AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

  • + A
  • - A
  • 26-09-2022, 19:25

    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

    Sentyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
    Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini salamlayan Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində aktiv siyasi dialoq sayəsində ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. Qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri mühüm rol oynayıb. Bugünədək iki ölkə arasında geniş spektri əhatə edən 250-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sahədə Prezident İlham Əliyevin cari ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Bu bəyannamə parlamentlərarası əlaqələr də daxil olmaqla, demək olar ki, ölkələrimizin bütün sahələrdəki əməkdaşlığını özündə ehtiva edir.
    Spiker Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında mövcud olan iqtisadi münasibətlərin inkişaf dinamikası da qənaətbəxşdir. O cümlədən, humanitar sahədə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə cari ilin mart ayında Moskvada keçirilmiş Azərbaycan Mədəniyyəti günləri Azərbaycan irsinin tanıdılmasına böyük töhfə oldu.
    Söhbət zamanı spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək, bildirib ki, ölkələrimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı, Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.
    Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında regionlararası əməkdaşlıq xüsusi rol oynayır. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin müəssisələri Azərbaycanla xarici ticarət sahəsində əməkdaşlıq edir, Rusiyanın 20-yə yaxın regionu ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müvafiq sazişlər imzalanıb.
    Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsi, Üçtərəfli Bəyannamənin həyata keçirilməsi, Ermənistanın uğursuz təxribatları barədə də fikir mübadiləsi aparılıb. Sahibə Qafarova xatırladıb ki, 2020-ci ildə Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz tarixi qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edərək, öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin edib.
    Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Azərbaycan regionda sülhün təmin olunması üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Lakin çox təəssüf ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin tələblərini tam şəkildə yerinə yetirməkdən boyun qaçırır və sülh prosesini pozmağa çalışır. Sahibə Qafarova, xüsusilə Ermənistan tərəfindən cari ilin 12 sentyabr tarixində törədilən təxribatları diqqətə çatdıraraq, vurğulayıb ki, bu təxribatların məsuliyyəti Ermənistanın siyasi–hərbi rəhbərliyinin üzərinə düşür. Milli Məclisin sədri bildirib ki, regionda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.
    Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkələrimiz arasında əlaqələrin dinamik inkişafından danışıb. O, ticarət, humanitar, təhsil sahələrində əlaqələrin bugünkü vəziyyətindən məmnunluğunu bildirib.
    Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən Vyaçeslav Volodin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyə olduğunu qeyd edərək, bu istiqamətdə parlamentlərarası əlaqələrin inkişafının da vacibliyini diqqətə çatdırıb. Vyaçeslav Volodin parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsində görüşlər, dialoq, kommunikasiyanın mühüm əhəmiyyətini vurğulayıb.
    Söhbət zamanı Dumanın sədri 2020-ci ildə ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinə yekun vuran Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyannamənin həyata keçirilməsi barədə də fikirlərini bölüşüb.
    Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri Səməd Seyidov, Ziyafət Əsgərov, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Tahir Mirkişili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Azərbaycanda rus icmasının sədri, deputat Mixail Zabelin, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Polad Bülbüloğlu, Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR