Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib.
DMX-dən
Azadmedia.az-a verilən məlumata görə, Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.
Bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyətin bir qrupu Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçək dəstələri düzülüb.
Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsi yad edilib.
Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyini ziyarət edib, həmçinin Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin önünə gül dəstələri düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qurumun yaradılmasının 15-ci ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, DMX-nin yaradılmasının ildönümü ərəfəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Xidmətin strukturunun təkmilləşdirilməsinə dair imzaladığı Sərəncam dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür. Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarının müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Xidmət rəisi həmçinin 15 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırılan yeni layihələrdən bəhs edib, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında Xidmət rəisinin imzaladığı əmrlər elan olunub.