Ülvi Quliyev
Milli Məclisin deputatıAvropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarı ilə təsbit olunur ki, Xocalı faciəsi “müharibə cinayəti və ya insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilən xüsusilə ağır əməl”dir. Bu cür hüquqi tövsif o deməkdir ki, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşilik mahiyyətinə görə Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsada baş vermiş dəhşətli faciələrlə bütün mənalarda eynilik təşkil edir. Bu, həm də o deməkdir ki, 30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı alayın iştirakı ilə beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq, Xocalıda yaşayan dinc azərbaycanlılara qarşı məhz etnik mənsubiyyətinə görə soyqırımı cinayətini törədiblər. O zaman 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl insan olmaqla 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 76-sı uşaqlardan ibarət 487 Xocalı sakini şikəst edildi, 1275 nəfər girov götürüldü. Onlardan 150 nəfərinin taleyi barədə hələ də səhih məlumat yoxdur. Soyqırımı nəticəsində 8 ailə bütövlüklə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə körpə yaşlarında onlardan birini itirdi. Erməni vəhşiləri 56 azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirdilər: kimini diri-diri yandırdılar, kiminin başının dərisini soyub gözlərini oydular, hamilə qadınların isə qarın boşluğuna süngü keçirdilər...
Xocalıda törədilən dağıntılar, o cümlədən 3200 fərdi yaşayış evinin, 105 sosial-məişət binasının, 14 məktəbin və digər infrastruktur obyektinin yerlə yeksan edilməsi nə qədər ağrılı olsa da, orada qətlə yetirilən günahsız bir insanın belə həyatına bərabər tutula bilməz . O dövrdə Parisin Krua l Eveneman jurnalı yazırdı: “ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”. Tayms qəzeti isə Xocalıya həsr olunmuş manşet yazısında qeyd edirdi : ”Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. Sensasiya axtarışında olan dünyanın aparıcı informasiya qurumlarından bəziləri bu məlumatları yaymaqdan nədənsə indi də çəkinirlər. Beynəlxalq media məkanına kifayət qədər ciddi təsir və müdaxilə imkanı olan erməni lobbi təşkilatlarının yaratdığı blokadanın yarılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasının xidməti danılmazdır. Dünyanın fərqli guşələrində milyonlarla insan və 115 təşkilat bu təşəbbüsü artıq dəstəkləyir, 13 dövlət isə Xocalı faciəsini azərbaycanlılara qarşı etnik zəmində törədilən soyqırımı cinayəti kimi tanıyır. Lakin cəmiyyətimizi haqlı olaraq narahat edən budur ki, dünyanın aparıcı dövlətləri Xocalı soyqırımını indiyədək tanımayıblar. Guya 107 il əvvəl törədilmiş uydurma erməni soyqırımını tanıyan böyük güclərin cəmi 30 il əvvəl gözləri qarşısında baş verən Xocalı soyqırımını hələ də tanımamalarının səbəbinə gəldikdə isə, bunu sağlam məntiqlə izah etmək mümkün deyil. Qardaş Türkiyənin bütün arxivlərinin istənilən araşdırma üçün açıq olduğunu bəyan etməsinə baxmayaraq, tarixi sənədləri tədqiq etmədən qondarma erməni soyqırımını tanıyanların Xocalı soyqırımına münasibətdə göstərdikləri ayrı-seçkilik təkcə etinasızlıq demək deyil. Bu, həm də böyük güclərdən bəzilərinin beynəlxalq hüququn gözardı edilməsi ilə səssiz razılaşması və ya təşviq edilməsi anlamına gəlir. Dünyaya nəzarət uğrunda bir-biri ilə savaşa çıxan, bir-birini açıq şəkildə təhdid edən və bununla dünyanın təhlükəsizlik nizamını sual altında qoyan həmin ünvanlar bilməlidirlər ki, Xocalı soyqırımı kimi faciələrə ədalətli və adekvat münasibət göstərilməyincə, bəşəri dəyərlərə ictimai inam da ciddi sarsıntılardan keçməli olacaq. Hadisələrə yanaşmada meyarlar beynəlxalq hüquqa söykənmədikcə, bu meyarın təməlində siyasi maraqlar və güc amili ağırlıq təşkil etdikcə, təhlükəsiz dünya nizamı ilə bağlı arzular da yalnız arzu səviyyəsində qalacaq.
28 il ərzində sülh missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədri, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü, eyni zamanda dünyanın üç aparıcı nüvə dövlətinin nümayəndələri Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana əl uzadarkən bilmirdilərmi ki, kimin əlini sıxır və kimdən sülh gözləyirlər? Axı, o, Azərbaycan jurnalistinə deyil, Karnegi analitik agentliyinin əməkdaşı Tomas de Vaala müsahibəsində açıq şəkildə bunları etiraf etmişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. Cinayətkar əməlini etiraf etdikdən sonra həmsədrlərin Ermənistandan ədalətli davranış gözləməsi hansı məntiqə sığırdı? Yaxud indi, məlum tarixi faktlardan və cinayətkarın etirafından sonra Xocalı soyqırımını hələ də tanımamaları hansı məntiqə sığır, hansı bəşəri dəyərlərə söykənir və ya bu cür etinasızlığın arxasında hansı siyasi maraqlar dayanır?
Məruz qaldığımız Xocalı soyqırımına, habelə ermənilərin 44 günlük müharibədə mülki əhalimizə qarşı Gəncədə, Tərtərdə, Bərdədə, Naftalanda, Mingəçevirdə və digər rayonlarımızda törətdiyi çoxsaylı müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan əsgər və zabiti müharibəni ləyaqətlə apardı, mülki erməni əhalisinin birindən belə qisas almadı. Azərbaycan əsgərinin qisası o oldu ki, düşmənin on minlik hərbçisi qorxaq fərarilər ordusuna çevrildi, torpaqlarımız işğaldan azad edildi və Azərbaycan Bayrağı Qarabağda yenidən dalğalandı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Yenə də Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsi hər il ölkəmizdə ehtiramla yad olunur, fevralın 26-da on minlərlə insan “Ana Harayı” abidəsi önünə axın edir. Faciədən ötən 30 il sonra-bu il də belə olacaq! Heç kimdə şübhə olmasın ki, gələcək nəsillər də Xocalı soyqırımını unutmayacaq, bu cinayəti təşkil edənləri və onu törədənləri hər zaman lənətlə xatırlayacaq!
Allah Xocalı şəhidlərimizə, dövlət müstəqilliyimiz və ərazi bötövlüyümüzün bərpası uğrunda verdiyimiz bütün şəhidlərimizə rəhmət eləsin.