Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının Türküstan şəhərinə işgüzar səfərə gəlib.
Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Pavel Kazantsev, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, TÜRK PA-nın Baş katibi Altınbek Mamayusupov, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.
Sabah Milli Məclisin sədri TürkPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək. Parlamentin spikeri Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir.
Tədbirdə təşkilata üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq, KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.