İbrahim Cəfərov,
ADAU-nun rektoru1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirməsindən 29 illik zaman ayırır bizi. Azərbaycan xalqı hər il eyni kədərlə Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarına yas tutur. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Faciənin belə genişmiqyaslı olmasına səbəb şəhər əhalisinin bir hissəsinin zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilməsidir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilib, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.
Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi idi. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
29 il keçməsinə baxmayaraq, Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalmış insanlar üzərində vəhşicəsinə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.
Artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib. İnanırıq ki, cənab Prezident İlham Əliyevin peşəkar diplomatik əməyi nəticəsində Xocalıların qisası alınacaq, onların vəhşicəsinə qətlə yetirildiyi yerlər tamamilə erməni işğalçılarından təmizlənəcək, Xocalı qətliamı öz hüquqi qiymətini alacaq. O gün uzaqda deyil. Allahdan Xocalı soyqırımında həyatlarını itirən soydaşlarımıza rəhmət, qalanlarına səbr və cansağlığı arzulayıram.