AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dr. Subhan Talıblı - “İranın Cənubi Qafqaz siyasəti - IV”, “II Qarabağ müharibəsində İranın mövqeyi“ - ÖZƏL

  • + A
  • - A
  • 31-10-2022, 10:29

    Dr. Subhan Talıblı - “İranın Cənubi Qafqaz siyasəti - IV”, “II Qarabağ müharibəsində İranın mövqeyi“ - ÖZƏL


    İranın Cənubi Qafqaz siyasəti



    Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirir. Qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi isə dövlət siyasətində prioritet təşkil edir. Bu günlərdə cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. Geniş oxucu auditoriyasının bu mövzu ilə bağlı marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının İran-Azərbaycan münasibətlərindən bəhs edən elmi-tədqiqat xarakterli məqaləsini oxucularımıza təqdim edirik.


    Tehranda 24 erməni və dini azlıq kimi onlara aid 32 məktəb var. O da qeyd edilməlidir ki, rəsmən ermənilərin xüsusi idman mərkəzi kimi tanınan "Ararat" klubu Tehranın ən sayılan bölgəsində yerləşir və heç bir müsəlmanın giriş haqqı olmadığı bir qala kimi dizayn edilmişdir. Əslində Ermənistanın Tehrandakı səfirliyi, ölkə paytaxtının mərkəzində yerləşən "Saint Sergis kilsəsi" və "Ararat" klubu antitürk və anti-Azərbaycan layihələrini həyata keçirməyi öhdəsinə götürən mərkəzlər kimi fəaliyyət göstərməkdədirlər. Lakin bu günə qədər Azərbaycan Respublikasına səfirliyin tikilməsi üçün yer verilməmişdir.

    İran-Ermənistan mədəni əlaqələrinin inkişafı 1991-ci ildən sonra başlamışdır. Mədəni əlaqələr sahəsində iki ölkənin elmi mərkəzləri, təhsil ocaqları arasındakı əlaqələri qeyd etmək olar. İran-Ermənistan mədəni əlaqələrində incəsənətin müxtəlif sahələrinə də diqqət yetirilir. Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyi bu sahədə xüsusi rol oynayır. Bu muzey İrəvanda erməni yazıçılarının əlyazma nüsxələrinin saxlandığı yerdir. Eləcə də bu muzeydə klassik fars ədəbiyyatı nümunələri, o cümlədən Firdovsi və Sədinin əsərləri, İran musiqisinin erməni musiqisi ilə bağlılığı haqqında erməni tədqiqatçıları tərəfindən yazılan müxtəlif kitablar və fars dilində əlyazma nüsxələri saxlanılır. İki ölkə muzeyləri arasında vaxtaşırı keçirilən sərgilər bu əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə müsbət təsir göstərir. İki ölkə arasında mövcud mədəni əlaqələrə nəzər yetirsək, onları aşağıdakı sahələr üzrə təsnif etmək olar: turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi; iki ölkənin kino festivallarında iştirak etməsi; kinofilmlərin mübadiləsi və onların nümayiş etdirilməsi; idman sahəsində geniş əməkdaşlıq, birgə turnirlərin təşkili, təcrübə mübadiləsi; musiqi sahəsində əməkdaşlıq; hər iki ölkədə fars və erməni dillərinin yayılması istiqamətində görülən işlər; İrəvanda farsdilli kitabxananın təsis edilməsi; İrəvan Universitetində fars dili fakültəsinin açılması və eyni zamanda İsfahan Universitetində erməni dilli fakültənin fəaliyyət göstərməsi; Ermənistan televiziyasında fars dilində proqramların yayımlanması və s. İİR-in xarici siyasətinin əsas prinsiplərini nəzərə alaraq müsəlman İran dövlətinin Ermənistanla bir çox sahələrdə əməkdaşlığı və yaxınlaşması ermənilərin Azərbaycana qarşı uğurlar qazanmasına imkan verir. Buna misal olaraq, 1992-1993-cü illərdə müstəqil və suveren Azərbaycan Respublikasında siyasi gərginliyin yaranmasında Ermənistanla İranın birgə səyini və Qarabağ müharibəsi nəticəsində ermənilər tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalını göstərmək olar. İrandakı islam rejimi bu ölkə ərazisində yaşayan 120 min nəfərə yaxın erməni əhalisinə başqa azlıqlara nisbətən daha əhəmiyyətli güzəştlər etməklə, onlara öz dillərində tədris, mətbuat azadlığı hüquqları və İran İslam Şurası Məclisində deputat yeri verməklə təkcə Ermənistanın yox, həm də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin rəğbətini qazanmağa, onları öz tərəfinə çəkməyə çalışır. Çünki dünyanın müxtəlif ölkələrindəki erməni lobbisi türklərə qarşı ümumerməni birliyi yaratmaqda və tarixi türk torpaqlarına iddialarında qalmaqdadırlar. Bu isə İranın fars millətçi şovinist dairələrinin türklərə münasibətdəki strategiyasına uyğundur. Bundan başqa, İİR-in Ermənistanla isti və yaxın münasibət saxlaması onun Avropa ölkələri ilə əlaqələrində erməni diasporu tərəfindən bir çox hallarda dəstəklənməsini şərtləndirir. Qeyd edilməlidir ki, İran üçün Ermənistan tranzit ölkə və İran-Türkiyə-Avropa xəttinə alternativ ərazi kimi nə dərəcədə əhəmiyyət kəsb edirsə, İran-Ermənistan iqtisadi əlaqələri, bu əlaqələrdə İranın enerji, yanacaq və ticarət sahəsində inkişaf dinamikası da Ermənistanın indiki vəziyyətində onun üçün bir o qədər önəmlidir. Mədəni sahələrdə, o cümlədən din, dil, tarix və s. sahələrdə İran və Ermənistan arasındakı əlaqələrin inkişafına söykənən və bu əlaqələrin dərinləşməsində maraqlı olan ermənilər özlərini "ariya köklü farslar"ın qardaşı, bu kökdən əmələ gələn qol hesab edirlər. Fars şovinizmi üçün əlverişli olan bu iddia Ermənistanın İrandan daha artıq faydalanmasına və İrandakı ermənilərin islam dövlətindən daha çox imtiyaz qoparmalarına şərait yaradır.

    İşğal dövründə Azərbaycan torpaqlarında islam mədəniyyəti abidələrini yerlə-yeksan edən, məscidləri mal tövləsinə çevirən erməni təcavüzkarlarına ərzaqdan tutmuş yanacağa qədər lazım olan məhsulları verən İran İslam Respublikasının əməlləri müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”dəki prinsiplərlə nə dərəcədə uzlaşır? İrəvan şəhərində 7 müsəlman məscidindən yalnız birini iranlı tacir və iş adamları üçün saxlayan, yalnız İrəvanda deyil, bütün Ermənistan ərazisindəki müsəlman ibadətgahlarını və tarixi müsəlman abidələrinin qalıqlarını məhv edən, 1 milyondan çox insanı türk-müsəlman olduqları üçün vətənlərindən didərgin salan bir dövlətlə İran islam rejiminin dostluğu və həmkarlığı onun Azərbaycan Respublikası ilə münasibətlərinə kölgə salmaya bilməz. Adi münasibətlərdə olduğu kimi, dövlətlərarası əlaqələrdə də səmimiyyətlə riyakarlıq bir araya sığmaz. O öz fərqli cəhətlərini nə qədər gizlətsə də, müəyyən münasibətlərdə təzahür edəcəkdir. Bu mənada, İran hakimiyyəti özünün Qafqaz siyasətində əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan Respublikası ilə münasibətlərini mövcud reallıqlar əsasında qurmalı, həmin münasibətlərə səmimi, qərəzsiz baxış keçirməli və düzəlişlər aparmalıdır. Bu, günün tələbidir və hazırkı beynəlxalq şəraitdə, Yaxın və Orta Şərq ölkələrində baş verən hadisələr və münaqişələr fonunda digər region ölkələri kimi İran üçün də çox zəruridir. SSRİ-nin dağılmasından sonrakı müstəqillik illərində İran İslam Respublikası və Ermənistan arasındakı əlaqələrə aid araşdırmaların yekunu kimi qeyd edilməlidir ki, indiyə qədər iki ölkə arasında müxtəlif sahələr üzrə 90-dan çox saziş və müqavilə bağlanmışdır. 2006-cı ilin iyul ayında iki ölkə arasında həyata keçirilən yaxın münasibətlərin nəticəsi kimi İran prezidenti M.Əhmədinejad və Ermənistan prezidenti R.Köçəryan arasındakı Tehran görüşünü qeyd etmək yerinə düşərdi. Beləliklə, İran özünün Qafqaz siyasətində Ermənistana xüsusi yer verir. Bu, həm strateji-siyasi, iqtisadi-ticarət, həm də mədəni-mənəvi amillərdən irəli gəlir. Bu sahədə araşdırmalardan belə bir nəticəyə gəlmək olar ki, İran İslam Respublikası yarandığı gündən Ermənistan ilə münasibətlərinə xüsusi fikir vermişdir. Bunu fars və erməni soyları arasında qohumluq əlaqələri ilə şərtləndirmişdir. İİR-in Ermənistanda geosiyasi, iqtisadi-ticarət maraqları vardır. Bu maraqlar da öz növbəsində, İranın təcrid vəziyyətindən çıxmaq planları, yeni yaranmış regiona girmək niyyətləri, Qərb dünyasına çıxış əldə etmək istəkləri, Cənubi Qafqazda baş verən hadisələrdə fəal rol oynamaq və vasitəçilik missiyasını yerinə yetirmək məqsədləri ilə izah oluna bilər. İran ilk növbədə, Cənubi Qafqazı öz nüfuz dairəsinə daxil etmək istəyir.

    İkinci Qarabağ müharibəsində İranın mövqeyi

    Təəssüf ki, I Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Azərbaycan xalqı islam və qonşularla dinc, yanaşı yaşamaq prinsiplərini öz konstitusiyasında və xarici siyasət kursunda qabardan İİR-in ilk baxışda müsəlman Qafqaz xalqlarının mənafeyinə uyğun hərəkət edəcəyini gözləyirdi. Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsindən etibarən Azərbaycan qonşu İran İslam Respublikası dövlətindən dəstək alacağını güman edirdi. Buna müqəddəs kitab "Qurani-Kərim"dəki ayələrə və islam prinsiplərinə söykənən ölkə Konstitusiyasındakı (Əsas Qanunundakı) müddəalar əsas verirdi. Həm İran, həm də Azərbaycan müsəlmanlarının dini inancında "müsəlman müsəlmanın qardaşıdır", "dara düşmüş müsəlman qardaşa digər müsəlman qardaş kömək əli uzatmalıdır", "müsəlmanın düşməni islam dininin düşmənidir" və s. bu kimi "Qurani-Kərim"dən gələn fikirlər yer tutur. Buna görə də dini mənsubiyyəti xristian olan ermənilər tərəfindən ərazisinin 20 faizi işğal olunmuş və bir milyondan artıq müsəlman vətəndaşı yurd-yuvasından didərgin düşmüş Azərbaycanın İranın əsaslı köməyinə inamı böyük idi. Bu inamın bir cəhəti də İranın müsəlman əhalisinin Azərbaycanın haqq işini dönmədən müdafiə etməsi, Ermənistanı təcavüzkar bir dövlət kimi tanıması ilə bağlı olmuşdur. Bununla belə, təəssüflə qeyd edilməlidir ki, münaqişə dövründə İranda hakimiyyətdə olan və rejimin daxili və xarici siyasətini istiqamətləndirən qüvvələr, sanki yuxarıda dediyimiz dini ehkamlardan xəbərsiz idilər və çox vaxt ondan yan keçirdilər. Həmin illərdə baş vermiş hadisələrin gedişini, atılmış əməli addımları və real faktlarla təsdiqlənən mövcud həqiqətləri özündə əks etdirən tarixi sənədlər bu fikri deməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın xarici siyasət kursundakı ziddiyyətli mövqeyi və "pərdəarxası" fəaliyyəti onun araşdırılmasını və işıqlandırılmasını günümüzün aktual, öyrənilməsi vacib olan mövzular sırasına çıxarmışdır. Dağlıq Qarabağda sözügedən hadisələrin başlandığı gündən indiyədək İİR-in bu hadisəyə ikili münasibətinin şərhi də mövzunun önəmini artırır. Belə ki, bütün bəyanatlarında və beynəlxalq təşkilatlardakı çıxışlarında, eləcə də Azərbaycan rəhbərliyi ilə fərdi və rəsmi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən İran rəhbərliyi əməldə dediklərinin əksinə hərəkət edir. Bunu İranın Ermənistanla rəsmi əlaqələrində, mədəni, iqtisadi, elmi, enerji, eləcə də hərbi əməkdaşlığında görmək mümkündür.

    Vətən müharibəsi dövründə beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə, beynəlxalq və region təşkilatlarının qərarlarına, xüsusən müharibənin aparılması qaydalarına əməl edən Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyat həyata keçirmişdir. Təəssüf ki, Vətən müharibəsinin ilk dövründə İran rəhbərliyi susqunluq nümayiş etdirmişdir. Yalnız son anlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında rəsmi məlumat vermişdir. Lakin Vətən müharibəsi dövründə yerli və xarici mətbuatda, eləcə də İranda yayılan məlumatlarda İrandan Ermənistana aparılan yük maşınları, yeyinti və neft məhsulları, eləcə də hərbi ləvazimatların da daşındığı haqda məlumatlar öz əksini tapırdı. İranın bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqlarla qarşılanırdı.

    Əvvəla, Türkiyə və Azərbaycan dövləti hər zaman həm üçtərəfli, həm də altıtərəfli formatda görüşlərin keçirilməsinin tərəfdarı olub və belə təşəbbüsləri dəstəkləyib. Bu, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu kontekstdə də Azərbaycanın müstəqillik illərindən bu tərəfə Türkiyə Respublikası ilə birlikdə beynəlxalq sülhün və əməkdaşlığın qorunması, təhlükəsizlik, regional inteqrasiya, regional iqtisadi, ticarət və kommunikasiya əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərin təməlində ölkə rəhbərinin iradəsi və Ordumuzun peşəkarlığı, qorxmazlığı, möhkəm ideoloji hazırlıq və tarixi ədalətin bərpasına inam var. Əlbəttə, qazandığımız zəfər bölgədə yeni bir siyasi mənzərə və reallıq yaradıb. İndi əldə olunan zəfəri möhkəmləndirmək və tam şəkildə Azərbaycan ərazisində suverenliyimizi bərpa etmək istiqamətində işlər görülür. Lakin son baş verən hadisələr fonunda ictimaiyyəti narahat edən problemlər mövcuddur. Təbii ki, İran dövləti, eyni zamanda onun müvafiq qurumları Azərbaycan və Türkiyənin regionda olan nüfuzunu, bir sıra tarixi-ideoloji, siyasi, mənəvi dəyərlərinin və Türk kimliyinin ağırlığını, xüsusilə Türkiyənin artıq bölgədə aparıcı dövlət olduğunu çox yaxşı bilir. Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyənin və xüsusilə Rəcəb Tayyib Ərdoğanın türk-islam dünyasındakı liderlik nüfuzu da İran dövlətinin rəhbərlərinə məlumdur. Biz İran-Türkiyə yaxınlaşmasına tarixdə bir neçə dəfə şahid olmuşuq. Bunlardan birincisi Mustafa Kamal Atatürkün zamanında olub, sonradan bir sıra sənəd və müqavilələr imzalanıb. Amma sərhədlərin təhlükəsizliyi, narkotik maddələrin tranziti, qanunsuz miqrantların sərhəd məntəqələrindən keçməsinə göz yumulması, erməni məsələsi kimi problemlər hələ də qalıb. İran və Azərbaycan arasındakı münasibətlərə də nəzər salsaq, problemli məsələlərin şahidi ola bilərik. İran Azərbaycanın enerji ehtiyatlarının istehsalında və dünya bazarına çıxarılmasında Qərbin aparıcı dövlətlərinin iştirakından, Azərbaycan ilə Türkiyə və İsrail arasında olan münasibətlərdən, cənubdakı soydaşlarımıza qarşı olan həssaslığımızdan narahatlıq duyur. Azərbaycan isə hər zaman Ermənistan və İran arasında olan münasibətlərindən, İranın Birinci və İkinci Qarabağ müharibələrində bu dövlətə göstərdiyi siyasi, iqtisadi və hərbi yardımlardan, eyni zamanda cənubdakı soydaşlarımıza qarşı ayrı-seçkilikdən narahatlıq duyur. İran rəhbərliyi də artıq anlamağa başlayıb ki, sadaladığımız problemlərin həllində bu və digər yollardan istifadə etmək yerinə, ölkə rəhbərləri və hökumətlərarası səviyyədə görüşlərə, danışıqlara üstünlük vermək lazımdır.

    İran qeyri-adekvat davranışları ilə Türkiyə və Azərbaycanda itirmiş olduğu nüfuzunu yenidən geri qaytarmaq istəyir, ona görə də belə görüşlərin keçirilməsinə daha çox diqqət ayırmağa başlayıb. İran görür ki, Türkiyə və Azərbaycan artıq bir dövlət kimi hərəkət edir, ciddi strateji əməkdaşlıq həyata keçirir və Azərbaycan öz ordusunu Türkiyənin ordusu modelində yenidən qurur. İranla bağlı digər bir məsələ budur ki, diplomatların ölkələrdəki fəaliyyəti beynəlxalq hüququn prinsiplərinə və Vyana konvensiyalarına əsaslanmalı, diplomatlar da fəaliyyət göstərdikləri ölkələrin bu və ya digər məsələlərdə daxili işlərinə qarışmamalıdır. Hesab edirik ki, İranda qondarma erməni soyqırımı məsələsinin təbliğinə verilən dəstəyə, erməni faktorundan Türkiyə və Azərbaycana qarşı istifadəyə son qoyulmalı, Azərbaycanın dövlət sərhədlərini gücləndirməsi, Qarabağda aparılan abadlıq, yenidənqurma və s. kimi məsələlərə hörmətlə yanaşılmalı, münasibətlərdə mehriban qonşuluq siyasətinə önəm verilməlidir. Ümumiyyətlə, həmişə olduğu kimi, bu gün də Azərbaycan Respublikası siyasi danışıqların keçirilməsinin, regionda birgəyaşayışın, dialoqun aparılmasının tərəfdarıdır ki, bu da bölgədə bütün tərəflərin maraqlarına uyğundur. Yetər ki, əldə olunan razılaşmalar yalnız kağız üzərində qalmasın və həyata keçirilsin.

    İranın son dövrlərdə Azərbaycan və Türkiyə sərhədlərində keçirdiyi əməliyyatlar, Zəngəzur məsələsinə müdaxiləsi, Azərbaycanın dini vəziyyətinə münasibəti, İranın bəzi dairələrinin Azərbaycana qarşı fikirləri böyük təəssüf doğurur. Azərbaycan dövləti 1991-ci ildən bu tərəfə İranın daxili işlərinə müdaxilə etməmişdir. Təbii ki, istər Azərbaycan, istər İran, istərsə də xarici ictimaiyyətə bəllidir ki, İranda Azərbaycan və azərbaycanlılar məsələsi nə coğrafi anlamda, nə də mülki hüquqlar məsələsində həll edilməyib, hətta hüquqları belə tanınmayıb. Tarixi İran coğrafiyasında azərbaycanlılar hər sahədə öndə olublar. İrandakı ermənilərin bütün hüquqları olduğu halda, azərbaycanlıların nə bir məktəbi, televiziyası, radiosu, mədəniyyət mərkəzi, dil mərkəzi, ana dilində mətbuatı, universitetlərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi və s. yoxdur. Halbuki, Azərbaycan xalqının buna tam haqqı və hüququ çatır. Çünki İran ərazisi azərbaycanlıların yaşadığı coğrafiyadır. Təbii ki, bu məsələdə Azərbaycanın kifayət qədər İrana təsiretmə imkanı var. Cənab Prezident İlham Əliyevin dediyi kimi, "Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik". Bu bir daha göstərir ki, Azərbaycan dövləti üçün dünyada yaşayan azərbaycanlılar mühüm əhəmiyyət kəsb edir.

    İran rəhbərliyinin "qırmızı xətt" dediyi ərazilərin, bütün tarixi sənəd və xəritələrdə Azərbaycan ərazisi olduğu açıq-aydın görünür. Son günlərdə tələm-tələsik Qafanda İranın konsulluq açması da Azərbaycanın xarici siyasətini, hərbi strategiyasını, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Gürcüstan və s. ölkələrlə hərbi əməkdaşlıq siyasətini dəyişdirməyəcək. Bu, həmçinin İran diplomatiyası üçün arzuolunan, strateji cəhətdən düzgün addım deyil. İran rəhbərliyi və dövlət qurumları İranın Azərbaycan siyasətinə, regionda yaranan reallığa yenidən baxmalı, münasibətlərinə korrektələr etməli, ölkəmizin xarici siyasətinə, hərbi strategiyasına, tərəfdaş olduğu Türkiyə, Pakistan, İsrail və s. ölkələrlə əməkdaşlığına hörmətlə yanaşmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR