AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ali Baş Komandanının Qarabağ Zəfəri

  • + A
  • - A
  • 28-06-2022, 12:45

    Ali Baş Komandanının Qarabağ Zəfəri
    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarix boyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazır.
    Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə azad etməsi Dağlıq Qarabağ problemi ətrafında da tamamilə yeni reallıq formalaşdırıb. Münaqişənin müxtəlif həlli variantlarının və onların prinsiplərinin müzakirəsi artıq arxada qalıb. Danışıqlar prosesində Ermənistanın yerinə yetirməli olduğu şərtlər vardı. Lakin ATƏT-in Minsk Qrupu onlara əməl etməyi işğalçıdan tələb etmirdi. 44 gün davam edən müharibənin nəticəsi olaraq Azərbaycan güc yolu ilə həmin şərtləri təmin etdi. Danışıqlar prosesində Azərbaycan Şuşaya yaxın buraxılmırdı. Lakin rəşadətli ordumuz qədim yurd yerimiz, mənəvi paytaxtımız Şuşanı azad etməklə Ermənistanın işğalçı siyasətini, sərsəm tələblərini darmadağın etdi.
    44 gündə Ermənistanın baş naziri N.Paşinyan xilas olmaq üçün hər gün ayrıayrı dövlət başçılarına yalvarmaqla məşğul oldu. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi-cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmaslarının, ardıcıl olaraq Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Lakin heç nə Azərbaycanı öz yolundan döndərə bilmədi və ordumuz Qarabağın incisi Şuşaya qədər gedib işğalda olan torpaqlarımızı azad edərək öz vəzifəsini yerinə yetirdi. Həmin günlərdə Prezident İlham Əliyev bütün siyasi təzyiqlərin qarşısını aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi.
    Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi və Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı bütün planlarının üstündən xətt çəkildi. Bütün dünya gördü ki, separatçı rejimlərə və işğal siyasətinə necə son qoyulur və beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Məlum olduğu kimi, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantları var idi. Lakin indi hansısa razılaşmadan söhbət belə gedə bilməz və bütün şərtləri Azərbaycan diktə edir. Bir mühüm məsələni də qeyd edək ki, xalqımızın bu qələbəsi ilə həm də Naxçıvan blokadadan azad olunur. Belə ki, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq ki, bu da respublikamızın Qələbə nəticəsində düşməni məcbur etməsinin mühüm nəticəsidir.
    Artıq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşüb. Dağlıq Qarabağla bağlı bütün tənzimlənmələr yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll ediləcək. İndi bütün şərtləri İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə bu şərtləri yerinə yetirməyə məhkumdur.
    Rövşən Əhmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR