Özəl günün gözəl bəyanı
Düz bir il öncə - 15 iyun 2021-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtı əziz Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.
Bu cümlənin özü bir dastanı ifadə edir. Bir cümlə, cümlədki sözlər yalnız bitmiş bir fikri ifadə etmir, fikrin qanadlarını, hərəkətin üfüqlərini, açılmamış səhifələri, toxunulmamış imkanları ifadə edir. "Şuşa Bəyannaməsi" türkün ulu qüvvətini, yenilməz gücünü göstərir.
Əlbəttə, Azərbaycanla Türkiyə "Şuşa Bəyannaməsi"nədək də qardaşdı, dostdu, qonşuydu. – Bu sənəd o qardaşlıq, dostluq və qonşuluğu yeni tarixi mərhələyə, Zirvəyə daşıdı. Zirvə sənəd məhz Zirv şəhərdə də imzalanmalıydı!
Rəmzlər dəqiq, zamanlama yerində! Əhatəli mətn, xəlqi istəklər, sarsılmaz inam və apaydın yol! - "Şuşa Bəyannaməsi"nin anlatdıqları budur!
"Şuşa Bəyannaməsi" əzəli, əbədi qardaşların dosta da, dost ola bilməyənlərə də - bütün dünyaya parlaq ismarıcıdır.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də əziz Şuşada imzaladığı Bəyannamə iki qardaş ölkənin tarixi münasibətlərinin yeni mərhələsinin əsasını qoydu. 44 günlük müharibədəki tarixi Zəfərimiz bölgədə yeni gerçəkliklər yaradıb və bu yeni gerçəkliklər fonunda ən fundamental hüquq, siyasət və diplomatiya əsərlərinin başında öz Şuşa
Bəyannaməmiz gəlir! Dost, qonşu ola bilməyənlər üçün yeni gerçəkliklər nəyi ifadə edirdisə, bir də "Şuşa Bəyannaməsi"ni oxumalı olacaqlar. Bir dəfə deyil, təkrar-təkrar oxusunlar; oxusunlar ki, bəlkə qəflətdən (qələtdən) ayılalar. Bu bölgədə Azərbaycan və Türkiyənin razı olmadığı, qol qoymadığı heç bir böyük iş görülə bilməz. Görülsə qalıcı olmaz və o işi görənlərin mayası batar.
Bəli, "Şuşa Bəyannaməsi" müttəfiqliyimizin geostrateji (geopsixoloji, geoiqtisadi və o miqyasda daha nə ola bilərsə hər bir əməli fəaliyyətin!) önəmini artırır.
Azərbaycan və Türkiyənin
əziz Şuşada dalğalanan
əziz bayraqları ölkələrimizin sarsılmaz birliyinin parlaq nümayişidir.
Müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi"nin imzalanması
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin bütün əməli fəaliyyət müstəvilərində yükslişini təmin etmə gücündədir.
Bəyannamə birxətli olmayıb, məhz çoxşaxəli müttəfiqliyin simvoludur.
"Şuşa Bəyannaməsi" Azərbaycan və Türkiyə münasibətlərini mənəvi müstəvidən rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu, artıq yalnız müstəvi və ya mürəkkəb beynəlxalq münasibətlər relyefinin siyasi zirvəsi deyil, ruhun əngin fəzasıdır!
***
Qardaş, qonşu və dost ölkələrimiz arasındakı müttəfiqlik bağları siyasət, iqtisadiyyat, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, ordu quruculuğu, mədəniyyət, təhsil və digər strateji sahələri (demək olar, bütün əməli fəaliyyət sahələrini!) əhatə edir.
İmzalanmasının birinci ildönümünü "Şuşa İli"ndə qeyd etdiyimiz "Şuşa Bəyannaməsi" bölgədə inteqrasiya proseslərinə güc qatır, ruh verir. Gələn ilki ildönümündə Şuşa Türk dünyasının, bir sonrakı ildə İslam dünyasının və həmişə Azərbaycanın Mədəniyyət Paytaxtı olacaq!
"Şuşa Bəyannaməsi" yalnız qardaşlara yol açmır, "3+3" platforması iştirakçıları daxil olmaqla, qonşuları, bütün yaxın-uzaq tərəfdaşları əmin-amanlığa, sülhə, tərəqqiyə çağırır.
"Şuşa Bəyannaməsi" bölgəyə yeni yatırımlara (sözün bütün anlamlarında) yol açır. Bəyannamə imzalanan gün dövlət başçımızın vurğuladığı kimi, bölgənin artan yatırım potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Tarixi Zəfərimizin və "Şuşa Bəyannaməsi"nin idrak prosesi dərinləşdikcə, yatırımçılar daha böyük həvəs və inam nümayiş etdirir. İqtisadi yatırımların önünü, necə deyərlər, bu işin fikir yatırımçıları açıb.
Başqalarının görmədiyi, görməməzliyə vurduğu gerçəkliklər, imkanlar İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bir imza ilə təsbit olundu!
Bakıda, Ankarada qanadlanan fikirlər Şuşada təcalla etdi, Günəş kimi doğdu. Günəş doğuşunu, onun üfüqdə nazlanmasını, bütün dünyaya ədalətlə şəfəq saçmasını Şuşada görmək, Şuşadan görmək bir başqadır!
***
"Şuşa Bəyannaməsi"ndə nəzərdə tutulan hərbi işbirliyi isə yeni müharibəni deyil, tam tərsinə sülhü - ədalətli sülhü ifadə edir. Bu ifadəlilik, "əvəzçıxma" peşində olanlara və onların açıq-gizli dəstəkçilərinə kübarca xəbərdarlıqdır: Ağlınızı başınıza yığın!
Dəmir Yumruq yerindədir! Daha doğrusu, artıq Azərbaycana kəc baxanların başına Dəmir Yumruqlar qoşa enəcək!
Biz əzəldən bilirik ki, Ermənistan heç vaxt öz gücünə arxalanmayıb, həmişə üç və daha artıq himayədarına arxalanaraq quduzluq edib.
Ağlı salim olanlar anlamalıdır ki, 30 illik ağır işğal dönəmində Azərbaycana nəyisə diktə edə bilməyənlər, qalib Azərbaycana, Şuşalı və Şuşa Bəyannaməli Azərbaycana heç nəyi qəbul etdirə bilməz!
İndi bircə yol var: Azərbaycanla hesablaşmaq, Azərbaycanın Yol xəritəsini qəbul etmək, yeni gerçəkliklərə uyğun davranmaq! Ya belə edəcəklər ya da rədd olub gedəcəklər! Ozan Arif demiş, "Başqa yolu yox artıq"!
Əkbər QOŞALI