AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin yaz sessiyası başa çatıb

  • + A
  • - A
  • 31-05-2022, 17:15

    Milli Məclisin yaz sessiyası başa çatıb

    Mayın 31-də Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib.
    O, birinci məsələnin Milli Məclisin qərar layihəsi olduğunu deyərək, qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Bildirib ki, ölkə Prezidenti Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin olunması üçün namizədlər təqdim edib və biz bu barədə qərar qəbul etməliyik.
    Məsələ barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri təqdim olunan namizədlər Rəşad Temraz oğlu Orucovun və Əliyar Qəhrəman oğlu Məmmədyarovun fəaliyyəti, iş təcrübəsi haqqında məlumat verib və məsələyə dair komitədə müsbət rəy verildiyini söyləyib.
    Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisinin qərar layihəsi səsə qoyularaq təsdiqlənib.
    Sonra iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə (birinci oxunuş) baxılıb.
    Məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” qanunla müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub. Qeyd edilib ki, 2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, Covid-19 pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə təsirləri nəzərə alınmaqla icra olunub.
    Diqqətə çatdırılıb ki, 2021-ci il bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu bir il olub. Belə ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılması, eləcə də neftin dünya bazarlarında qiymətinin artması fonunda yaranan əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunaraq 2019-cu ildəki Ümumi Daxili Məhsulun səviyyəsini keçməsini şərtləndirib. Ötən il iqtisadiyyatın bütün sahələrində bərpa prosesləri sürətlə gedib, neft sektoru üzrə əlavə dəyər 1.8%, qeyri-neft sektorunda isə 7.2% artıb. ÜDM-in həcmi 75.8 mlrd manat proqnozlaşdırılsa da, faktiki həcmi 92.9 mlrd manat təşkil edib. Xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685.8 mln dollar azalaraq ilin sonunda 8.135 milyon dollar olmaqla ÜDM-in 14.9%-ni təşkil edib. Hesabat ilində sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycana öz təsirini göstərib. Lakin ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər daha yüksək inflyasiya göstəricilərindən yayınmağa imkan verib. Ümumilikdə, 2021-ci il ərzində həm daxili, həm beynəlxalq vəziyyət ölkəmiz üçün əlverişli olub.
    Komitə sədri öz məlumatında 2021-ci ilin dövlət büdcəsinin icrasının əsas parametrlərindən danışıb. Bildirilib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat proqnoza qarşı 26 396,3 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 10.4% çox olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 49.3% vergi orqanları, 33.8% gömrük orqanları, 16.9% isə digər mənbələr vasitəsilə formalaşıb. Bu müddətdə dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 13 536.2 milyon manat təşkil edib və bu da proqnozdan 240 mln manat az olub. Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə daxilolmalar 8 529.200 min manat, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 343.0 milyon manat təşkil edib. Özəlləşdirilmədən daxilolmalar 112,7 mln. manat olmaqla, əvvəlki ilə nisbətən 83,4% artıb. Dövlət maliyyə nəzarəti və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60.8 mln. manat dövlət büdcəsinə bərpa olunub.
    Qeyd edilib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri 27 422.4 milyon manat, yəni 96.1% icra olunub. Xərclərin 60.5%-ni cari xərclər, 31.5%-ni əsaslı xərclər, 8%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib. Sosialyönümlü xərclər ümumi xərclərin 37,5 faizini və ya 10 296,7 milyon manat təşkil edib. Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün dövlət büdcəsində 261 milyon manat vəsait nəzərdə tutulsa da, zərurətdən irəli gələrək faktiki olaraq ümumi 806.8 milyon manat vəsait xərclənib. Dövlət büdcəsindən təhsil üçün ayrılmış xərclərin 96.7%-nin, müdafiə və təhlükəsizlik üçün ayrılmış xərclərin 99.2%-nin, meliorasiya tədbirləri üçün ayrılmış xərclərin 98.7%-nin, ərzaq təhlükəsizliyi üçün ayrılmış xərclərin 97.3%-nin, elm üçün ayrılmış xərclərin isə 84.6%-nin icrası təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri üçün büdcədə nəzərdə tutulmuş 2 200.0 milyon manat vəsaitin 2 178.4 milyon manatının və ya 99.0%-nin icrası təmin olunub.
    İclasda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyini təqdim edib. Bildirib ki, Palatanın rəyi 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və illik hesabatın hüquqi aktların meyarlarına uyğunluğunu, büdcə parametrlərinin əsaslığı və tamlığı ilə bağlı qiymətləndirmələri özündə əks etdirir. Qanun layihəsi və illik hesabat hüquqi aktlarla müəyyən edilmiş müddətdə təqdim olunub, tələb olunan məlumat və göstəriciləri özündə ehtiva edir. Hesabata daxil edilən məlumatların keyfiyyətinin və həcminin yüksəlməsi istiqamətində də müəyyən addımlar atılıb.
    Bildirilib ki, büdcə qaydasının təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumatların təqdim edilməsi, son illər ərzində ilk dəfə olaraq illik hesabatda Hesablama Palatasının rəylərində verilmiş təkliflər barədə alt-bölmənin verilməsi təqdirəlayiqdir. Həmçinin, sənədlərdə dövlət büdcəsinin parametrlərinin sosial-iqtisadi proqnozlara əsaslandığı, bu proqnozların qlobal iqtisadi çağırışların təsiri ilə dəyişə biləcəyi və dövlət büdcəsinin bu təsirlərə məruz qala biləcəyi qeyd edilib.
    Qeyd olunub ki, təqdim edilmiş məlumatların təhlili gəlirlər və xərclər üzrə müəyyən edilmiş hədəflərə əsasən nail olunduğunu göstərir. Bununla yanaşı, rəy icra edilmiş dövlət büdcəsinin dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.
    Məsələ ətrafında gedən müzakirələrdə komitə sədrləri Əhliman Əmiraslanov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Elşən Musayev, Azər Badamov, Fazil Mustafa, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Razi Nurullayev çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər.
    Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.
    Adıçəkilən qanunun 10-cu maddəsinə əsasən, həmin qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən hazırki dəyişikliklər bu məsuliyyətin qanunvericilik əsaslarının və növlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
    İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər isə Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriyadan olan inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi, iddia ərizəsinə baxılması müddəti və digər məsələləri tənzimləyir.
    "Vətəndaşların müraciətləri haqqında" qanuna da uyğunlaşdırma xarakterli müvafiq düzəliş təklif olunur.
    Komitə sədrləri Siyavuş Novruzov, Ziyafət Əsgərov və deputat Sabir Rüstəmxanlı sənədlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
    Komitə sədri Əli Hüseynli deputatların qaldırdığı məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. O, bildirib ki, bu qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrində baxılıb. Qeyd edib ki, dəyişikliklər “Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunla bağlıdır. Digər qanunlarda edilən dəyişikliklər həmin qanundan irəli gəlir.
    Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, arxiv işi sahəsində fəaliyyətin yeni dövrün tələblərinə uyğun qurulması və bu istiqamətdə dövlət nəzarətini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Həmin Proqramla arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.
    Dövlət başçısı tərəfindən Mili Məclisə təqdim edilən "Milli arxiv fondu haqqında" qanuna dəyişiklik edilməsi barədə sənəddə Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Dəyişikliklərdə Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılması təklif olunur.
    Komitə sədri qanun layihəsində, ümumilikdə, 13 maddə üzrə 42 dəyişikliyin nəzərdə tutulduğunu deyib və maddələr üzrə aparılan dəyişiklikləri diqqətə çatdırıb.
    İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, “Milli arxiv fondu haqqında” qanunda ediləcək dəyişikliklərlə bağlı bir sıra qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulub. Sonra o, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.
    Məlumatda qeyd olunub ki, Mülki Məcəlləyə edilən əlavəyə əsasən, ləğvetmə komissiyası özünün və ləğv edilən hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış və "Milli arxiv fondu haqqında" qanuna uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini təmin edir.
    Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilir. "Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması" kimi təsbit olunmuş maddəyə əsasən, arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının, milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin "Milli arxiv fondu haqqında" qanunla müəyyən edilmiş müddətlərinin, arxiv fondu sənədlərinin tərkibi və həcmi barədə məlumatların təqdim olunması formasının və müddətinin, Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki, vəzifəli və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulur.
    “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla bağlı isə nəzərə çatdırılıb ki, qanunun 16-cı maddəsinə ləğvetmə komissiyasının hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənədlər sırasına fəaliyyəti nəticəsində yaranmış arxiv fondu sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış əlavə olunur.
    Komitə sədri Tahir Rzayev, deputatlar Sahib Alıyev, Əziz Ələkbərov, İsa Həbibbəyli dəyişikliklər barədə bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar. Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov səsləndirilən məsələlərə münasibət bildirib.
    Müzakirələrin yekununda təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
    İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasının yekunları barədə qısa məlumat verib.
    Spiker bildirib ki, Milli Məclisin yaz sessiyasında 13 iclas keçirilib, 70 qanun və qərar, o cümlədən 1 Konstitusiya Qanunu qəbul edilib.
    Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.
    Milli Məclis yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabatını, məruzə və məlumatlarını dinləyib.
    Sahibə Qafarova qeyd edib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də önəmli tədbirlər görülüb.
    Milli Məclisin deputatları 28 ölkəyə 50-dən çox səfər həyata keçiriblər. Bu səfərlərdə 95 deputat iştirak edib. Deputatlar üzv olduğumuz beynəlxalq təşkilatların həm əyani, həm də videokonfrans formatında keçirilən toplantılarında iştirak və çıxış ediblər.
    Millət vəkillərimiz Belarusda keçirilən referendumu müşahidə ediblər.
    Milli Məclis sədrinin 6 ölkəyə rəsmi və 1 ölkəyə işgüzar səfərləri olub. Bu səfərlərdə 30-a yaxın deputat iştirak edib. Spiker diqqətə çatdırıb ki, Milli Məclisdə o, 15 ölkənin prezident və baş naziri, parlament sədrləri və sədr müavinləri, deputatları, bir neçə ölkənin müxtəlif icra orqanlarının rəhbərləri, 4 beynəlxalq təşkilatın nümayəndə heyətləri ilə görüşlər keçirib. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib.
    Spiker xatırladıb ki, bu səfərlər və görüşlər barəsində o, hər dəfə deputatlara Milli Məclisin iclaslarında vaxtaşırı məlumat verib.
    Milli Məclisin sədri onu da qeyd edib ki, 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişləri də imzalanıb. Bildirib ki, bu yaxınlarda Milli Məclis böyük bir beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi edib. Bu tədbirdə 100-dən çox şəxs iştirak edib.
    Spiker Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyib və bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.
    Milli Məclisin sədri yaz sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR