"Azərbaycan qarşıda gələn illərdə daha da güclü olacaq”
İlham Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan tarixində ən mühüm hadisələrdən biri hesab olunan,ölkəmizin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu,eyni zamanda tarixi zərurətdən irəli gələn və Azərbaycanın gələcək inkişafını bütün mərhələlərdə təmin edəcək xüsusi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib.Beləliklə 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş və 2021-ci ilin martında YAP-ın VII Qurultayının keçirilməsi bir daha göstərir ki,ümumilikdə ölkəmizdə bütün sahələrdə görülən işlər gələcəkdə də ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır.Bu dəyişikliklər isə yeni reallıqlar yaradıb, bütün YAP əməkdaşlarının qarşısına mühüm hədəflərə uğurla addımlağa şərait yaradacaqdır. Partiyamızın sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin məharətli diplomatiyasi, qətiyyətli iradəsi və Azərbaycan Ordusunun şücaəti ilə bizim dədə-baba torpaqlarımız-Qarabağımız və ətraf rayonlarımız düşmən işğalından azad olundu. Həmçinin bütün Ermənistan kapitulyasiyaya məruz qaldı.
Bu isə Ulu öndər Heydər Əliyev irsinin, siyasi məktəbinin layiqli davamçısı olan Ölkə Prezidenti cənab İlham Əliyevin ata vəsiyyətini və onun ideayalarını layiqincə yerinə yetirməsinin bariz nümunəsidir. İftixar hissi ilə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası keçmişdə olduğu kimi gələcəkdə də öz şərəfli missiyası ilə Azərbaycanın milli dövlətçilik maraqlarına, Ulu Öndər Heydər Əliyevin ideyalarına,onun təbliğ olunmasına xidmət edən ən güclü hakim partiyadır.