Sərksiyanın 29 illik Qarabağ nağılı – belə nağılın sonu göydən “alma” yox, raketlər vəd edir...
İşğalçı ölkənin başçısı öz xalqına yalanlar yedizdirməkdə davam edir; erməni kinorejissor: “Ermənistan dövlətçiliyi hələ 1999-cu ilin 27-də məhv edilib...”
İşğalçı Ermənistanın Rusiyadan asılılığı ilbəil, hətta aybaay artmaqdadır. Son olaraq, Rusiya-Ermənistan ortaq hərbi qruplaşması haqda anlaşmanın əldə edilməsi (artıq qüvvəyə minib) əslinə qalsa, təcavüzkar ölkənin təhlükəsizliyini zahirən güclənirsə belə, düşmən ölkənin girov statusunu bir qədər də möhkəmləndirmiş oldu.
Bu isə öz növbəsində Ermənistanın xarici siyasətlə bağlı, Dağlıq Qarabağla bağlı olan-qalan manevr imkanlarının daha da məhdudlaşması deməkdir. İrəvanın xarici siyasət kursunun bütünlüklə Moskvanın ixtiyarına keçməsi deməkdir. Bu yandan da Rusiyaya qarşı Qərbin, ələlxüsus da ABŞ-ın qəbul etdiyi yeni sanksiyalar paketinin “küləyi” istər-istəməz İrəvanı da vuracaq. Hərçənd, Ermənistanda rəsmi səviyyədə bunu açıq büruzə verməkdən çəkinirlər.
***
Lakin işğalçı ölkənin Rusiya ilə birgə qaranlıq gələcəyini, çıxılmazda olduğunu anlayan və buna acı təəssüf hissi keçirən tanınmış ermənilər az deyil. Onlardan birinin mövqeyini təqdim edirik.
“Biz özümüzdə cəsarət tapıb hər şeyi öz adı ilə çağırmağı bacarmalıyıq: heç bir Rusiya-Ermənistan münasibətləri yoxdur. Çünki vaxtaşırı eşitdiyimiz rəsmi gündəm o qədər saxtadır ki, biz ona artıq öyrəşmişik”. Musavat.com-un məlumatına görə, bu sözləri 1 in.am erməni saytına açıqlamasında erməni kinorejissor Tiqran Xemalyan deyib.
Daha sonra o, rəsmi İrəvanın Moskva qarşısında miskin, təslimçi mövqeyinə, prezident Serj Sərkisyanın vaxtaşırı Moskvaya çağırılmasına işarə edərək bildirib: “Bəli, yenə də biz Moskvaya səfərlər edirik, gülümsəyirik, bəzi fotoqrafiyalar hətta səmimi alınır. Ancaq bu, siyasi zorakılıqdır - hansının apogeyi ki, 3 sentyabr oldu”.
3 sentyabr deyərkən erməni kinorejissor sözsüz ki, 2014-cü il sentyabrın 3-də S.Sərkisyanın Moskvada Putinin təzyiqi altında qəfildən Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina edib Avrasiya İqtisadi Birliyinə qoşulduğunu bəyan etməsini nəzərdə tutur.
Xemalyanın sözlərinə görə, Ermənistan Respublikasının dövlətçiliyi 1999-cu ilin 27-də məhv edilib (Həmin tarixdə Ermənistan parlamenti gülləbaran edilib. O zaman Ermənistanın baş naziri, parlamentin spikeri və daha bir neçə deputat öldürülüb. Hadisənin üstü hələ də tam açılmamış qalır. Ancaq arxasında Rusiyanın durduğu haqda qətiləşmiş rəy var - red.): “Bu, KQB-nin planının tərkib hissəsi idi. Ermənistan indi bir çox siyasi texnologiyaların sınaqdan çıxarıldığı poliqondur. Polis texnologiyaları öncə əvvəlcə Ermənistanda tətbiq olunur, sonra isə Rusiyada və həmçinin başqa ölkələrdə həyata keçirilir. Yada salın, bizdəki 27 oktyabr faciəsindən iki ay sonra Ermənistandakı dövlət çevrilişinin arxasında duran adamlar Rusiyada çevriliş etdilər (prezident Boris Yeltsinin Vladimir Putini öz varisi elan edib istefaya getdiyi tarix nəzərdə tutulur - red.). Bu - eyni qəsdin tərkib hissəsidir. Dünya buna olduqca gec reaksiya verdi. ABŞ hələ indi ayılıb və nə baş verdiyini anlayıb. Biz isə bunu hələ o vaxt başa düşməli idik”.
***
Məsələ də ondadır ki, dünya ayılsa da, erməni xalqı hələ ayılmayıb. Bu gün də o, kriminal Sərkisyan rejiminin, Xocalı hərbi canisinin Ermənistanı hara apardığını doğru-düzgün kəsdirə bilmir. Hələ də indiki hakimiyyətin “miatsum”, “ikinci erməni dövləti” nağıllarına inanır. Belə nağılların sonunda isə göydən alma deyil, bir qayda olaraq, raketlər düşür. Yəni xoş sonluqla deyil, faciəvi bitir.
Əfsus ki, cinayətkar Sərkisyan rejimi Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutub sülh prosesinə kömək eləmək əvəzinə, təmas xəttindı təxribatçı və destruktiv fəaliyyətini davam etdirir. Bunu ötən gün erməni silahlı qüvvələrinin Tovuzu atəşə tutması nəticəsində bir uşağın yaralanması növbəti dəfə sübut edir.
“Ermənistan atəşkəsin pozulmasında ona görə maraqlıdır ki, danışıqları ləngidib, sülh prosesini arxa plana atmaq istəyir”. Bunu Şərq.az-a cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasının səbəblərini izah edərkən hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.
O bildirib ki, Ermənistan status-kvonun saxlanmasından razıdır: “Ona görə düşmən hər hansı dəyişikliyin tərəfdarı deyil. Ermənistan münaqişənin sülh yolu ilə həllinə razılıq verməlidir. İndiyədək dəfələrlə cəbhədə vəziyyəti gərginləşdirən düşmən münaqişənin sülh yolu ilə həllindən yayınıb. Sonuncu dəfə belə vəziyyət 2016-cı ilin yaz aylarında yaşandı və aprel döyüşləri də bunun kuliminasiya nöqtəsi oldu. Aprel döyüşlərindən sonra Ermənistan danışıqlar masasına oturdu və prosesə razılıq verdi. Lakin bir müddət sonra Ermənistan vəziyyətdən çıxış yolu kimi yenə təmas xəttində vəziyyətin gərginləşməsinə çalışdı. Hazırda da düşmənin təxribatları davam edir. Ermənistan Azərbaycanın diplomatik təzyiqlərinə tab gətirmir və uğursuzluğa düçar olacağını bildiyindən vəziyyəti gərginləşdirməyə çalışır”.
Düşmənin mülki əhalini də atəşə tutduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, cəbhədə sabitlik yaranmadan Ermənistanla danışıqlar qeyri-mümkündür: “Cəbhədə vəziyyətin bu formada davam etməsi sülh prosesinə ancaq xələl gətirə bilər. Nəticədə ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan yaranmış vəziyyətlə sona qədər razı olmayacaq. Nəticədə aprel hadisələri təkrarlana bilər və münaqişə yenidən alovlanar. Ermənistan anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətin bu şəkildə davam etməsini loyal qarşılamayacaq və əks tədbirlər görəcək. Bununla Ermənistan silahlı qüvvələri ağır zərbələrlə qarşılaşa bilər. Nəticədə düşmənin danışıqlardan yayınmaq üçün həyata keçirdiyi təxribatlar onun xeyrinə işləməyəcək”.
***
Lakin bir mühüm detalı da nəzərdən qaçırmaq lazım deyil ki, düşmən bu kimi davranışlarında heç də sərbəst deyil və Kremldən birbaşa asılıdır. Özü də heç vaxt olmadığı qədər asılıdır.
“Ancaq əgər sülh danışıqları nəticə verməsə, onda Azərbaycan alternativ yollara əl atmağa məcbur olacaq”. bu sözləri isə axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq sözügedən görüşün baş tutacağını deyib.
“Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının zirvə görüşü bu cür formatda olan danışıqlar üçün çox münasib şərait yaradır. Ermənistan adətən belə danışıqlardan qaçır və bütün kənar qüvvələrə guya Qarabağ probleminin həllində heç bir irəliləyişin əldə olunmayacağını və bu prosesdə Azərbaycanın özünü aqressiv bir tərəf kimi qələmə verdiyini təqdim etməyə çalışır. Ancaq Azərbaycan prezidenti Alxanlı kəndində baş verən faciədən sonra bildirdi ki, Ermənistan məhz dinc insanları gülləbəran etməklə vəziyyəti olduğundan da riskli edir. Lakin Azərbaycan buna imkan verməyəcək. Əgər sülh danışıqları nəticə verməsə, onda Azərbaycan alternativ yollara əl atmağa məcbur olacaq”, - politoloq vurğulayıb.
Politoloq hesab edir ki, İrəvan budəfəki görüşdə artıq öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır, çünki geriyə yol yoxdur: “İrəvan həmişə danışıqlar əsnasında Azərbaycan tərəfinə bir söz deyir, proses bitəndən sonra İrəvanda, xarici meydanlarda isə tərs mütənasib fikirlər söyləyir, Azərbaycanı hədələyir. Bu baxımdan Ermənistanın öz mövqeyini və məqsədinin nədən ibarət olduğunu açıqlaması rəsmi Bakı üçün çox vacibdir. Zənnimcə, Ermənistanın manevr meydanı getdikcə daralır. İrəvan indiki mövqeyindən əl çəkməsə, Azərbaycanın haqlı olaraq deməyə sözü olacaq. Təbii ki, belə olan halda da Ali Baş Komandan öz növbəsində Azərbaycanın gələcək planları barədə kənar qüvvələri, fövqəl dövlətləri və Minsk Qrupu ölkələrinin başçılarını məlumatlandıracaq. Odur ki, bunun üçün gərək ilk növbədə Ermənistanın planları barədə məlumatlı olaq”.
Qeyd edək ki, sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT Baş Assambleyasının 72-ci sessiyası baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.