AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib

  • + A
  • - A
  • 15-11-2021, 01:43

    Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib

    Qarşıda 21 noyabr gəlir. Məhz 29 il öncə 21 noyabrda yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Əslində Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sadə dillə desək, partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salsaq, görərik ki, partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi, təkidli tələbi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
    Beləliklə, gözlənilən an yetişdi, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
    Yeni Azərbaycan Partiyasının yaradılışını xatırlayarkən Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xəttini qeyd etməmək olmaz. Çünki Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu.
    Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiya qarışıq dövrdə yaransa da, Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Qısaca desək
    Yeni Azərbaycan Partiyasının yaranması gənc dövlətin tarixində dönüş nöqtəsi oldu. 29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Fəxr edirəm ki, Azərbaycanın inişaf tarixində müstəsna xidməti olan Partiyanın - Yeni Azərbaycan Partiyasının sıralarındayam, onun fəal üzvüyəm. Bütün məsləkdaşlarımı Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
    Mirnizam Vahabov,
    Masallı rayon Yeni Azərbaycan Partiyasının üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR