30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşməsi mövzusu İtaliyanın kütləvi informasiya vasitələrinin diqqətində olub.
İtaliyanın “Lo Spessore” analitik portalında Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri tədqiqatçı-jurnalist Domeniko Letisiyianın “Ermənistanla münaqişə zamanı itkin düşmüş azərbaycanlılar” sərlövhəli məqaləsi, habelə “KmetroO” və “Metro CT” xəbər portalları və “Agenzia Nova” xəbər agentliyi bu mövzuda Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən hazırlanmış press reliz əsasında “Beynəlxalq itkin düşmüş şəxslər günü, azərbaycanlıların harayı”, “Azərbaycanda itkin düşmüş şəxslər”, “Beynəlxalq itkin düşmüş şəxslər günü Azərbaycanın diqqətində” başlıqları altında yazılar dərc olunub.
Məlumatlarda 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbayana qarşı hərbi təcavüzü nəticəsində azərbaycanlıların yoxa çıxması və itkin düşməsi faciəsinin başladığı və bu xüsusda qeyd olunan tarixin Azərbaycanda da anıldığı bildirilib. Qeyd olunub ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində itkin düşmüş 3890 azərbaycanlının aqibəti hələ də qeyri-məlumdur. Bildirilib ki, mülki şəxslərin tutulması və onlara qarşı pis rəftar edilməsi beynəlxalq humanitar huquq tərəfindən açıq şəkildə qadağan olunsa da, 267 azərbaycanlı mülki vətəndaş Ermənistan silahlı qüvvələri tərəfindən əsir-girov saxlanılmaqdadır. Yazılarda, həmçinin mülki girovların Ermənistan tərəfindən əsir götürülməsi və onların siyasi şantaj üçün vasitə kimi istifadə edilməsi qeyd olunub və erməni əsir və girovluğundan ümumilikdə 1102 azərbaycanlının azad edilməsi faktı erməni qurumları tərəfindən də bu faktın etirafı kimi qiymətləndirilib.
Habelə yazılarda hal-hazırda çoxsaylı azərbaycanlı ailələrin itkin düşmüş qohumlarının taleyi ilə bağı beynəlxalq ictimaiyyətdən gözləntilərinin olduqları və Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı işgəncə verildiyinin çoxsaylı təşkilatlar tərəfindən təsdiqləndiyi qeyd olunub.
Yazılarda insanlığa qarşı törədilmiş cinayətin qanlı nümunəsi kimi 25-26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqrımın keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ciddi və dramatik hadisələrindən biri kimi yadda qaldığı vurğulanıb. Bu xüsusda, bildirilib ki, Ermənistan qoşunları tərəfindən həyata keçirilmiş bu soqyırım vaxtı 106 qadın olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. Hazırda 36 uşaq və 65 qadın olmaqla 196 Xocalı sakini əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (1 iyul 2021 -ci il tarixinə olan məlumata görə) itkin düşmüş kimi qeydiyyata alınıb. Bu xüsusda, 16 uşaq və 22 qadın olmaqla 196 nəfərdən 95-nin Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda girov götürüldüyü barədə məlumatların da olduğu diqqətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.