Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) maliyyə dəstəyi ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanı ilə “YAŞAT” Fondu yaradılmışdır. Ötən dövr ərzində Fond əsas missiyasını yerinə yetirmiş, bütün müraciət edən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və əlilliyi müəyyən olunmuş şəxslərə dəstək göstərilmiş, 36.553 müraciət təmin edilmiş, bu məqsədlə Fondun büdcəsindən 75.575.943 manat vəsait təyinatı üzrə xərclənmişdir.
“YAŞAT” Fonduna əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 5,0 (beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.