Aprelin 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir.
Spiker Sahibə Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Qeyd edilib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Sədr Azərbaycanla Türkiyənin təşəbbüskarı və iştirakçısı olduğu layihələrin əhəmiyyətindən danışaraq, bu layihələrin iki qardaş ölkənin inkişafına mühüm töhfələr verdiyini, regionda sabitlik və əməkdaşlığın genişlənməsində vacib rol oynadığını deyib.
Sahibə Qafarova ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən Milli Məclisin Sədri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. O, Erkan Özoralın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkarlıqla gələcəyindən əminlik ifadə edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbətdə Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.