ABŞ-ın NASA agentliyi Beynəlxalq Kosmik Stansiyada (BKS) yenilənmiş Cold Atom Lab kvant laboratoriyasının fəaliyyətə başladığını açıqlayıb. Mikrocazibə şəraitində aparılan təcrübələr alimlərə Yer üzündə əldə edilməsi mümkün olmayan ekzotik maddə hallarını yaratmağa və kvant hadisələrini araşdırmağa imkan verir.
Kvant fizikası maddənin atomlar və işıq hissəcikləri səviyyəsində davranışını öyrənir. Bu miqyasda atomlar adi hissəciklər kimi deyil, dalğa kimi davranır, eyni anda bir neçə mövqedə ola və hətta bir-birinin içindən keçə bilirlər. Bu xüsusiyyətlər xüsusilə ultraaşağı temperaturda daha aydın müşahidə olunur.
Kiçik soyuducu ölçüsündə olan və Yerdən idarə edilən Cold Atom Lab qurğusu rubidium və kalium atomlarını -273°C-dən də aşağı, yəni demək olar ki, mütləq sıfır temperaturuna qədər soyudur. Bu şəraitdə atomlar maddənin beşinci aqreqat halı sayılan Boze–Eynşteyn kondensatı vəziyyətinə keçir və vahid kvant dalğası kimi davranırlar.
Çəkisizlik mühitində bu kvant dalğası Yer üzünə nisbətən daha böyük ölçüyə çata və daha uzun müddət sabit qala bilir. Bu isə zamanın, cazibə qüvvəsinin və sürətlənmənin son dərəcə dəqiq ölçülməsinə, həm fundamental elmi araşdırmaların, həm də gələcəyin naviqasiya texnologiyalarının inkişafına yeni imkanlar yaradır.
Layihənin elmi rəhbərinin müavini İtan Elliott bildirib:
> “Ötən əsrdə baş verən ilk kvant inqilabı bizə lazerləri, mobil telefonları və MRT texnologiyasını qazandırdı. İndi isə biz Kvant İnqilabı 2.0 üzərində işləyirik və texnologiyada oxşar sıçrayışa ümid edirik.”
Qeyd edək ki, bu, 2018-ci ildə laboratoriyanın BKS-ə göndərilməsindən sonra həyata keçirilən dördüncü yenilənmədir. Son modernləşdirmə çərçivəsində kvant atom buludlarının formasını idarə etməyə imkan verən yeni maqnit tələsi quraşdırılıb ki, bu da alimlər üçün tamamilə yeni eksperiment imkanları açır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.