Avropa İttifaqında Avropa Təhlükəsizlik Şurasının yaradılması müzakirə olunur – Politico

Avropa İttifaqında sammitlərin effektivliyinə dair artan tənqidlər fonunda Avropa Təhlükəsizlik Şurasının yaradılması ideyası fəal şəkildə müzakirə olunur. Bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, yeni struktur xarici siyasətdə qərarların qəbulu zamanı veto hüququndan imtinanın və Avropa Komissiyasının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təşəbbüslərlə paralel şəkildə nəzərdən keçirilir. Planlaşdırılan Avropa Təhlükəsizlik Şurasının müdafiə və böhranlara operativ reaksiya sahəsində yüksək səviyyəli qərarlar qəbul edən bir qurum olması nəzərdə tutulur.
Müzakirələrin əsas səbəbi kimi hazırkı Avropa Şurası mexanizminin çətinlikləri göstərilir. Bildirilir ki, 27 üzv ölkənin liderləri bəzən hətta ikinci dərəcəli məsələlər üzrə razılaşma üçün uzun saatlar sərf edirlər və bu, daha təcili beynəlxalq böhranların fonunda prosesləri ləngidir.
Nəşrin məlumatına görə, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen də Avropanın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsinə çağırış etmişdi.
“Politico” həmçinin qeyd edir ki, Avropa İttifaqı ilkin olaraq iqtisadi birlik kimi formalaşıb və təhlükəsizlik məsələləri əsasən ABŞ-dan asılı olub. Lakin mövcud geosiyasi vəziyyət bu modelin davamlılığını sual altına alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.