AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şanlı tarixə şahid olduq

  • + A
  • - A
  • 17-06-2021, 19:25


    Əliabbas Salahzadə,
    Millət Vəkili


    Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır. 15-16 iyun 2021-ci il... Haqlı olaraq deyə bilərik ki, təqvimin bu günlərində tarixə şahid olduq. Bir millət – iki dövlət olan Azərbaycan və Türkiyənin yazdıqları şanlı tarixə... Bəli, özümüzü çox xoşbəxt hiss edirik ki, bu bəxtiyar günləri görmək nəsibimiz oldu. Müzəffər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Milli Qurtuluş Günündə kökübir qardaşı Türkiyə Cümhuriyyətinin Prezidenti böyük heyətlə işğaldan azad olunmuş Qarabağın incisi Şuşaya tarixi səfər etdi. O Şuşaya ki, bir il əvvəl düşmən Cıdır düzündə “Yallı” gedirdi.

    Əslində bu gün baş verənlər keçən ilin payızında Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin, həmin Qələbənin özü isə 1993-cü ilin 15 iyunundan bu yana Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasətin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan bu qələbəni yaxınlaşdırmaq üçün hər il, hər ay, hər ötən gün gərgin iş aparmışdır. Birinci Qarabağ müharibəsinin bitdiyi 1994-cü ildə bağlanmış atəşkəs sazişindən Vətən müharibəsi başlananadək düşmənin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində bütün bu illər boyu az qala hər həftə, hər gün şəhidlər verdik. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün çəkən müharibədə şanlı Zəfər qazandı, şəhidlərimizin qanı yerdə qalmadı, ruhları sevindi. Bu Zəfər yolunda qardaş Türkiyə yanımızda oldu, mənəvi, siyasi dəstək verdi.

    İyunun 15-də iki dövlət başçısı, iki qardaş arasında imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın, eləcə də regional təhlükəsizliyin qarantına çevirdi. Bu bəyannamə ilə Türkiyə və Azərbaycan qarşılıqlı hərbi öhdəliklər də götürmüş oldular. İndi əminliklə demək olar ki, Azərbaycanın hərbi təhlükəsizliyi Türkiyənin hərbi-siyasi qüdrəti ilə təminat altına alınıb. Bəyənnamədəki şərtlər Azərbaycana qarşı istənilən xarici təcavüz halında, Türkiyəyə dərhal hərbi müdaxilə hüququ tanıdır. Ona görə də, bundan sonra Azərbaycana hərbi təzyiq göstərmək niyyətinə düşən istənilən xarici ölkə bu faktoru mütləq nəzərə almalı olacaq. Beləliklə, 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Bununla da Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Həmçinin, bundan belə iki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər, bütün istiqamətlərdə birgə formalaşdırılacaq, iki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı qərarlar verəcək, iki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək, Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq, Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək, müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşacaq və s. Bir sözlə, demək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır.

    Azərbaycana səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə hər kəsin ürəyini riqqətə gətirən nitq söylədi:

    “Bəxtiyaram, çünki Qarabağ zəfərini qazanan can Azərbaycandayam. Bəxtiyaram, çünki Azərbaycan Milli Məclisində sizinlə bərabərəm. Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə yaxınlaşan Azərbaycandayam”. Qarabağ zəfəri ilə bağlı bir daha Azərbaycan xalqını təbrik edən R.T.Ərdoğan “bu zəfərdən bütün dünya qazanclı çıxacaq”, deyə vurğuladı.

    Türkiyə Prezidenti həmçinin təklif mesajı da verdi:

    “Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır”.

    Həqiqətən də Azərbaycanın zəfərindən bütün dünyanın, o cümlədən bölgə ölkələrinin qazanclı çıxması real perspektivdir. Türkiyə lideri Ermənistanı münasibətləri normallaşdırmağa çağırdı və Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatı təklif etdi. Bu platforma ilə istəyimiz ondan ibarətdir ki, bölgə rahatlıqla, sülh içində yaşayan bir bölgəyə çevrilsin və bu addımı atmaq üçün hər cür fədakarlığa hazır olduğunu bildirdi.

    Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkilərinə saylı günlər qalmış və Cenevrədə Rusiya-ABŞ sammiti ərəfəsində Türkiyə liderinin Azərbaycana səfəri Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallığı əks etdirməlidir.

    Əlbəttə, Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Artıq düşmənin düşərgəsində də Azərbaycanın qələbəsini həzm etməyin gərəkliyini başa düşüblər.

    Yaşasın Türkiyə-Azərbaycan dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR