AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada istilər güclənir: Fransa və İspaniyada yeni temperatur rekordları qeydə alınıb

  • + A
  • - A
  • Bu gün, 22:36

    Avropada istilər güclənir: Fransa və İspaniyada yeni temperatur rekordları qeydə alınıb

    Avropanın bir sıra ölkələrində müşahidə olunan güclü istilər yeni temperatur rekordlarının qeydə alınmasına və genişmiqyaslı meteoroloji məhdudiyyətlərin tətbiqinə səbəb olub.
    Fransanın meteoroloji xidməti olan Météo-France ölkənin materik hissəsində yerləşən 96 departamentdən 72-si üzrə ən yüksək – qırmızı hava xəbərdarlığı elan edib. Bu, Fransa ərazisinin təxminən dörddə üçünün ekstremal istilərlə əlaqədar yüksək risk zonasında olduğunu göstərir. Daha 17 region isə narıncı xəbərdarlıq səviyyəsinə keçirilib.
    Meteoroloqlar bildirirlər ki, qırmızı xəbərdarlıq tətbiq edilən ərazilərdə isti hava dalğası həm gündüz, həm də gecə saatlarında “müstəsna xarakter” daşıyır.

    Eyni zamanda, İspaniyanın milli meteoroloji xidməti AEMET iyun ayında ölkənin materik hissəsində orta gündəlik temperaturun ən azı 1950-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını açıqlayıb. Bəzi bölgələrdə temperaturun qismən enəcəyi gözlənilsə də, ölkənin şimalında ekstremal istilər davam edir.

    Xüsusilə, Bilbao şəhərində havanın temperaturunun 39,3 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılıb. Basklar ölkəsinin bir hissəsində isə qırmızı xəbərdarlıq qüvvədə qalır.
    Sinoptiklərin məlumatına görə, isti hava dalğası Qərbi Avropanın geniş ərazilərini əhatə edib. Gündüz və gecə saatlarında davam edən anomal yüksək temperatur infrastrukturun fəaliyyətinə və səhiyyə sisteminə əlavə yük yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR