Məşhur Məmmədov,
Milli Məclisin deputatı
21 noyabrı bütün məsləkdaşlarımızla xüsusi qeyd etməyə hazırlaşırıq. Çünki böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür.
Yaxın keçmişə nəzər salsaq, görərik ki, Partiyanın yarandığı dövr mürəkkəb tarixi-siyasi şəraitə təsadüf edirdi. Keçdiyi çətin və şərəfli mübarizə yolunda, partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin xalqın və dövlətin qarşısında rolu danılmaz, göstərdiyi xidmətlər böyük idi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər bugünkü Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i nəinki doğma partiyamızın, respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Bu gün Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.
Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyası 29 ildir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə illərdir yorulmadan xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.
Fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya gələcəyə doğru inamla irəliləyir. Ötən illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.
30 ilə yaxın işğal altında qalan torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi 29 yaşlı Yeni Azərbaycan Partiyasının siyasi xəttinin möhkəm olmasını bir daha sübut etdi. 29 illik qısa tarixdə əldə olunan nailiyyətləri sadalamaqla bitməz. İnanıram ki, Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və layiqli davamçısı cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasındakı fəaliyyətini özündə tam əks etdirən, sənədlərə söykənən bir əsər, film ərsəyə gələcək, gələcək davamçılarımız fəxrlə, maraqla Partiyanın keçdiyi şərəfli yolla bağlı həmişə dolğun məlumatlı olacaqlar. Bütün YAP üzvlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyası bütün üzvləri üçün dünənin, bu günün, sabahın Partiyasıdır. Bu, həmişə belə olacaq