AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi"

  • + A
  • - A
  • 28-06-2022, 12:13

    "Səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi"

    Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 28 iyun 2022-ci il tarixli iclasında çıxışını təqdim edir:

    Hörmətli deputatlar, hörmətli qonaqlar, hörmətli media nümayəndələri!
    Bildiyiniz kimi, Milli Məclisin nümayəndə heyəti iyunun 23-də və 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi.
    İyunun 24-də keçirilən iclasda müzakirələr TürkPA üzvü olan ölkələr arasında etimad və tərəfdaşlıq mühitinin möhkəmlənməsində parlament diplomatiyasının roluna həsr edilmişdi.
    Mən etdiyim çıxışda Türk birliyinin inkişafına həm hökumət, həm də parlament səviyyəsində dəstək verilməsinin xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını bildirdim. Qeyd etdim ki, ötən ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə alınan mühüm qərarlar, o cümlədən bu əməkdaşlıq və tərəfdaşlıq qurumunun “Türk Dövlətləri Təşkilatı” adlandırılması türk dövlətləri rəhbərlərinin zamanın çağırışlarına adekvat münasibətinin növbəti təzahürü olmuşdur.
    Nəzərə çatdırdım ki, bu mənada, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına təkan verən amil kimi qiymətləndirilməlidir. Müharibədən sonra Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verdim. Bildirdim ki, artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılmasına başlanacaqdır.
    Xüsusi vurğuladım ki, əldə edilmiş razılaşmalara uyğun olaraq, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantısının bərpası və nəticə etibarı ilə ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda mühüm bir addım olacaqdır.
    Hörmətli həmkarlar!
    İclasda həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin sədrləri, Türkmənistan parlamentinin sədr müavini, Macarıstan nümayəndə heyətinin rəhbəri və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış etdilər.
    İclasda qəbul edilmiş ən mühüm qərarlardan biri təşkilatın adının Türk Dövlətlərinin Parlament Assambleyasına dəyişdirilməsi oldu. Hesab edirəm ki, bu qərar təşkilatın inkişaf tarixində keyfiyyət baxımından yeni səhifə açır.
    TürkPA-nın 11-ci plenar iclası Çolpon-Ata Bəyannaməsinin qəbulu ilə başa çatdı.
    Hörmətli həmkarlar!
    Onu da qeyd edim ki, Çolpon-Atada bir sıra rəsmi görüşlər də keçirildi.
    Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iclasda iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə TürkPA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirildi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
    Qırğızıstan Joqorku Keneşinin sədri Talant Mamıtov və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə ikitərəfli görüşlərimizdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında parlamentlərimizin rolunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.
    Hörmətli həmkarlar, bu məlumatı sizə çatdırmaq istəyirdim. Hesab edirəm ki, parlament nümayəndə heyətinin Qırğızıstana səfəri səmərəli keçdi və bununla əlaqədar olaraq nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR