Vətən müharibəsindən sonra dilləri qarınlarına girmiş ermənilərin “rus dilçəyindən” güc alıb indi yenidən Azərbaycana qarşı “dil” çıxarmaları gözlənilən idi. Müharibədə məğlub olan haylar qaragözlük edib əvvəlcə Rusiyanı günahkar çıxarsalar da, bunun heç bir işə yaramadığını görüncə, çıxış yolunu “şirin” dilləri ilə rus dabanını yalamaqda gördülər.
Əslində Rusiya “məramı sülh olmayanların” qoltuğuna girən separatçı erməni toplusunun bir gün öncə Xankəndidəki qondarma “parlamentdə” rus dilinin “ikinci dövlət dili” olması barədə “qərar” qəbul etmələrini yeni “Qarabağ filminin jurnalı” kimi qəbul edilməlidir. Çünki ermənilərin rus dilinə münasibəti şovinist-monoetnik ölkə olduqları üçün, azərbaycanlılardan fərqli olaraq həmişə aşağı səviyyədə olub. Məsələn, “itin dilini bilən” ermənilərin 1993-cü ildə qəbul etdikləri dil haqqında qanunlarında, tədris dili rus dili olan dövlət orta məktəbləri yoxdur. Başqa ölkə vətəndaşlığı olan və ya etnik azlıqlardan olan uşaqlar üçün isə alternativ olaraq, ölkənin 40 məktəbində yalnız bir neçə fənnin erməni dilində tədris olunduğu rus sinifləri mövcuddur.
Dağlıq Qarabağa gəlincə isə burada, Alvina Nersesyanın 2017-ci ildə elmi bülletendə nəşr olunmuş “Artsaxda rus dili: Tarix və müasirlik” adlı məqaləsində qeyd edilir ki, “Rusiya, rus dili, erməni xalqının, xüsusilə Artsax ermənilərinin həyatında əhəmiyyətli bir rol oynayıb. Üç əsr boyunca Qarabağ Rusiyanın təsir dairəsində idi. Rus-Qarabağ əlaqələri praktik olaraq Çar I Pyotrun dövründən başlayır, Qarabağ məlikləri ondan himayədarlıq istəyirdilər. 1805-ci ildə Rus-Fars müqaviləsinə görə (Kürəkçay müqaviləsi. red. M.A.) Qarabağ Rusiyanın yurisdiksiyasına daxil oldu və 1813-cü ildə Rusiya ilə Fars arasında bağlanan Gülüstan müqaviləsinə görə bütün Qarabağ Rusiya imperatorluğunun bir hissəsi olaraq, “əbədi və hər zaman” tanındı. Daha sonra bu müqavilənin müddəaları 1828-ci ildə Rusiya ilə Fars arasında imzalanan yeni Türkmənçay müqaviləsi ilə təsdiqləndi. Rus mədəniyyəti və rus dili Qarabağ ermənilərinin həyatının ayrılmaz hissəsinə çevrildi. Qarabağda, ermənilərlə rusların birlikdə yaşadıqları və birlikdə çalışdıqları, ortaq ailələr, həmçinin ortaq qəbiristanlıqlara sahib olduqları yerlər meydana gəldi. Sovet dövründə isə Artsaxda 10 rus məktəbi var idi, indi yalnız biri var. Bundan əlavə, rus dilində təhsil almaq hüququ bu gün əsasən ən azı bir valideyninin Rusiya vətəndaşlığı olan uşaqlara verilir”.
Doğrudur, müəllif tarixi olayları dəqiqliklə qeyd edib, ancaq heç bir yerdə bu ərazilərin Rusiya və İran arasında ikiyə bölünmüş Azərbaycan torpaqları olduğunu ruslara yalaqlıq edən dilinə gətirmir.
Əslində, Xankəndidə rus dilini “dövlətləşdirən” separatçıların məqsədi, heç də bu dilə aşiq olmalarından irəli gəlmir. Sadəcə məqsəd Azərbaycanın işini gələcəkdə “uruscağ” etməkdir...
Burada, ən maraqlı məqam isə onun “rus dilində təhsil almaq hüququ bu gün, əsasən ən azı bir valideyninin Rusiya vətəndaşlığı olan uşaqlara verilir”, - deməsidir. Bu isə o deməkdir ki, torbadakı “rus dili”nin səsi, yaxın bir neçə ildə “metis” – qarışıq soydan olan uşaq səsinə çevrilib mütləq çıxacaq. Yəni, erməni qızları hər dəfə bir rus əsgərinin doğum gününə tort bişirməklə, özlərini “şirinləşdirib” nikahlanaraq Rusiya vətəndaşlıqlarını təmin edəcəklər. Bundan sonra indi gəl, Dağlıq Qarabağda “ruslaşmış”, həmçinin, Rusiya vətəndaşı olmuş separatçılardan Xankəndini, Xocalını, Xocavəndi, Ağdərəni və Əsgəranı azad elə... Odur ki, bu məsələnin həllini gələcək nəsillərə saxlayıb, Dağlıq Qarabağı Donbasa, Luqanska və Krıma çevirmək heç bir halda yolverilməzdir.
Baxın, Çiçəklənən Ermənistan Partiyasının üzvü Naira Zohrabyan parlamentdəki brifinqdə, qondarma “dqr”də rus dilinə rəsmi status verilməsini məntiqli hesab edərək, “Yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaqın mükəmməl bir layihəsini təqdim edəcəyik” deyir. Maraqlıdır, özlərini iliklərinə qədər Rusiyaya vermiş ermənilər bundan sonra hansı yeni hərbi-siyasi ittifaqı nəzərdə tutur?
Doğrudur, separatçıların Azərbaycana qarşı yeni “dil çıxarmaları” ilə bağlı ölkə Prezidenti hələ ötən ayın 26-da, “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! “Arsax” dövləti olmayıb və olmayacaqda! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!”, - desə də, nə fayda, ermənilər Qarabağ məsələsində nə ana, nə də ataları saydıqları rusun dilində qanırlar. Onların qandıqları yeganə “dil” güc və ya zopa dilidir!
Odur ki, rəsmi Bakı separatçıların dilini dərhal kəsmək üçün, onlara “dilçəklik” edən Moskvanın qarşısına qəti şəkildə şərt qoymalıdır: qondarma “dqr”ə aid bütün qurumlar yaxın günlərdə ləğv edilməli, ora qondurulmuş “deputatlar” uçurulmalı, Xankəndində asılmış əski parçası yerə salınmalı və Arutyunyanla Balasanyan Azərbaycan prokurorluğuna təslim edilməlidirlər! Əks təqdirdə, Ermənistanı dirçəldəcək heç bir kommunikasiya açılışına getmək olmaz. Qoy, illər uzunu özlərini blokada şəraitinə salıb süründükləri kimi, bundan sonra da dilənçiliklərinə davam etsinlər.
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist