Bahar MURADOVA,
YAP İdarə Heyətinin üzvü,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoruTarixi zərurət, obyektiv reallıq və xalqın dövlətçilik arzularından qaynaqlanan tələbat nəticəsində Heydər Əliyev şəxsiyyətinin xilaskarlıq missiyasının reallaşması üçün Azərbaycanın tanınmış şəxsiyyətlərinin müraciəti əsasında yaranmış, qısa bir müddətdən sonra iqtidara gəlmiş, hazırda isə ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının sonuncu - VII qurultayından bir ilə yaxın vaxt keçir.
“Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinin özünün VII ali məclisinədək keçdiyi şərəfli yol “Müstəqil, yeni Azərbaycan” naminə şüarı ətrafında Heydər Əliyevin bir çağırışı ilə birləşən milyonlarla azərbaycanlının uğrunda canını və qanını əsirgəmədiyi ölkəmizin yeni müstəqil dövlət kimi dinamik inkişafı, hüquqi, demokratik bir cəmiyyət quruculuğu yolu ilə həmahəngdir.
Bu illər ərzində Azərbaycanın əldə etdiyi tərəqqinin, iqtisadi-sosial inkişafın, vətəndaş rifahının bərqərar olmasının ideoloji sütünu kimi misilsiz fəaliyyətə imza atan YAP qazanılan bütün uğurların ilhamvericisi olmaqla yanaşı, həm də daim yeniləşən cəmiyyətlə birgə yenilənmiş, saflaşmış, müasir çağırışlara adekvat cavablar verməklə siyasi mübarizə cəbhəsində öncül yerini qoruyub saxlamışdır. Nəsillərin vəhdətinə əsaslanaraq xalqın bütün təbəqələrindən olan 100 minlərlə insanın bir ideya - Azərbaycançılıq, bir yol - Heydər Əliyev yolu və bir məqsəd - Azərbaycan uğrunda fəaliyyətini bir araya gətirərək onu ölkəmizin mənafeyi naminə səfərbər etməyə nail olmuşdur.
Onun gücü də məhz elə bundadır. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğuna rəhbərlik etdiyi dönəmlərdə onun həyata keçirdiyi daxili və xarici siyasəti mərkəzi qərargahdan ölkənin ən ucqar nöqtələrinə, hər bir vətəndaşa yetirməklə, onların istək, arzu və iradlarını isə mərkəzə çatdırmaqla qəbul edilən fəaliyyət planları, dövlət proqramları, formalaşdırılan siyasətlərdə nəzərə alınması üçün oynadığı əvəzedilməz rolundadır.
Hər bir evə, hər bir ailəyə yaxın olmasına, onların böyük Azərbaycan ailəsinin əsas nüvəsi olduğundan bütün bu proseslərin mərkəzində dayanmasına, bu səbəbdən də hər zaman dövlətə və dövlətçiliyə sadiq övladlar, məsuliyyətli vətəndaş formalaşdırılmasına ruhlandırmasındadır.
Sıralarında böyük üstünlük təşkil edən gənclərə geniş fəaliyyət imkanlarının yaradılması, onlarda vətənpərvərlik ruhunun möhkəmlənməsi, ölkədə aparılan davamlı islahatların həyata keçirilməsi və ictimai-siyasi sabitliyin qorunması işində gəncliyin enerjisi, fərqlənmək həvəsi və töhfə vermək arzularına hər cür dəstək olması isə partiyanın boy artımı və keyfiyyətcə yenilənməsinə stimul verməsindədir.
Bu səbəbdəndir ki, gücünü xalqın və onun müxtəlif təbəqələrinin dəstəyindən alan YAP məhz Heydər Əliyevin ona sədrliyi və ölkə Prezidenti kimi rəhbərliyi ilə Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların, fərqli dini baxışlara malik konfessiyaların vahid amal uğrunda fəaliyyətini əlaqələndirə bildi. Ölkənin bütün yaşayış məntəqələrində təşkilati və insan resursları şəbəkəsinə malik olmaqla, geniş xalq kütləsinin daha çox inandığı, sıralarına qatılmaqla öz siyasi talelərini bu partiya ilə bağlamağa hazır olduqları möhtəşəm bir siyasi qüvvəyə, monolit gücə sahib oldu.
Onun üzvləri və təəssübkeşləri arasında yeniyetmə gənclər, ictimai-siyasi proseslərdə bərabər təmsil olunmaq istəyən gənc qızlar, xalqın və dövlətin həyatında yaxından iştirak etməklə töhfə vermək istəyən qadınlar, öz həyat təcrübəsini bölüşməklə yeni nəslin formalaşması işinə dəstək vərən ahıllar, ağsaqqal və ağbirçəklər, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etməsi və gələcəyə ötürülməsi naminə bir çox ailə bütövlükdə Yeni Azərbaycan ailəsinə üzv olmağı məmnuniyyətlə seçdi.
Məhz Heydər Əliyev yoluna zamanın tələbilə yaradıcı münasibət nəticəsində əldə edilən yeni keyfiyyət yanaşmaları, kreativ düşüncə və ənənəvi dəyərlərin bir arada tutulması yeni dövr gəncliyinə istinad edərək ölkənin inkişaf istiqamətlərində dinamizm və modernləşmə meyillərinin möhkəmlənməsini şərtləndirdi. Mənfi stereotiplərin sürətlə aradan qaldırılmasını, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, bütün siyasi qüvvələrin konstruktiv dialoq vasitəsilə vətəndaş həmrəyliyi üçün səfərbər edilməsi sosial ədalətin bərqərar olmasına şərait yaradılmasına gətirib çıxardı.
Müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılmasına, həyata keçirilən dövlət siyasətinin sosialyönümlü olmasına, insan amilinin mərkəzə yerləşdirilməsinə şərait yaratdı.
Dini və etnik müxtəlifliyin inkişafa və zənginləşməyə xidmət etdiyini, multikultural dəyərlərin bu coğrafiyada yaşayan xalqların bir-birinə münasibətinin mahiyyətindən doğduğuna diqqətləri yönəltdi.
Yeni Azərbaycan Partiyasının demokratik ənənələrin inkişafına hələ özü müxalifət partiyası kimi qeydiyyatdan keçdiyi ilk illərdən verdiyi töhfələrə rəğmən ölkədəki siyasi qüvvələrlə münasibətlərində demokratik prinsiplərə, açıq və şəffaf fəaliyyətə üstünlük verməyi, bu sahədəki sağlam ənənələri siyasi dəyər kimi əsas götürməyi həm bəyan etdi, həm də ona bütün fəaliyyəti boyu sadiq qaldı.
Bütün bu nailiyyətlərin əldə edilməsinin, zaman keçdikcə həm sıralarının genişlənməsinin, nüfuzunun və təsir imkanlarının yüksələn xətlə artmasının, beynəlxalq siyasi partiya qrupları, o cümlədən Avropa və Asiya ölkələri siyasi partiyaları birlikləri və dost ölkələrin iqtidar və müxalifət partiyaları ilə ikitərəfli diplomatik, o cümlədən siyasi-iqtisadi münasibətlərimizin ruhuna uyğun əməkdaşlığının möhkəmlənməsinin əsas səbəbini, əlbəttə ki, onun öz fəaliyyətini uyğun qurmasında, həmçinin özünün proqram sənədi və nizamnaməsində bəyan edilən prinsip və qaydalara, qanunverici aktların tələblərinə, ən əsası isə insanlara, xalqımıza bəyan etdiyi hədəflərə çatmaq üçün davamlı, məqsədyönlü və yorulmaz bir şəkildə həyata keçirməsində axtarmaq lazımdır.
29 illik fəaliyyəti ilə Azərbaycanın iqtidar, regionun ən güclü və dünya miqyasında tanınan partiyası olaraq YAP hər gün daha artıq güclənən, inkişaf edən, iqtisadi-siyasi, sosial-mədəni və hərbi qüdrətini artıran ölkəmizin müstəqil, azad, demokratik vətəndaş cəmiyyəti quruculuğuna sadiq bir siyasi təşkilat kimi Azərbaycanla birgə böyüdü, mətinləşdi, xalqın inam və etimadına layıq olmaq üçün öz sıralarını saflaşdırmaqla zərərli meyillərə qarşı barışmaz mövqeyini ortaya qoydu.
Ölkədə gedən dərin islahatlar siyasətinin iştirakçısı və təbliğatçısı, yeniliklərə açıq, öz fəaliyyətinə tənqidi münasibətdən doğan prinsipiallıq nümayiş etdirərək ictimai-siyasi ab-havanın nəbzinə uyğun qətiyyətli addımlara hazır və qadir olduğunu göstərdi.
YAP-ın namizədi kimi yerli və milli seçkili orqanlardakı təmsilçilərinin, eləcə də təyinatlı vəzifələrdə olan üzvlərinin öz səlahiyyətləri və öhdəlikləri çərçivəsində, həmçinin ictimai və fərdi ölçüdə fəaliyyətlərini partiyanın ümumi məqsəd və məramına uyğun qurması məsələsini diqqətdə saxladı. Bu meyarları gözləməyənlərlə yollarını ayırdı. Həmçinin nümunəvi davranış sərgiləyənləri həm partiya, həm də dövlət səviyyəsində mükafatlandırdı.
Bununla da YAP yüz minlərlə siyasi fəal insana, soydaşlarımıza obyektiv və qərəzsiz, hər kəsə yalnız xidmətləri müqabilində münasibətin yeganə meyar olduğunun örnəyini yaratdı.
YAP özünün VII qurultayına 29 illik fəaliyyəti, xalqa və dövlətə xidmətləri, ən əsası, bu illər ərzində Heydər Əliyev ideyalarının reallığa çevrilməsində fədakarlıq və qəhrəmanlıq üçün, öz həyatını ümumi məqsədlərə, dövlətimizin və xalqımızın mənafeyi naminə sərf etməyə hazır olan insanların partiyası kimi, ölkədə formalaşmış yeni siyasi konfiqurasiyanın mərkəzi sübyekti, həmçinin onu qorumaq, inkişaf etdirmək uğrunda mübarizənin önündə gedən siyasi qüvvə kimi gəldi.
Bütün söylənilənlərin sübutu kimi bugünkü Azərbaycan, onun regionda və dünyadakı vacib mövqeyi, beynəlxalq proseslərin nüfuzlu aktoru kimi regional və qlobal miqyasda verdiyi töhfələr çıxış edir.
Ən nəzərəçarpan nəticə isə, əlbəttə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzunömürlü ağır bir yükdən xilas olmaq, beynəlxalq və regional dairələrin iştirakı və dəstəyi ilə ərazilərin ilhaqı, işğalı etnik təmizləmə və soyqırımları ilə müşaiyət olunan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlanan bir problemi hərbi-siyasi yolla, cəmi 44 günə həll etməsi ilə bu sahədə daşlaşmış stereotipləri və yanaşmaları kökündən dəyişməsi oldu.
Uzunmüddətli dondurulmuş münaqişələrin yalnız beynəlxalq güclərin deyil, indi artıq daha çox regional aktorların bilavasitə iştirakı ilə həll oluna biləcəyinə dair Azərbaycan nümunəsini ortaya qoymaqla proseslərin ağırlıq mərkəzini Azərbaycana doğru dəyişdi.
İlham Əliyevin qətiyyətli liderliyi, ordumuzun şücaəti, xalqımızın yenilməz ruhu sayəsində bütün dünya ictimaiyyəti ölkəmizin əldə etdiyi hərbi, siyasi, informasiya və diplomatiya sahəsindəki uğurunu qəbul etməklə yanaşı, indi onu ən müxtəlif baxış bucağından dəyərləndirməklə məşğuldur.
Regionda yeni siyasi, hərbi və iqtisadi reallıqlar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin çoxvektorlu xarici siyasətinin ölkə daxilində əldə edilən vətəndaş həmrəyliyi, bütün siyasi qüvvələrin (kiçik istisna ilə) bir amal, bir məqsəd naminə Azərbaycan dövlətinin ətrafında birliyə söykənərək əldə etdiyi nəticələrdir.
Azərbaycanda 2018-ci ilin aprelində və 2019-ci ilin fevralında reallaşan erkən prezident, parlament seçkilərinin yaratdığı yeni siyasi konfiqurasiya ölkə və bölgə üçün qüvvələri səfərbər etməyin əsas dayaq nöqtəsi rolunu oynadı.
Bu prosesin uğurla sonuclanmasına yönələn fəaliyyətin önündə olmaqla, YAP və onun çoxminli üzvləri böyük töhfələr verdilər.
Ölkənin həyatında yeni bir dönəmin, yeni bir başlanğıcın əsası ölkədə fəaliyyət göstərən ictimai-siyasi qüvvələrin YAP-ın öncül mövqeyinə sayğılı mövqeyi ilə müşayiət olunan konstruktiv əməkdaşlıq sayəsində qoyuldu.
Odur ki, bütün bu tarixi uğurları qeyd edərək yeni dövrün çağırışlarına birgə cavab tədbirlərini müəyyənləşdirmək, ölkədaxili vətəndaş həmrəyliyinə istinad edərək siyasi qüvvələrin daha möhkəm birliyinə nail olmaq, qarşıda duran vacib məsələlərin birgə həlli yollarını müzakirə etməklə YAP-ın keçdiyi tarixi inkişaf mərhələlərini dəyərləndirmək, yeni hədəflər naminə yeni qərarlar qəbul etmək üçün YAP 2021-ci il mart ayının 5-də özünün VII qurultayını keçirdi.
Möhtəşəm Zəfərin doğurduğu böyük qürur və iftixar hissi ilə öz ali məclisinə toplaşan qurultay nümayəndələri qarşısında YAP-ın Sədri, cənab İlham Əliyevin dərin məzmunlu çıxışı keçilən tarixi yola obyektiv qiymət verilməsi ilə yanaşı, həm də partiyanın bu gündən sonra qarşısında dayanan əsas vəzifələri, YAP-ın yeni dövr üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirməklə yanaşı, ümumilikdə Azərbaycan Respublikasının, onun siyasi mənsubiyyətindən asılı olmayaraq bütün ictimai-siyasi cəhətdən fəal insanlarının, hər bir vətəndaşın, bütövlükdə isə hər bir azərbaycanlının qarşısında dayanan öhdəliklərin, onların yerinə yetirilməsi üçün vacib olan resurs və mexanizmlərin, hüquqi çərçivə və meyarların məcmusu idi.
Bu çıxış 29 illik çətin və şərəfli yolda əldə edilən nəticələrin üzərindən daim yeniləşən, inkişaf edən, öz xalqını layiq olduğu Qələbə ilə şərəfləndirən bir Liderin bu Qələbənin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, insanların on illərlə çəkdiyi fiziki, iqtisadi və mənəvi əzablarına son qoymaqla öz yerinə-yurduna ləyaqətli qayıdışını, davamlı və dayanıqlı inkişafı təmin etmək, Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirmək sahəsində yeni daha çətin çağırışlara hazırlığa təkan verən bir fəaliyyət proqramı idi.
Hansı ki, qurultay bu proqramın hər bəndinə uyğun qərarlar qəbul etməli, bütövlükdə partiyanın seçkili orqanının tərkibinin yenilənməsi və yeni proqram sənədinin işlənməsi haqqında partiyanın icra orqanına tapşırıqlar verməli idi.
Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan VII qurultayın qərarı ilə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri rəhbər tutaraq, 44 günlük müharibədən sonra yaranan obyektiv reallıqları ölkənin beynəlxalq aləmdə artan rolunun və mövcud vəziyyətdə yeridilən xarici, zəngin rifah dövləti yaradılması sahəsində daxili siyasətinin, regionda və ölkədə formalaşmış yeni siyasi konfiqurasiyanın diktə etdiyi vəzifələri özündə əks etdirən yeni proqram sənədi hazırlandı.
“Biz birlikdə güclüyük” şüarı altında hazırlanan bu strateji sənəd müxtəlif səviyyələrdə işçi müzakirələrdən sonra YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edildi. Proqram hər biri ən müxtəlif sahələrdə partiyanın və onun üzvlərinin qarşısında dayanan vəzifələri nəzərdə tutan bölmələrin daxil olduğu 5 fəsildən ibarətdir.
Proqramın preambula hissəsində Azərbaycanın müstəqilliyinin bərpasını bəyan edən sənədlərin qəbulundan bir il sonra xaos, anarxiya, daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi, sosial və hərbi sahədə tənəzzülə gətirib çıxaran siyasi kataklizmlər nəticəsində müstəqilliyi yenidən təhlükə altında qalan Azərbaycanı düşdüyü ağır və çətin durumdan xilas etmək məqsədilə ortaya çıxan təşəbbüslərin məntiqi nəticəsi olaraq YAP-ın təsis edilməsi, ölkədə demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı yolu ilə ölkənin inkişaf etdirilməsi sahəsində müvafiq işlərin görülməsi üçün YAP və onun lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı barədə fikirlər yer alır. Ümummilli Liderin rəhbərliyi ilə YAP-ın yaxından iştirakı ilə Azərbaycan dövlətinin keçdiyi şərəfli inkişaf yolu, iqtisadi dirçəliş, milli-mənəvi dəyərlərin adət və ənənələrin müasir beynəlxalq standartların vəhdətindən yoğrulan azərbaycançılıq məfkurəsi və demokratik dəyişikliklər yolu ilə inkişafın müxtəlif mərhələləri barədə müfəssəl məlumat verilir.
“Müasir, qüdrətli və zəngin Azərbaycan” naminə çağırışla onu yerinə yetirməyin uğurlu formulunu təqdim etməklə özünü bir Prezident, YAP-ı isə regionun ən güclü siyasi qüvvəsi kimi tanıtdıran İlham Əliyevin apardığı siyasət ətrafında yaranan birlik, günbəgün artan beynəlxalq nüfuz, dünyanın ən güclü ordularından birinə sahib olmaqla Azərbaycanın itirilmiş torpaqlarını geri qaytarması, ədalət naminə ədalətli müharibə yolu ilə tarixi qələbənin qazanılması faktları əksini tapır.
Proqramda yuxarıda qeyd edilənləri vurğulamaqla YAP-ın Azərbaycanın inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malik qüvvə kimi gələcəkdə də öz məqsəd və vəzifələrini yerinə yetirmək sahəsində əzmkarlıq göstərəcəyinə inam ifadə edilir.
Siyasi dəyərlər və prinsiplər içərisində ilk yeri tutan “Heydər Əliyev yolu” ilə milli və qlobal çağırışların uzlaşdırılması əsasında varisliyə və təkamülə üstünlük verilməklə inkişafın istinad nöqtəsi kimi müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və ənənələrin inkişafı prinsipləri qeyd edilir.
Vurğulanır ki, YAP hakimiyyətə yalnız azad, sərbəst və gizli seçkilər yolu ilə çoxluğun rəyinin üstünlüyünü qəbul edərək gəlməyin tərəfdarıdır, hakimiyyətin mənbəyi kimi xalqın iradəsini ifadə edən xəttin siyasi sistemin əsası olduğunu qəbul edir. Demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi özünün əsas vəzifəsi hesab edir.
Partiyadaxili münasibətlərdə partiya üzvlərinin, ilk növbədə, təşəbbüskarlıq, peşəkarlıq və işgüzarlığa əsaslanan şəxsi inkişafına yalnız sağlam rəqabətə, etik davranış qaydalarının gözlənilməsinə və milli dəyərlərə uyğun nail olunmasını təşviq edir.
Partiya yeniliyin və müasirliyin tərəfdarı kimi çıxış edir, amma milli köklərə bağlılığı, tarixi adət-ənənələri, mənəvi-əxlaqi dəyərləri qorumağı əsas vəzifələrdən biri hesab edir.
Əsas hədəfləri, ilk növbədə, Heydər Əliyev irsinin təbliğı və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı olan YAP-ın hər bir üzvü dövlət və cəmiyyət qarşısındakı öhdəliklərini, partiya özü isə bir siyasi təşkilat olaraq fəaliyyətini şəffaflıq, azad rəqabət və plüralizm kimi prinsiplərə uyğun icra etməklə yerinə yetirməli, ictimaiyyət qarşısında hesabat verməlidir.
Həmçinin vətəndaş cəmiyyətinin inkişafı naminə demokratik dəyərlərə söykənən ictimai münasibətlərin inkişafına, vətəndaş həmrəyliyinə, milli maraqların üstünlüyünə əsaslanan siyasətə dəstək verməli və onu təşviq etməlidir.
YAP-ın proqramı bütün dünya azərbaycanlılarını birləşdirən dəyər olaraq Azərbaycan dilinin inkişafını və mövqeyinin möhkəmləndirilməsini bütün soydaşlarımızın birliyi və həmrəyliyini, milli irsin, mənəvi dəyərlərin qorunmasını, gələcək nəslə ötürülməsini daxili və xarici siyasətin reallaşması sahəsində əsas hədəflər kimi müəyyən edir.
Multikultural dəyərlərin qorunmasını, mədəniyyətlərarası dialoqun qlobal miqyasda inkişafının əhəmiyyətini xüsusi vurğulayır. Elmi, mədəni və humanitar əlaqələrin inkişafını beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əsas dayaq nöqtələri olduğunu təsdiq edir.
Azərbaycanın yeritdiyi fəal xarici siyasətin uğurlarının, ilk növbədə, milli maraqların əsas götürülməsi ilə bağlı olduğunu, həmçinin beynəlxalq hüququn prinsiplərinə istinad etdiyini qeyd edərək, ikitərəfli və çoxtərəfli əsasda faydalarını vurğulayır. Bundan sonra da bu xəttə sadiq qalaraq ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, azad cəmiyyət, təhlükəsiz həyat naminə hərbi, siyasi, iqtisadi və sosial sahədə maraqlarımızın qorunması üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidməti əsas vəzifə kimi müəyyənləşdirir.
Ordu quruculuğu sahəsindəki nailiyyətlərin bundan sonra da aparılacaq dövlət siyasəti sahəsində Azərbaycanın təhlükəsizliyini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edir.
Vətən müharibəsində qazanılmış parlaq qələbəni müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həm Silahlı Qüvvələrimizin, həm də Heydər Əliyev yolu ilə Azərbaycanı inkişaf etdirməyi özü üçün amal, onun irsini ideya siyasi məktəb, YAP Sədri və ölkə Prezidenti kimi İlham Əliyevi bütün dünya azərbaycanlılarının Lideri seçmiş həmvətənlərimiz və soydaşlarımızın birliyinin və həmrəyliyinin məntiqi nəticəsi kimi dəyərləndirir.
Ölkədə yaranmış yeni siyasi konfiqurasiyanın daha da möhkəmlənməsi və bölgədə formalaşmaqda olan, artıq ilkin nəticələrini görməkdə olduğumuz yeni reallıqların başlanğıcı və daha artıq istinad nöqtəsi olduğunu vurğulayır.
İşğaldan azad olunmuş ərazilərə böyük Qa
yıdış prosesində YAP-ın əsas hədəfləri kimi layiqli yaşayış, geniş quruculuq, dayanıqlı məskunlaşma, regionun iqtisadi potensialından səmərəli istifadə, sürətli dirçəliş üçün stimullaşdırıcı tədbirlərin görülməsini əsas hədəflər kimi müəyyən edir.
“Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı V fəsildə YAP-ın bundan sonra da özünün bütün potensialını müasir, zəngin, qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcəyini bəyan etməklə, Heydər Əliyev ideyalarına sadiq qalacağını, qarşıdakı məqsəd və vəzifələrin məzmun və hədəfləri baxımından həm də daha uzaq gələcəyə istiqamətləndiyini qeyd edir.
Bu günün partiyası olmaq haqqını, gələcəyin möhtəşəm siyasi qüvvəsinə olan iddialarını gerçəkləşdirən YAP-ın Sədri, qalib xalqın Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının qurucu və birləşdirici, həm də şəriksiz Lideri İlham Əliyevin rəhbərliyi ilə bu hədəflər getdikcə daha real və daha əlçatandır.
Yüksək intellekt, diplomatik məharət, milli maraqların qorunmasında qətiyyət və prinsipiallıq kimi yüksək şəxsi keyfiyyətləri, dünya liderləri içərisində günbəgün möhkəmlənən nüfuzu ilə seçilən, yorulmaz və fədakar əməyi ilə Azərbaycanı ən yüksək pillələrə qaldıran, özünün və təmsil etdiyi xalqın adını tarixin parlaq səhifələrinə yazdıran bir liderlə Azərbaycan qarşısında daha geniş üfüqlər, daha aydın sabahlar açılmaqdadır.
Bu sabahlara parlaq Günəş kimi doğan Azərbaycanın şəfəqlərinin hər birimizin həyatını və gələcəyini işıqlandıracağına isə bu gün heç kimin şübhəsi yoxdur.
İndi sürətlə dəyişən dünya ilə birlikdə daim yeniləşən, istək, arzu və xəyalların gerçəkləşməsinə öz töhfəsini verən Yeni Azərbaycan Partiyası özünün VII qurultayında təsdiq etdiyi “Yeni Azərbaycançılıq məfkurəsi” adlandıra biləcəyimiz yeni proqramında müəyyən etdiyi məqsədlərinə doğru daha inamla irəliləməkdədir.
“Yeni hədəflərə doğru” yolun açıq olsun, Yeni Azərbaycan!!!