Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib.
Bu görüşün böyük əhəmiyyət kəsb etməsi heç kimə sir deyil.
Siyasi şərhçi Tehran Orucoğlu
Azadmedia.az-a açıqlamasında bildirib ki, uzun müddət soyuq münasibətlər fonunda dövlət başçılarının görüşü bir çox məqamlara aydınlıq gətirdi.
“Görüş zamanı regionun gələcəyi ilə bağlı mühüm qərarların qəbul edilməsi baxımından səmərəli keçdi. Hər bir ölkədə yeni seçilən prezident daxili və xarici siyasət müəyyənləşdirir. Bu bir çox ölkələr üçün keçərlidir. Lakin biz İranda seçkilərdən sonra Azərbaycanla münasibətlərin hansı məcrada olacağını sadəcə təxmin edə bilərdik. Təbii ki, İslam respublikası rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, daim yanında olduğunu deyirdi. Əməllər isə tam əksi idi. Əyalət mollasının SEPAHİ Azərbaycana hücum etməsi ilə bağlı verdiyi açıqlamalar, Azərbaycan üzərindən İsrailə savaş kimi fikirlər medianı zəbt etmişdi. Bu görüş bu məsələlərin həllində önəmli rol oynadı. Prezidentlərin görüşü onu deməyə əsas verir ki, biz, hazırda İran Prezidentinin Azərbaycana qarşı mövqeyini tam bilirik.
Azərbaycan tarix boyu İranın yanında olub. Bu, Azərbaycan üçün də keçərlidir. Tarixi münasibətlər var. Azərbaycan öz dostlarını, müttəfiqlərini özü seçir. İsraillə olan dostluq münasibətlərimiz İran səbəbindən korlana bilməz. Həmçinin tam əksi. Azərbaycanın daxili və xarici siyasəti sülhə və istiqrara yönəlib. Deyə bilərəm ki, İranla iqtisadi, siyasi və humanitar münasibətlər bundan sonra inkişaf edəcək. Bu görüş “3+3” platformasının reallaşması üçün İran mövqeyini anlamağımızda bizə yardım etdi. Düşünürəm ki, İran bu platformaya qoşulacaq. Yaxın tarixlərdə bu münasibətlərin inkişafını daha dərindən hiss edəcəyik”.
Ülkər Piriyeva