ŞƏRQŞÜNAS ALİM MALAYZİYADA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB.
Malayziya, 1 noyabr, 2022-ci il
Azadmedia.az - AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri fəl.ü.f.d. Elnur Mustafayev Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində "Oman yaddaşı mərkəzi" və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Oman irsinin tərcüməsi" adlı yeddinci beynəlxalq konfransda "Azərbaycanda Quranın tədqiqi sahəsində tərcümə hərəkatları: Mirməhəmməd Bakuvinin "Kəşful-həqaiq" əsəri əsasında" adlı məruzə ilə çıxış edib.
E.Mustafayev məruzə zamanı Azərbaycan tarixi, mədəniyyəti və alimləri haqqında ətraflı məlumatları verdikdən sonra, ölkəmizdə ərəb dili və ədəbiyyatı sahəsində aparılmış tədqiqatlar, həmçinin ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş əsərlər barəsində də söhbət açıb.
Məruzəçi daha sonra Mirməhəmməd Bakuvi və ölkəmizdə Qurani-Kərimin tədqiqi sahəsində çox böyük əhəmiyyətə malik "Kəşfül-həqaiq" əsəri haqqında müfəssəl məlumatları müxtəlif ölkələrdən iştirak edən konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Bununla yanaşı, konfransda təmsil etdikləri ölkələrdə tərcümə fəaliyyətləri, təcrübələr, tarixi ənənə və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparmaq üçün bir neçə dövlətdən qatılan alimlər açıq söhbət panelinə dəvət edilib. Azərbaycanlı tədqiqatçı öz növbəsində, vətənimizdə tərcümə fəaliyyətlərinin bir neçə əsrlik tarixindən, bu sahədə əldə edilmiş nailiyyət və təcrübələrdən, uzunmüddətli perspektivlərdən, o cümlədən dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğıdan söhbət açıb. E.Mustafayev səmimi söhbət zamanı, xüsusilə AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və burada çalışan bir neçə dil bilən yüksəkixtisaslı kadrlar, həmçinin bu elmi müəssisənin yarıməsrlik tərcümə fəaliyyəti, habelə alimlərimizin müxtəlif dillərdən ana dilimizə tərcümə etdiyi əsərlər haqqında ətraflı məlumatları da paylaşıb.
Daha sonra şərqşünas alim diqqətləri ölkəmizdə ərəb dilindən ana dilimizə edilən tərcümələrə çəkərək, xüsusilə Mirməhəmməd Bakuvinin bu sahədə həyata keçirdiyi tərcümə işləri haqqında lazımi məlumatları iştirakçıların diqqətinə çatdırıb. Belə ki, o, Mirməhəmməd Bakuvinin Qurani-Kərimin tərcüməsi ilə yanaşı, məşhur livanlı mütəfəkkir C.Zeydanın bir sıra əsərlərini ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyini də xüsusi vurğulayıb.
E.Mustafayevin Azərbaycanda həyata keçirilmiş və hal-hazırda davam etdirilən tərcümə fəaliyyətləri haqqında paylaşdığı məlumatlar iştirakçıların marağına səbəb olub.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru