AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova İspaniyaya işgüzar səfəri çərçivəsində Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb

  • + A
  • - A
  • 28-11-2021, 23:16


    İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə görüşdə Sahibə Qafarova Pakistan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.

    O, bu ilin yayında Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin ölkəmizə rəsmi səfərinin əlamətdar hadisələrlə müşayiət olunduğunu xatırladaraq, səfər çərçivəsində Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında imzalanan Anlaşma Memorandumunun, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə qəbul edilən Bakı Bəyannaməsinin tarixi əhəmiyyətə malik olduğunu, 3 qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya və işğaldan azad olunmuş Füzuliyə səfərlərinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
    Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü dəstəklədiklərinə görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə razılığını bildirib.
    Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O, qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
    Pakistan Milli Assambleyasının sədri post-müharibə dövründə Azərbaycanın bölgədə əmin-amanlığın yaranması istiqamətində mühüm addımlar atdığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa və quruculuq işləri apardığını təqdir etdiklərini bildirib. O, Şuşaya və Füzuliyə səfər zamanı gördüklərindən çox təsirləndiyini qeyd edib.
    Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.
    Söhbət zamanı ikitərəfli münasibətlərin, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrimizin dərinləşməsinin xalqlarımızın mənafeyinə xidmət edəcəyinə inam ifadə olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR