq!
[media=https://youtu.be/sECKdp4VZPI]
Elçin Şükür,
Şimali Osetiya "Azərbaycanlılar Konqresinin" mətbuat xidmətinin rəhbəri