AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye zavodunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin texnoparkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru Vasif Abbasov Milli Qurtuluş Günü münasibətilə bütün əməkdaşları təbrik edib, bu bayramın qalib ölkənin vətəndaşları kimi ilk dəfə olaraq qeyd edilməsinin sevincini bölüşüb: “Ali Baş Komandanımız İlham Əliyev və qüdrətli Ordumuz sayəsində 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bu il ilk dəfə olaraq Milli Qurtuluş Gününü qalib ölkənin vətəndaşları kimi qeyd etməyimiz qürurvericidir. Bu gün Qarabağda əldə olunan qalibiyyət məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyəsətinin nəticəsidir”.
Vasif Abbasov müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan baş direktor 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz ulu öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi.
Baş direktor əsası ümummilli lider tərəfindən qoyulmuş siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin, texnologiyanın inkişafı sahələrində də əldə olunan yüksək nailiyyətlərdən danışıb, bu istiqamətlərin inkişafında YT Parkın da xüsusi rola malik olduğunu deyib.
Sonra çıxış edən YT Parkın direktor müavini Zaur Nəhmətov ümummilli lider H.Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub. O, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və ulu öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söz açıb.
Sonda YT Parkın əməkdaşları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafa nail olunması yolundakı əvəzsiz fəaliyyətindən bəhs ediblər, dahi liderin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.